Ilham Əliyev qəzəbləndimi?

 

Facebook sosial şəbəkəsində günlərdir “Ilham Əliyev əsəbiləşəndə” başlığı ilə audioyazı fırladılır. Doğrudan da maraqlı səs yazısıdır. Amma ona görə yox ki, ölkə rəhbərinin səsidir, ya da “respublikaya başçılıq edən biri necə əsəbiləşə bilər” sualına orda cavab tapmaq olar. Bu səs yazısının altındakı psixologizm daha maraqlıdır. Səs tonu açıq və aydın göstərir ki, bu onun vəliəhd kimi taxta çıxandan sonra ilk açıq əsəbiləşdiyi məqamdır. Həm də özündən daha güclülərin yanında özündən daha zəifə hücum etməyin ürək döyüntüləri var o səs yazısında. Titrək və nazik səs elektrik buraxılmış naqil kimi insanın qulaqlarında itələyici immunitet yaradır. Adam istəyir ki, bu xırda lent yazısını bir neçə dəfəyə dinləsin. Yəni, birdəfəyə dinləmək böyük fədakarlıq istəyir. Amma sadəcə qan qaraldan bir şey üçün fədakarlığa da dəyməz deyə o səs yazısını iki dəfə dayandırmaqla dinlədim. Indi başa düşdüm ki, niyə məndə şüuraltı olaraq rəsmi qəzetlərə baxmaq istəyi var. Televiziyalardakı səs məni qəzetlərə doğru itələyirmiş.

Siseron deyirdi ki, nəyi demək önəmlidir. Amma onun da yaxşı qarşılanması üçün başlıca meyar “necə deməkdir”. Siyasətlə maraqlanan hər kəs qədim Roma Senatının faydasını anlamalıdır, məncə. Siyasətçilər əsəbiləşmirlər. Onlar qəzəblənə bilərlər. Atalar, qardaşlar, əmilər, oğullar əsəbiləşə bilərlər. Çünki, əsəb insanı məişətdən yuxarı qalxmağa qoymaz. Ilham Əliyev də həmin audioyazıya bir oğul kimi atasını müdafiə edərkən həkk olunub. O, heç bir arqument və əks-arqument səsləndirmədən, dinləmədən tarixçi alimi otaqdan qovursa, deməli, söhbət məhz “ata haqqından gedir”. Qədim Romada belə deyildi… Heç müasir Hindistanda da belə deyil.

Qəzəb siyasətçinin əsl silahıdır. O, gözləri ilə düşmənini, rəqibini məğlub edir. Qəzəbli baxışlar “mən sənin işini bitirdim” mesajıdır. Əsəbi davranışlar isə “mənim sözüm yoxdur, ona görə də qışqırıram, hər kəsi, hətta özümü məhv edə bilərəm”dən başqa bir şey deyil. Ilham Əliyev isə heç vaxt qəzəblənməyib. Qəzəblənmək üçün rəhbər hündür yerdən baxmağı və uzağı görməyi bacarmalıdır. Yaxında olanlara isə ancaq əsəbiləşmək olar… Bu ölkədə əsəbiləşəcək çox adam var, hər gün metroda, müxtəlif icra hakimiyyətləri binasında məmur masaları qarşısında haqsızlığa uğrayaraq əsəbiləşən yüz minlər var. Bizim dövlət başçısı isə özünü yüz minlərdən biri kimi aparır, haqqı tapdanmış kimi… O, öz tapdanan haqqı uğrunda az qala qarşısındakını döymək istəyirdi.. Bu tarixi hadisəni televiziyadan izləyənlər də vardı… Guya onun haqqında “zəifdir” ictimai rəyini dağıtmaq üçün əsəbi tövrünü nümayiş etdirirdilər ki, xalq baxıb desin ki, rəhbər əzazilliyi var bunda…

Ilham Əliyev sonrakı bütün addımlarında sübut elədi ki, o, ancaq əsəbiləşə bilər, qəzəblənmək onluq deyil. Özü barəsində yazılanlara əsəbiləşib jurnalistləri tutdurar, döydürər, daha bir çox metodlara əl atar, adına min söz çıxartdırar.. Amma Ermənistanla 50 illik hərbi müqavilə imzalayan Rusiya prezidentini görəndə təbəssümünü də saxlaya bilməz… Qəzəblənmək anı gəlmişdi… Yəqin lazım gəlməyib…