Tunisdə inqilab reperlərin rəhbərliyilə başlandı
«Vətənin haradan başlanmasının nə fərqi var, onsuz da, o, bu gün-sabah qurtarır»
Tunisdə prezidenti ölkədən qovdular. Prezidentin ölkədən qovulması prosesi 27 gün çəkdi. Belə ki, Tunisdə etiraz hərəkatı 2010-cu il dekabrın 17-dən başlamışdı. Həmin gün küçədə “lisenziyasız” göyərti satan bir nəfəri polis güllə ilə vurub öldürmüşdü. Bu hadisədən sonra ölkənin paytaxtında kütləvi etiraz dalğası başlandı. Tunisdə, hətta göyərti satmaq üçün də verilən lisenziyaya görə iri rüşvət ödəmək lazım idi.
Etiraz hərəkatı paytaxtın Ettadamen rayonundan, 1000 nəfərə qədər narazı insanın yürüşü ilə başlayıb. Get-gedə sıraları artan narazıları həmin gün dağıtmaq mümkün olmayıb. Narazı kütlənin spontan lideri isə reperlər – “General” ləqəbli Xamad Ben Amor, Malik Kemiri və Lak Zu olub. Hər üç reper Tunisdə korrupsiya və totalitarizm əleyhinə nəğmələrin müəllifi kimi məşhurdur. Xüsusilə, “General”ın “Prezident, sənin xalqın ölüdür!” mahnısı ən populyarlardan olub.
***
Tunisin devrilmiş prezidenti 1989-cu ildə üç əsas şüarla prezident seçkisinə qatılıb:
– istehsalın və ölkəyə kapital qoyuluşunun artırılması;
– milli istehsalın ixracatının artırılması;
– işsizlər üçün iş yerlərinin açılması.
Prezident Ben Əli 2002-ci ildə Tunisdə referendum keçirərək Konstitusiya ilə prezidentin 3 dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyəti və yuxarı 75 yaş senzini ləğv etdi. 2009-cu il oktyabr ayının 25-də keçirilən prezident seçkisində isə Ben Əli özü üçün 90 faiz seçici səsini təmin etdi və beşinci dəfə prezident seçildi.
***
Göyərti satanın öldürülməsi ilə başlayan etiraz hərəkatı prezident Zeyn-əl Abidin Ben Əlinin korrupsiyalaşmış klan hakimiyyətinə qarşı etiraz çağırışları ilə siyasi rəng aldı. Ben Əli Tunisdə “Trabelsi” adlanan klanın şəriksiz hakimiyyətini yaratmışdı. Bu klanın liderləri isə Ben Əli və onun Leyla adlı arvadı idi.
Xatırladaq ki, son zamanlar Tunis ərəb ölkələri arasında “sabitlik vadisi” kimi tanınır və qəbul edilirdi. Ölkədə güclü hakimiyyət və siyasi situasiyaya tam nəzarət edən güc strukturları vardı.
Güc strukturları profilaktik inzibati terrorla və şpionomaniya yaratmaqla məşğul idilər. Əhali isə tamamilə qeyri-siyasi və ölkədə baş verənlərə qarşı biganə görünürdü. Ben Əlinin inzibati aparatının casusları ölkəni əməlli-başlı vətəndaş cəhənnəminə döndərmişdilər: rejim əleyhinə danışanlar xüsusi olaraq qeydə alınır, daha artıq fəallıq edənlər isə müxtəlif uydurma ittihamlarla həbsxanalara atılırdılar.
Dünyanın bütün avtoritar ölkələrində olduğu kimi, Tunisdə də bütün hakimiyyət prezidentin əlində cəmləşmişdi. Parlament prezidentin dəftərxanası kimi bir şeyə çevrilmişdi. Məhkəmə hakimiyyəti isə prezidentin əlində siyasi opponentlərinə qarşı “dəyənək” funksiyasını yerinə yetirirdi, adi hallarda isə rüşvət piramidasının elementi idi.
Tunisin əsas gəliri turizm və neft sektoru sayılırdı. Hakim klanın bütün sərvətləri də bu sahələr üzərində birmənalı monopoliyanın saxlanması yolu ilə yaranmışdı.
Amma inqilab inqilabdır və ölkənin bütün sərvətlərini mənimsəyərək, qeyri-məhdud hakimiyyət əldə edən Ben Əli bir göyərti satanın – ölkənin ən kasıb adamlarından birinin öldürülməsi nəticəsində yaranan iğtişaşlarla hakimiyyətdən qovuldu. Xalqdan oğurladığı milyardlar bu prosesin qarşısını ala bilmədi…
***
Onu da qeyd etmək lazımdır ki, Tunisdə müxalifəti tamamilə sıradan çıxarmaq mümkün olmamışdı. Son zamanlar isə müxalif fikirli mərkəzlərin bir qədər fəallaşdığı və təşkilatlandığı aşkar hiss edilirdi. 2004-cü ildə keçirilən parlament seçkilərini isə müxalifət boykot etmişdi. Hərçənd, Tunis inqilabı müxalifətin təşkil etdiyi hansısa planlı etiraz aksiyalarının nəticəsində baş vermədi. Amma bütün hallarda, cəmiyyətdə müxalif fikrin tamamilə məhv olmaması narazılıq elementlərini daimi olaraq formada saxlayırdı.