Ben Əlinin təhlükəsizlik xidmətinin rəhbəri həbs olunub, bir yaxın qohumu bıçaqlanıb, özünün isə portretləri ayaqlar altında tapdalanır
Ekspertlər Tunis modelini avtoritar rejimlər üçün əhəmiyyətli dərs hesab edir
Tunisin prezidenti Zeynalabdin Bin Əlinin ölkədən qaçmasından sonra ölkədə vəziyyət nisbətən sakitləşib. Bütün dünyanın gözü Tunisə yönəlib.
Şəhərin bəzi yerlərlərində isə qarətlər davam edir. Paytaxt Tunisdə Prezident sarayının yerləşdiyi Kartaca küçəsində 56 yaşlı təqaüdçü Fərhad Hafayed deyir ki, qarətlərin konkret hədəfi var, buradakı mülklərin əksəriyyəti keçmiş prezidentə aiddir: “Bu Fransa inqilabına bənzəyir. Bir mərhələnin sonudur sanki. Köklü dəyişiklik gözləyirik. Belə davam edə bilmərik”.
Bəzi şahidlər isə qarətləri devrilmiş Bin Əlinin köhnə tərəfdarlarının törətdiyini deyirlər.
Tunis küçələri portret qalıqları ilə doludur
Xarici KİV məlumat verir ki, Tunis küçələri bir zamanlar hər tərəfi bəzəyən Bin Əlinin portretlərinin parçaları ilə doludur. Tunislilər deyir ki, ərəb dünyasının demokratiya təcrabəsi olmadığı üçün Qərb onlara kömək etmədilər.
Devrilmiş prezidentin komanda üzvləri arasında isə həbs olunanlar var. Onlardan biri Bin Əlinin təhlükəsizlik xidmətinin rəhbəri Əli Şəriətidir. Əli Şəriəti zorakılığa təşviq və milli təhlükəsizliyə təhdiddə günahlandırılır. Dövlət televiziyası “Prezidentin təhükəsizlik xidmətinin rəhbəri, xalq arasında parçalanmaya səbəb olmaq, milli təhlükəsliyi təhdid etmək və tunislilər arasında silahlı qarşıdurmaya yol açmaq maddələri ilə məhkəmə qarşına çıxacaq” xəbərini yayıb.
Bin əlinin bıçaqlanan qohumu öldü
Keçmiş prezidentin yaxın qohumu İməd Trabelsi isə bıçaqlanaraq qətlə yetirilib. O, yaralı halda yerləşdirildiyi hərbi hospitalda keçinib. Hospitaldan deyiblər ki, bıçaqlanan Trabelsi cümə günü ölüb, ancaq onun harada və necə bıçaqlanması haqqında heç bir xəbər yoxdur. Onun ölümü Bin Əlinin çevrəsindən qeydə alınan ilk ölüm hadisələrdən biridir.
İslamçı lider ölkəyə qayıtmağa hazırlaşır
Bu arada Tunisin mühacirətdə olan müxalifət liderlərinin ölkəyə qayıtmağa hazırlaşdığı xəbəri də yayılıb. Onlardan biri – sürgündə yaşayan İslam partiyası Ennahdanın lideri Rəşid Qannuşi ölkəsinə dönməyə hazırlaşdığını deyib. Agentliklərdən birinə verdiyi açıqlamda Qannuşi milli birlik hökümətinin qurulmasında iştiraka hazır olduğunu bildirib. Londonda sürgün həyatı yaşayan Qannuşi “Yaxında qayıtmağa hazırlaşıram” deyib.
Fransada sürgün həyatı yaşayan hüquq müdafiəçisi Kama Cəndubi də Bin Əlinin ölkədən qaçmasından sonra Tunisə dönməyə hazırlaşır. Cendubi Parisdə Orly hava limanında Frans-Press Agentliyinə verdiyi açıqlamda deyib: “16 illik sürgündən sonra çox darıxdığım vətənəminə dönürəm. Bu mənim üçün bir yuxu kimidir”.
1994-cü ildən bəri sürgündə olan və 2000-ci ildən sonra Tunis pasportunu daşıması qadağan olunan Cəndubi 2005-ci ildə atasının dəfn mərasiminə belə buraxılmamışdı.
Ekspertlər Tunis modelinin yayılacağını düşünür
Tunis inqilabı hazırda həm də ekspertlərin dəyərləndirdiyi əsas mövzudur. Ərəb dünyası üzrə ekspertlərə görə, Tunis modeli qonşu avtoritar rejimlərdə yaşayan xalqlar üçün ilham qaynağı ola bilər.
ABŞ-ın Karnegi İnstitutunun Yaxın Şərq üzrə ekspertlərindən Əmr Hamzavi deyib: “Tunisdəki reallıqlar başqa yerlərdə hökm sürür. Mərakeşdən Misirə, İordaniyaya qədər işsizlik, polisin basqıları və anti-demokratik üsullar eynidir. Ona görə də Tunis təcrübəsi bütünlükdə ərəb xalqlarına yayıla bilər. Artıq İraqdakı kimi işğala gərək yoxdur. Avtoritar rejimlər üçün Tunis əhəmiyyətli bir dərs olacaq”.
Hazırladı: Elmin