Mədəniyyətimizi itirə-itirə gedirik

 

«Hər özünü hüquq müdafiəçisi adlandıran şəxs hüquq müdafiəçisi deyil»

 

ZƏRİF SİYASƏT

Rubrikamızın budəfəki qonağı tanınmış hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayevadır.

– Azərbaycanda məhkəmələrdə ədalətin olmadığını, bütün məsələlərin telefon tapşırığı ilə həll olunduğunu deyirsiniz. Bəs özünüz necə, rüşvət vermisiniz?

– Belə vəziyyət olub ki, hansısa işin sonunda öz xoşumla hörmət etmişəm. Ancaq kim məndən rüşvət istəyə bilər ki?

“Hakimiyyət daxilində münasibətlər demokratiya üzərində qurulmayıb”

– Ölkədə bütün sahələrdə, o cümlədən insan haqları sahəsində vəziyyət dözülməzdir. Ancaq bütün bu haqsızlıqlara qarşı mübarizə yetərincə deyil. Xüsusilə də qadınlar xeyli passivdir. Bunu nə ilə izah etmək olar?

– Bunun bir çox səbəbi var. Iqtidar Azərbaycanda elə vəziyyət yaradıb ki, bizdə heç bir təbəqənin inkişafına yönəldilən qanunlar işləmir. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğun yerli qanunlar ya işlənməyib, ya icra olunmur, ya da imitasiya xarakteri daşıyır. Avropa Şurası Azərbaycanda Demokratik Institutların inkişafına dair hesabatlarda demək olar ki, hər il  nöqsanları göstərir, onları aradan götürməyi tövsiyə edir. Iqtidar əsasən bu tövsiyələri ya qulaqardına vurur, ya da imitasiya, gözə kül üfürməklə məşğuldur. Bu da Azərbaycan barəsində beynəlxalq aləmdə çox mənfi rəy formalaşdırır. Mən deyə bilmərəm ki, iqtidar strukturlarında islahatlara meylli insanlar yoxdur. Belələri var. Ancaq təəssüf ki, onlar çox deyil və irticaçı qüvvələr bu insanlara qalib gəlir. Bilikli insanlar da var. Lakin onlar biliklərindən cəmiyyətin inkişafı, xalqın rifahı üçün istifadə etmirlər. Yalnız  nöqsanları ört-basdır etməklə məşğuldurlar. Hakimiyyəti təmsil edən və insan haqları sahəsi ilə məşğul olan xanımlarımız Rəbiyyət Aslanova və Elmira Süleymanovanın imkanları çox məhduddur. Hakimiyyət və ona yaxın strukturlarda olan daxili münasibətlər demokratiya üzərində qurulmayıb. Orda özlərinə məxsus spesifik qanunla işləyirlər: müdir həmişə haqlıdır, qurban olaq yuxarıda olanlara, əl əli yuyar, qələt edər kimsə öz hüquqları barədə danışar və s. Ölkəmizdə yaranan vəziyyəti bir çox diplomatlar, ekspertlər orta əsrin feodal münasibətlərinə oxşadırlar. Bir çox problemlər barədə danışmaq olar. Insan haqlarının bərbad vəziyyətə düşməsinin başqa səbəbi azərbaycanlıların arxetipidir: yəni müqavimət meylimizin olmaması. Tarixçi kimi də belə bir qənaətə gəlirəm ki, bizim ölkədə demokratiya mədəniyyətinin tarixi olsa da, inkişafı süni şəkildə dayandırılıb. Indiki vaxtda isə, ümumiyyətlə, mədəniyyətimizi itirə-itirə gedirik. Burada qadınların cəmiyyətin inkişafında rolu barəsində danışmaq olardı. Vətəndaş cəmiyyətində çoxlu qadınlar var və onların, xüsusən jurnalistlərin, qeyri-hökumət təşkilatları nümayəndələrinin, hüquq müdafiəçilərinin fəallığı cəmiyyətə bəllidir. Hakimiyyət strukturlarında isə qadın həddindən artıq azdır. Çünki yuxarı eşalonda hökm sürən münasibətlər o qədər qəlizdir ki, orda təkcə professionallıq tələb olunmur. Ya səmimilikdən uzaq olmalısan, gözə kül üfürməlisən, korrupsiyaya, ədalətsizliyə göz yummalısan, ya da o sistemin oyunçusuna çevrilməlisən. Bununla hər insan razılaşa bilməz.

“Aksiyaya övladımla birgə gedərdim”

– Hökumətin mahiyyətini dəyişmək üçün mübarizəyə ehtiyac var. Ancaq anaların əksəriyyəti övladlarının icazəsiz aksiyalara getməsinə etiraz edir. Hətta hökumətdən narazı qadınlar da öz övladlarını mübarizədən çəkindirir. Bəs Siz öz övladınızı icazəsiz aksiyaya göndərərsiniz, yoxsa əksəriyyət kimi mübarizədən çəkindirərsiz?

– Özüm gedərdim onunla. Ancaq mübarizə təkcə aksiyalardan ibarət deyil. Əsas qanunumuz olan konstitusiya hər bir insana, qrupa dinc, qanuni aksiya keçirməyə icazə verir. Əgər dinc aksiyaya icazə verilmirsə, bu, qanun pozuntusudur. Ancaq başqa tədbirlər də var. Məsələn, sosial tədqiqatlar, əhali arasında sorğunun keçirilməsi, onun nəticələrinin ictimaiyyətə və iqtidara çatdırılması, həmin mövzuya aid  ictimai dinləmələrin, konfransların və başqa tədbirlərin keçirilməsi. Nəhayət, başqa bir üsul hakimiyyətin müvafiq təmsilçiləri ilə vətəndaş cəmiyyətinin ekspertlərinin dialoqunun təşkil olunması. Bunun hansı nəticə verəcəyini indidən demək bir qədər çətindir.

