Sionizm xofu

 

Dini məsələlərin aktual olduğu indiki vaxtda bir məsələ də ictima polemika vaxtı qırmızı xətlə keçir. Bu da sionizm məsələsidir. Bu məsələ demək olar ki, dini şüarların, etirazların mühüm bir komponentidir – harada dini söhbət gedirsə, orada mütləq sionizm və Israil xatırlanır. Mən bunu Iranın təsiri kimi izah edirəm, çünki azərbaycanlılarla yəhudilər arasında nə vaxtsa hər hansı bir problem olmayıb. Amma “sionistlər”, “sionist rejimi ilə əməkdaşlıq” din adamlarının sevimli mövzusudur. Ərazisində heç 50 min yəhudi yaşamayan bir dövlətdə sionizm təhlükəsindən danışmaq nə dərəcədə sağlam məntiqə dəlalət edir? Israildə hələ də öz səfirliyi olmayan bir dövləti sionist rejimi ilə iş birliyində qınamaq ağlabatan ittihamdırmı? Mən kimlərisə müdafiə etmək fikrində deyiləm. Hesab edirəm ki, bu hakimiyyətin çox geniş spektri əhatə edən suçları var və onlardan danışmaq daha məntiqli, həm də daha ədalətli olardı. Bakıda cəmi 30 min dağ yəhudisi yaşayır! Budurmu təhlükə? Bunları yazanda fikrim bir az keçmişə, köhnə Bakıya getdi. Amma əvvəlcə Türkiyə siyasəti ilə bağlı bir neçə cümlə…

Ərdoğanın böyük səhvi

Mənə elə gəlir ki, Yaxın Şərqlə bağlı Ərdoğan o qədər də düzgün siyasət yürütmür. “Qonşularla sıfır problem” konsepsiyası xarici siyasətdə nə kimi üstünlüklərə gətirib çıxardı, bu, ayrıca bir söhbətin mövzusudur. Israil kimi bir dövlətlə münasibətlərin korlanması hər halda yaxşı hal deyil. Axı, nəyin naminə? Monarxist ərəb rejimlərinə və yaxud Irana görəmi? Ərəb rejimləri nə vaxt Türkiyəyə dəstək olublar? Məgər kürdlərin əsas dayaqlarından biri elə Suriya deyilmi?

O vaxtkı Bakı

Məni qınamayın, mənə elə gəlir ki, əsl demokratik dövlət polietnik olmalıdır, əsl böyük şəhərlərdə müxtəlif  millətlərin nümayəndələri (bəlkə də onların ən yaxşıları…) yaşamalıdır. Yox, mən sovet Bakısı üçün başqa mənada heç bir nostalji keçirmirəm. Amma Bakı yəhudilərini kim unudar? Gözəl həkim, gözəl mütəxəssis – yəhudilər haqqında fikirləşəndə ağlımıza gələn ilk detal elə bu olur. Ümumiyyətlə, milli mədəniyyətlərin içində yəhudi elementi olan vaxt onlar daha çox inkişaf edir. Kimlər idi Bakı yəhudiləri? Nobel mükafatı laureatı L.Landau, akademik V.Feynberq, professor S.Pikelner. Mən özümə bəlli olanları sadaladım, başqaları da çox adlar bilir, sadalamağa başlasalar bəlkə də böyük siyahı alınar. Bilirsiniz, şəhər təkcə uca binaları və körpüləri ilə şəhər olmur, şəhər əhalisi ilə, şəhərliləri ilə şəhər olur. Indi əsl şəhərlilər sanki silinib, yoxdur və şəhərlər çox böyük kəndləri xatırladır. Indi əvvəlki Bakıdan bir Rus Dram Teatrı qalıb. Təsəvvür edək ki, o da yoxdur, şəhər çox sönük görünməzmi?  Rəngarənglik gözəldir, mozaika təkcə divarlarda əks olunmamalıdır, cəmiyyətin özünün də sosial mozaikası olur.

Gizli sövdələşmə nəzəriyyəsi niyə bu qədər cəlbedicidir?

Bu sualın dəqiq cavabını heç kim bilmir. Bəlkə ona görə ki, insanların qapalı həyatının və fəaliyyətinin tarixi daha böyükdür, aşkarlığın, demokratiyanın tarixi isə yüz illərlə müəyyənləşir. Dünyanı hansısa gizli qüvvələr idarə edir, böyük gizli sövdələşmələr var – sui-qəsd və yaxud da gizli sövdələşmə nəzəriyyəsinin həvəskarları belə söhbətləri çox sevirlər. Burada həm də bir psixoloji element də var – həmişə nəyinsə səbəbini özündə axtarmaq, özü-özünü təftiş etmək çətin olur, daha asan yol günahı başqalarında axtarmaq, başqalarını təqib etməkdir. “Yəhudilər mədəniyyəti zəbt ediblər!”. Bunu dilə gətirənlər öz tənbəlliklərindən, daha çox bazara və xırda ticarətə meylli olmalarından, bilik yox, diplom dalınca qaçmaqlarından heç vaxt danışmır, bu barədə susurlar. “Yəhudilər bizi və dünyanı idarə edirlər!”. Bunu iddia edənlər bir məsələyə aydınlıq gətirmirlər ki, bəs niyə bizlər özümüzü idarə edə bilmirik? Ona görə ki, seçki ilə maraqlanmırıq, siyasətə tam biganəyik, səsimizi çıxara bilmirik. Əsl səbəblər bunlardır. Təl-Əviv isə adi bir şəhər, adi bir yerdir, deyəsən, elə Bakı tək dənizin sahilində yerləşir. Yəhudilər də adi insanlardır, sadəcə daha çalışqandırlar…