Azərbaycandakı son repressiyalara Türkiyədən də sərt reaksiya gəldi
«Zülmlə abadlıq olmaz. Zalımların cavab verəcəyi gün isə çox yaxındır»
Türkiyədə, eləcə də Islam dünyasında tanınan “Konya Inanc Azadlıqları” Ictimai Təşkilatı həftəlik mətbuat konfransı keçirib. Tədbirin buhəftəki gündəmi insanlığa qarşı zülm və işgəncələrlə bağlı olub. Təşkilat əsasən müsəlman ölkələrində dini azadlıqların pozulması, inanclı insanlara qarşı zorakılıq faktlarını araşdırmaq və beynəlxalq təşkilatlara hesabatlar göndərməklə məşğul olur. Mətbuat konfransında Azərbaycanda Islam Partiyasının sədri Mövsüm Səmədovun həbsi də müzakirə olunub.
“Konya Inanc Azadlıqları” Ictimai Təşkilatının təmsilçisi Ərsoy Kağnıcıoğlu Səmədovun həbsini pisləyən bəyanat səsləndirib. O, Azərbaycan hakimiyyətini Islam dünyasındakı diktatorlardan biri olmağı planlaşdırdığını söyləyib: “Sovet Imperiyasının ən yüksək postlarına çatdıqdan sonra Azərbaycana qayıdıb öz diktatorluğunu yaradan Heydər Əliyevin oğlu Ilham Əliyev atasının oğlu olduğunu göstərib Islama və müsəlmanlara qarşı təzyiq və zülm edir. Onun bu hərəkətlərinin sərhədi yoxdur. Məscidləri sökdürüb, yenidən inşasına icazə verməməklə zülmün zirvələrinə doğru addımlayan Ilham Əliyev müsəlmanın namus simvolu hicaba qadağa qoyulmasına imkan yaradır. Bu da Ilham Əliyevin zülmkarlığının daha da artdığını göstərir”.
Təşkilatın bəyanatında bütün diktatorların sonunun digər zalımlarla eyni olacağı da vurğulanır. Ərsoy Kağnıcıoğlu Azərbaycanda zülmə qarşı dirəniş göstərən insanların yanında olduqlarını və dəstəklədiklərini bildirib: “Bütün qardaşlarımızı salamlayır və dəstəyimizi bildiririk. Azərbaycan Islam Partiyasının sədri Mövsüm Səmədovun sağlıq durumu haqqında ictimaiyyətə dərhal məlumat verilməlidir. Əgər o, şəhid edilməyib həbsdə saxlanılırsa, dərhal azadlığa buraxılmasını tələb edirik. Ədalət mübarizəsi aparanlar, yer üzünün rifahı üçün çalışanlar, zülmə və zalıma qarşı çıxanlar yalnız deyil. Heç bir təzyiq onları yolundan döndərə bilməyəcək. Təzyiq və təhdidlərin kimlər tərəfindən qaynaqlandığını bilirik. Zülmlə abadlıq olmaz. Zalımların cavab verəcəyi gün isə çox yaxındır. Həmin gün onların etdikləri zülmlərinin qarşılığı zülmlərindən daha şiddətli olacaq”.
İnformasiya şöbəsi