Dostumuz və Qibleyi-aləm Ilham müəllimin Nazirlər Kabineti ilə keçirdiyi geniştərkibli iclas başqa iclaslarından fərqlənmədi. Yenə də hər şeyin gözəlləşdiyini, Azərbaycanın çiçəkləndiyindən danışdılar. Onun keçirdiyi müşavirələri bir ad altında ümumiləşdirmək təklif edilsəydi, mən “Qatığın qara olduğunun əsaslandırılma cəhdləri” variantını seçərdim.
Ilham Əliyev sanki qarşısına məqsəd qoyub. O, qatığın qara olduğunu sübut etmək üçün elə səylə, elə şövqlə çalışır ki, adam heyrətlənməyə bilmir. Bu ideya onun ağlına harda gəlib, ilahi?
Təbiətə qarşı bu qədər inkarçı mövqe seçmək, sözün əsl mənasında axına qarşı üzmək qibleyi-aləmi heç yormur. Bizsə yorulduq. Mənim lap taqətim kəsildi, düzü. Insan nə qədər yalan eşidər, nə qədər rəqəmlərlə qidalanmaq olar?
Görəsən, prezident aparatında hansı sehrli atmosfer var ki, ordakılar “inkişaf” nağılları ilə insanları tovlaya biləcəyini düşünür. Bəyəm bunu anlamaq çox çətindir ki, teleekran sönər-sönməz hamı evdəki, işdəki problemi ilə əlbəyaxa olur. Onda isə Ilham Əliyevin boz çıxışları heç kimə güc, təpər vermir…
Ən pisi odur ki, ənənəvi nağıllardan fərqli olaraq Ilham Əliyevin nağılının sonunda göydən alma da düşmür.
Bakının bir-iki küçəsinə çilçıraq düzüblər, elə bilirlər ki, daha Azərbaycanı da ağ günə çıxarıblar.
Bu yaxınlarda Sahilə Ibrahimova adlı gənc bir xanımın “Varlı kişinin portmanatı” adlı kitabı çıxıb. Kitabdakı mətnlərdən müəllifin demokratiya düşməni olduğu anlaşılır. Onun demokratiya haqda təsəvvürləri təxminən Ramiz Mehdiyevinkinə bənzəyir. Buna baxmayaraq Sahilə xanım kitabında Azərbaycanın inkişafını çox gözəl bir cümlə ilə ifadə edib. Yazıb ki, Bakıda hər gün aparılan təmirlər ağılsız qızın günü-gündən gözəlləşməsinə bənzəyir.
Iclasda məni daha çox qəzəbləndirən gənclər və idman naziri Azad Rəhimovun çıxışıdır. Adamın bütün çıxışı turniklərə, boks rinqlərinə, güləş döşəklərinə, idman komplekslərinə həsr olunub. Bu adama kim başa salsın ki, o, idman naziri deyil, yaxud təkcə idman naziri deyil. Və ya Azad müəllimə necə anladaq ki, gənclərin hamısı idmanla məşğul olmur. Yüz minlərlə gənc idmana, ümumiyyətlə, nifrət edir. Bəs onların dərd-səri ilə kim məşğul olmalıdır?
Olimpiya komplekslərini bəzi yerlərdə ot basıb, bəzilərindən isə onlar sadəcə hotel kimi istifadə olunur. Bu iki variantın heç biri üçün yaranmayan kompleksləri isə hökumət bekar vaxtında korrupsiya layihəsi kimi çalışdırır. Məsələn, Şamaxıdakı kimi; tikir, qırmızı lentini kəsir, il yarımdan sonra isə söküb yenidən tikinti işlərinə başlayır. Bunların hamısı bizə bəllidir, ancaq nə olar ki, idmandan gopladığı kimi, cənab nazir gənclərin əzələ gücündən başqa cəhətlərindən də qırıldadaydı…
Məsələn, demək olmazdımı ölkə gəncləri çörək yemək istəyir, nisyə siqaret almaq istəmirlər və s.
Bu ölkənin daş karxanalarında, qərib ellərdə, qul bazarlarında ömürləri çürüyən gəncliyi var. Onları görmək lazımdır. Onların problemlərindən danışmaq lazımdır.
Yazının bu yerində yazdıqlarım özümə gülünc gəldi. Iki il əvvəl gənclər “Gül bayramı”na etiraz aksiyası keçirərkən polis bir tələbə qızın saçından yapışıb onu sürüyürdü. Sahil bağındakı bu dəhşətli mənzərə nazir Azad Rəhimovun gözləri önündə baş verirdi. Biz jurnalistlər həmən Azada yaxınlaşıb baş verənlərə reaksiya verməyini istədik. O, özünü görməməzliyə vurdu, bir metrliyində polisin etdiyi vəhşilikdən xəbərsiz olduğunu dedi.
Bütün bunlara görə Azərbaycan hakimiyyətini heç bir islahatın rəndələyəcəyinə, insani hala salacağına, onu pəhrizkar və tamahdan uzaq edəcəyinə zərrə qədər inamım yoxdur. Onları, bu kobud və harın zümrəni sadəcə yola salmaq lazımdır…