Arif Hacılı partiyadan gedənləri ittiham etd

 

«Müsavat Partiyasında bir növ təmizlənmə prosesi gedir»

 

Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatından istefa verən 15 nəfərin gətirdiyi arqumentlərlə partiya rəhbərliyi razılaşmır. Qeyd edək ki, Sumqayıt şəhər təşkilatından istefa verənlər bu addımlarını partiyanın siyasi kursu ilə razı olmadıqlarına görə atdıqlarını bildirirlər. Yəni, Müsavatın AXCP ilə birləşmə məsələsində tutduğu mövqeyə etiraz edirlər. Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbasov isə istefalarda keçmiş Məclis sədri Sülhəddin Əkbərin təsirinin olmasını istisna etməyib.

Müsavat Icra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, partiyadan 15 nəfər yox, bir-neçə nəfər istefa verib. Sadəcə olaraq baş verən hadisədən Müsavat Partiyasına qarşı istifadə edirlər: “Son zamanlar Müsavat Partiyasına daxil olanların sayı onu tərk edənlərin sayından qat-qat çox olub. Düşünürəm ki, hakimiyyətin müxalifəti, Müsavat Partiyasını siyasi səhnədən silməyə çalışdığı, demokratik qüvvələri parlamentdən kənarda qoyduğu bir şəraitdə partiyanı tərk edənlərin mənəvi keyfiyyəti ilə ora daxil olanların mənəvi keyfiyyəti arasındakı fərqi hamı anlayır. Hazırda Müsavat Partiyasında bir növ təmizlənmə prosesi gedir”.

Sumqayıt şəhər təşkilatının sədri F.Abbasovun son istefalarda S.Əkbərin təsirinin olmasını deməsinə gəlincə, keçmiş müsavatçı bunu təkzib etdi. Onun sözlərinə görə, əksinə o, bu proseslərdən xəbər tutduğu zaman istefaların baş verməsinin qarşısını almağa çalışıb: “Mənim mövqeyim aydındır. Müsavat Partiyasından kiminsə mənə görə istefa verməsinin əleyhinə olmuşam. Bildirmişəm ki, AXCP ilə birlik tərəfdarı olan qüvvələr qurultayda mövqelərini ortaya qoyaraq birliyə səs versinlər. Mən bu addımın qarşısını almağa çalışdığım zaman artıq dostlarımız bəyanatlarını vermişdilər”. Təşkilatdan istefa verən Kəramət Salayevin son parlament seçkisi zamanı onun səlahiyyətli nümayəndəsi olduğunu təsdiqləyən S.Əkbər vurğuladı ki, istefa verən şəxslə onun siyasi baxışlarının üst-üstə düşməsində qeyri-adi heç nə yoxdur.

Xəyal