Sücəddin Şərifov: «Əgər Ehsan Zahidov qəzeti oxumursa, belə çıxır, naziri oxuyub ona göstəriş verir»
Qəzetimizin bazar nömrəsində polis tərəfindən zorakılığa məruz qalıb öldüyü bildirilən Elvin Əsgərovun yaxınlarının hadisənin təfərrüatları barədə dediklərini və onun döyüldüyünü sübut edən foto şəklini dərc etmişdik.
Qəzetin elə həmin sayında yanvarın 13-də Bakıda Ramin Məhərrəmov adlı şəxsin özünü yandırdığı barədə məlumat yaymışdıq. Özünü yandıran şəxsin anası Hökumə Məhərrəmova bizə bildirmişdi ki, əslən Tovuzdan olsalar da, işlə əlaqədar hazırda Bakıda yaşamaq məcburiyyətində qalıblar. Lakin oğlanları vaxtaşırı rayona gedir. Raminin anası demişdi ki, oğlunun məhkumluğu olduğuna görə rayonda nə baş verirsə, polislər dərhal onu şübhəli şəxs qismində saxlayır: “Hər dəfə gedəndə Tovuz polisləri oğlanlarıma, xüsusilə Raminə göz verib, işıq vermir. Oğlumu o qədər bezdirdilər ki, axırda balam özünü yandırdı”.
Dünən sözügedən hər iki faktla fağlı “Media forum” saytı Daxili Işlər Nazirliyinin mətbuat xidmətinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun cavabı nə belə bir mühüm nazirliyin, nə də hadisələrin miqyasına uyğun olub. Ehsan Zahidov sayta “”Azadlıq” qəzeti “Quran” ayəsi deyil ki, hər yazdığı düzgün olsun. Mən ümumiyyətlə “Azadlıq” qəzetini oxumuram, baş verənləri də elə sizdən eşidirəm. Maraqlanarıq” deməklə kifayətlənib və telefon dəstəyini asıb.
Ehsan Zahidovun “Azadlıq” haqqında dediyi fikirlərə qəzetin redaktoru Sücəddin Şərifovdan münasibət öyrəndik. S.Şərifov bizimlə söhbətində bildirdi ki, E.Zahidovun belə bir fikir bildirməsinə təəssüf edir. “Açığı, onun belə bir fikir bildirməsinə təəssüfləndim. Belə mühüm nazirliyin mətbuatla işləyən adamının ölkənin ən aparıcı qəzetlərindən birini oxumaması hər şeydən əvvəl onun özü və tutduğu post üçün minusdur. Amma mən inanmıram Ehsan müəllim qəzetimizi oxumasın, görünür, arqumenti olmayıb.
Çünki Ehsan müəllim tez-tez bizimlə əlaqə saxlayıb nazirliklə əlaqəli müxtəlif səpkili xəbərlərə münasibət bildirir və biz onun fikirlərini dərc edirik. Əgər indi o, bizim qəzetimizi oxumadığını deyirsə, ona inanmaq məcburiyyətindəyik. Belə çıxır ki, bundan əvvəl də özü oxumayıbsa da, naziri, yaxud rəisi oxuyub ona göstəriş verib. Bizim üçün əsas budur. Nazir oxuyursa, bəsdir”.
Ramin DEKO