“Huquq müdafiəçiləri hər kəslə dialoqa getməlidirlər”

– Hüquq müdafiəçiləri insan huquqlarını pozan dövlət qurumları ilə daim konfliktdə olurlar. Xüsusilə də hüquq-mühafizə orqanları ilə. Ancaq elə hüquq müdafiəçiləri var ki, bu qurumlarla normal münasibətdədir. Hətta övladları hüquq-mühafizə orqanlarında çalışır. Normal ölkədə bunu normal qarşılamaq olardı. Ancaq unutmayaq ki, bura Azərbaycandır. Polisin dostu olan hüquq müdafiəçisi haqqı pozulan adamı lazımı səviyyədə müdafiə edə bilər?

– Huquq müdafiəçiləri hər kəslə dialoqa getməlidirlər. Əgər kiminsə həyatını xilas etmək lazımdırsa, hətta qorxulu terrorçu ilə də dil tapmalıdır. Polis strukturlarında işləyən normal insanlar var. Lakin bu sözün özü də çox ağırdır. Polis insanların həyatının təhlükəsizliyinə, asayişin qorunmasına qulluq etməlidir. Çox təəssüf ki, bizim təfəkkürümüzdə polis insan haqlarını pozan, kobudluğa yol verən, işgəncə verən, rüşvət alan, abdal və mədəniyyətsiz biri kimi qəbul olunur. Çox heyf ki, polisdə işləyən tanıdığımız yaxşı adamlar barəsində danışanda, sübut etməliyik, belələri də var. Bu çox ağrılı bir amildir. Polisə inam olmalıdır. Inamı, hörməti bu qurum özü qazanmalıdır. Çünki polisin həqiqi rolu insanları canilərdən xilas etməkdir. Bu da çox ağır və qorxulu işdir. O ki qaldı kiminsə uşağı polisdə iş tapıb… Mən belə hüquq mudafiəçisi tanımıram. Həm də onu demək istərdim ki, hər özünü hüquq müdafiəçisi adlandıran şəxs hüquq müdafiəçisi deyil. O adı ona insanlar verirlər.

“İntellektual səviyyənin inkişafı üçün imkanlar yaradılmır”

– Müasir gənclik 20 il əvvəlki gənclərdən xeyli fərqlənir. Dəyişikliklər mənfi istiqamətdədir. Gənclərin bu hala gəlməsində dövlətin, eyni zamanda televiziyanın rolu nə dərəcədədir?

– Bu məsələdə sizinlə tam şərikəm. Gənclərin gələcəyinə təminat vermək üçün dövlət proqramı lazımdır. Bir çoxlarının gələcəyi müəyyən deyil. Əgər imkanlı valideyn öz uşağını xaricə göndərib oxutdura bilmirsə, bunu dövlət fikirləşməlidi. Intellektual səviyyənin inkişafı üçün heç bir imkan yaradılmır. Təhsil çox aşağı səviyyədədir. Dərsliklər səviyyəsiz, maraqsız, natamamdır. Müəllimlərin maaşı o qədər aşağıdır ki, onlar bütün ehtiyaclarını şagirdlərin ailəsi vasitəsi ilə həll edirlər. Bu da qanunsuz hərəkətdir. Uşaqlara və gənclərə yönələn təbliğat inkişafa, mədəni səviyyəyə çox mənfi təsir edir. Azərbaycanlılar barəsində mənfi rəy yaranır.

“Tv-də fitnəkarlığı, xəyanəti müşahidə etmək olar”

– Azərbaycanın bəlli mentaliteti var. Ancaq telekanallarda nümayiş etdirilən filmlərdə bəzən qadının kişini necə aldatmasının, xəyanətin üstünün necə ört-basdır edilməsinin yolları göstərilir. Kifayət qədər müasir qadın kimi bu halları necə qiymətləndirirsiniz?

– Yaxşı insan hər mənada yaxşıdır. Bunun mentalitetə heç dəxli yoxdur. Tv-də fitnəkarlığı, xəyanəti müşahidə etmək olar. Bu, iradəli, mədəni, ağıllı insanın həyata baxışına, həyat tərzinə təsir edə bilməz. Insanın özü, xarakteri, şəxsiyyəti formalaşmayan zamanda, əxlaqsız, naşı, xırdaçılığa yönəldən, dedi-qoduya öyrədən verilişlərin, filmlərin təsiri həddindən çox mənfidir.

– Məsələn, qadının televiziyaya çıxıb özünə həyat yoldaşı axtarması artıq dəb halını alıb. Mentalitetə zidd, hətta bir çoxlarının etirazla qarşıladığı bu vəziyyəti Siz necə qiymətləndirirsiniz?

– Buna normal yanaşıram. Nə mentalitetə, nə də əxlaqa zidd burda nəsə görürəm. Əksinə, təmiz yol ilə evlənmək üçün bir imkandır. Gənclərin imkansızlığı bir çox məsələlərin həllinə mane olur. Ona görə belə imkanı yaradanlara təşəkkür edirəm.

Fizzə Heydərli