Cinayətkara qarşı cinayət etmək olarmı?

Günahsız adamların həbsindən, cəzalandırılmasından az qala hər gün yazırıq. Ümumiyyətlə, bu cür olaylar bizim ölkəni ədəbiyyata çevirib. Bədii əsərlərdə də belə süjetlər yaratmaq çətin olardı. Bir hadisəni tez-tez yada salıram, amma tez-tez yada salınası hadisədir. Gəncədə bir sakini qətlə görə həbs ediblər, onun “öldürdüyü” adam isə sağdır. “Ölənin” anası car çəkir ki, ay kişilər, oğlum ölməyib, Rusiyadadır. Kimdir onu eşidən və işin sonuna gedən. Qatil var, qətl yoxdur.

Bir ailə Daşkəsəndə sovet dövründə erməniyə məxsus olmuş boş evə sığınıb, illərdən sonra isə məhkəmə qərar çıxararaq, evi başqasına verib. Vətəndaş soruşur ki, o mənzil mənim deyil, bilirəm, amma məndən alıb verdikləri adamın da deyil axı?!

Fəqət, bizdə təkcə günahsız adamların başına işlər gəlmir. Məhkəmə, polis, prokurorluq, cəzaçəkmə müəssisələrində, hətta günahkarlara qarşı yolverilməz əməllər bitib-tükənmir…

Elvinin ölümü

Iki gün öncə baş verən hadisəyə qayıdaq. Polis əməkdaşlarının işgəncə ilə öldürdüyü paytaxt sakini Elvinin onlardan birinə xətər yetirdiyi güman edilir. Əvvəlcə xəbər yayılmışdı ki, o, polisləri bıçaqlayıb. Nədənsə bıçaqlananlar heç xəstəxanada deyillər, bircə günə sağalaraq evə gediblər. Amma 31 yaşlı Elvin ölüb. Onun meyitinin fotosuna baxmaq hər şeyi deyir. Olmazın işgəncələr verilib. Bir nəfər “Yeni Müsavat” qəzetinin redaksiyasına zəng edərək hadisə ilə bağlı şahid olduqlarını danışıb: “Onu 25-ci polis bölməsinin arxasındakı 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində 8 polis əməkdaşı ”dubinka” ilə vəhşicəsinə döyürdü. Sonradan telekanallarda vicdansızcasına dedilər ki, guya həmin oğlan qaçıb, yıxılıb və ölüb. Axı belə olmayıb. O, bir polis əməkdaşını boğazından yaralamışdı. Polislər həmin yaralını təcili yardıma boğazını sarımağa gətirmişdilər. Həmin oğlanı stansiya qəbul etmədi. Onu həyətdə elə döyürdülər ki, bütün ətrafdakı binaların sakinləri, orada əsasən 2 mərtəbəli evlərdə qaçqınlar yaşayır, hamı çıxıb baxırdı. Heç kim qorxusundan yaxın getmirdi. Bununla bağlı 102 xidmətinə zəng etdim. Dedilər ki, biz belə məlumatları götürmürük. Nizami Rayon Prokurorunun köməkçisinə də məlumat verdim, amma o da biganə yanaşdı. Ona sual etdim ki, sizin ananız, bacınız, atanız, qardaşınız yoxdur? Əgər kiminsə hansısa qanunsuz hərəkəti varsa, bunun üçün prokurorluq, məhkəmə var. Əgər polis qanunsuzluq edənə “samasud”la məşğul olacaqsa, daha prokurorluğa, məhkəməyə nə ehtiyac var?”

Elə məsələ də ondadır. Tutaq ki, Elvin cinayət törədib, məgər onu öldürmək olar? Ona işgəncə vermək olar? Bu ki cinayətdir…

Təhlükəlidirsə, şərləmək olar?

Islam Partiyası fəallarının həbsi zamanı hakimiyyət elə bir təəssürat yaradır ki, bəs çox təhlükəli qüvvələri zərərsizləşdirir və istədiyi kimi hərəkət edə bilər. Görəsən, partiya sədrinin Ilham Əliyevi hədəfə alan çıxışına qədər bu qüvvə niyə təhlükəli sayılmırdı?! Amma gəlin fərz edək ki, bu və ya digər təhlükəli qüvvəni zərərsizləşdirməyə ehtiyac var. Bəs bu zaman yol verilən qanunsuzluqlar, özbaşınalıqlar nəyə lazımdır? Kim buna icazə verir?

Bəzilərinə elə gəlir ki, əgər qüvvə, ya konkret bir adam, hakimiyyətin dediyi kimi, təhlükəlidirsə, onunla istədiyin kimi davranmaq olar. Guya bu, cəmiyyətin xeyrinədir. Amma belə səlahiyyət xeyirli olsaydı, qanunda əksini tapardı, normal dövlətlər isə bu təcrübənin kökünü kəsməzdi. Hətta cinayətkara qarşı qanunsuz əməllər istənilən halda cinayətkarın özünə mənəvi üstünlük qazandırır. Cinayətkar qurbana çevrilir.

Üstəlik, kimisə haqsız tutursansa, kimisə həbs edərkən qanunsuz addımlara yol verirsənsə, deməli, tək qurbanları deyil, bütöv bir cəmiyyətin həyatını korlayırsan. Cəmiyyəti ədalətsizlik bataqlığına salırsan. Ölkəni özbaşınalıq mühitinə çevirirsən.

Dostoyevskinin sirri

Dostoyevski niyə böyük yazıçı sayılır?! Bəşəriyyətə ciddi tərəddüd edilən dəyərlərin arasında seçim etməyə yardım edə bildiyi üçün. Yazıçı “Cinayət və cəza” əsərilə sübut etdi ki, hətta yaxşı məqsədlərə xidmət edən pis əməllər, cinayətlər fayda gətirmir…