Sumqayıt Hadisələrini kimlər törədib…

Sumqayıt, 1963-cü il: «Biz milli dövlət qurulmasını tələb edirik!»

 

Xruşşova qarşı Stalini çıxaran sumqayıtlılar nə istəyirdilər?

Amma məsələ heç də qısqanclıq üstündə baş verməmişdi… 1963-cü il noyabr ayının 10-da Moskvada nəşr olunan qəzetlər “7 noyabrın bayram edilməsi haqqında” Sov. IKP MK-nın məlumatını dərc ediblər.  Azərbaycan respublikasının Sumqayıt şəhərində “müqəddəs” bir gündə-1963-cü ilin 7 noyabrında Nikita Xruşşov hakimiyyəti dövrünün ən böyük kütləvi ixtişaşlarından biri baş verib. Həmin gün zəhmətkeşlər, səhər saat 10-00-da şəhərin baş meydanına axışırdılar. Kürsüdən zəhmətkeşləri salamlayan, alqışlayan çağırışlar eşidilirdi. Inanılmış Leninçi Nikita Xruşşova beynəlmiləlçi şəhərin salamları ayrı-ayrı müəssisələr adından çatdırılırdı. Leninçi rəhbər mədəniyyət evindən asılmış böyük portretdən sumqayıtlıları salamlayırdı. Hər şey öz qaydasında gedirdi, dəfələrlə bunun üçün məşqlər edilmişdi. Ancaq rəsmi nümayişin ssenarisi qəfildən dəyişdi… yerli hakimiyyət nümayəndələri stalinizmdə təqsirləndirilməsinlər deyə xalqın ənənələrini pozmaq qərarına gəldilər. Moskvada elita Xruşşovu təriflədiyi bir zamanda sumqayıtlılar öz “kumirlərinə” – Stalinə rəğbətlərini gizlətməmək qərarına gəlmişdilər.

Əvvəli ötən sayımızda

Stalinçi sumqayıtlılara qarşı “divar”

Istintaqın nəticələri barədə SSRI baş prokuroruna məlumat verən Azərbaycan prokuroru S.Əkbərov yazırdı: “Sumqayıt şəhərində birinci dəfə deyil ki, Stalinin  portreti nümayişlərə gətirilir. Belə hallar 1962-ci ilin may, 1963-cü ilin may və noyabr nümayişlərində təkrar olunmuşdur. Nümayişçilər Stalinin kiçik şəkillərini meydana gətirirdilər, buna görə də onlara heç kim mane olmurdu”.
Bəlkə də Stalinin şəxsiyyətə pərəstişinə qarşı olanlar Xruşşovun siyasətini bəyənmirdilər. Şəhər rəhbərləri bir daha bu nümayişçilərin “Stalin məhəbbəti”nə son qoymaq qərarına gəldilər. Onlar nümayişçilərə qarşı Stalinin metodları ilə mübarizə aparmaq qərarına gəldilər. Milis işçilərinə, drujinaçılara və dəstələrin keçidinə məsul olan məmurlara Stalinin şəkillərini meydana buraxmamaq əmri verildi.

Onlar “dahi rəhbər”in şəkillərini daşqalaq etməyə başladılar

Saatlar 11:30-u göstərirdi. Nümayişin başa çatmasına az qalırdı. Birdən meydanda şuluqluq başladı. Mənbələrin məlumatlarında hadisənin necə başlaması ilə bağlı müxtəlif səbəblər gostərilir. Onların bir çoxu bu fikirdədir ki,  iğtişaşlar bir necə yerdə başlayıb. Prokuror Əkbərovun məlumatına görə, iğtişaşların başlamasına səbəb nümayişçilərin birinin əlindən Stalinin gözəl işlənmiş portretini almaq cəhdi olub. Trestlərdən birinin partiya komitəsinin katibi Ərşad Kərimov güclə portreti nümayişçinin əlindən almağa cəhd göstərib. Digər nümayiş iştirakçıları ona müqavimət göstəriblər. Hüquq-mühafizə orqanlarının başqa bir versiyasına görə, nümayiş qurtarandan sonra meydanı tərk edən maşınların birinin damına şəxsiyyəti müəyyənləşdirilməyən bir oğlan qəflətən tullanaraq  əlindəki Stalinin şəklini yelləməyə başlayır. Drujinaçılar gənci qanunlara əməl etməyə dəvət etsələr də, bir nəticə vermir. Asayiş keşikçilərinin bu çağrışına razı olmayan 100 nəfərə qədər nümayişçi ilə drujinaçılar arasında dava düşür. Qarşıdurmaı Stalin haqqında şüarlar və çağırışlar müşayiət edirdi. Amma o tərəf-bu tərəfə qaçan milislər səs gücləndiricinin mənbəyini tapa bilmirdilər. Əhali onların yolunu kəsirdi. Kürsüdən asılan, gülümsəyən Xruşşovun portretini daşqalaq etməyə başladılar. Stalinin hardansa tapılmış böyük şəklini kürsü önünə asdılar. Su kəməri idarəsinin 24 yaşli çilingəri Miriş Əlmirzəyev (O, orta məktəbi qurtarmışdı, həbs edilməmişdi, iki uşaq atasıydı) şalban daşıyan siyasi büro üzvlərinin, baş katib Xruşşovun bayramsayağı bəzədilmiş şəkillərini çəkiclə qırıq-qırıq edib ayaqlar altına atdı. Ona bu işdə yaşayış yeri məlum olmayan 23 yaşlı Yaşar Mahmudov kömək etdi. Yaşar Mahmudov bununla kifayətlənmədi, milis zabitini döyənlərin cərgəsinə və Xruşşovun şəklini daşa basanlara qoşuldu. 25 yaşlı fəhlə Nikolay Şevçenko şalban daşıyan maşından portreti cırıb yerə atdı və yaxınlıqdakı polis kapitanını döyənlərə kömək etdi.

Şəhər rəhbərliyi ayaqlar altında qaldı…

Daş yağışından qorxuya düşən şəhər rəhbərliyi kürsüdən qaçaraq kütləyə qarışdılar. Onlardan kimlərsə kütləni sakitləşdirməyə çalışdı. Amma bu, mümkün olmadı. Bəzi rəhbərlər ünvansız atılan yumruqların qurbanı oldu. Onların arasında əzilənlər və yaralananlar da vardı. Şəhər milis idarəsi rəisinin müavini Kildaşvilini iki naməlum adam avtobusa mindirərək milis idarəsinə apardılar. Bu avtobusun damına çıxan 23 yaşlı bənna Ənvər Mahmudov (onun 7-ci sinif təhsili vardı, mühakimə olunmamışdı) Sov. IKP MK rəhbərlərini və sovet hakimiyyətini devirməyə çağırdı. Başqa bir qrup isə o vaxt yalnız yaşlı adamların eşitdikləri adları çığırırdılar. “Bizim öz milli dövlətimiz olmalıdır”, deyirdilər.

Nümayişçilər milis idarəsinə girib dustaqları azad etdilər

Avtobus milis idarəsinin binasına yaxınlaşanda talanlar başladı. Kütləyə elə gəldi ki, Kildaşvilini müşayiət edən naməlum şəxslər həbs olunub. Onlar öz yoldaşlarını xilas etmək üçün binaya daxil oldular. Təcridxananın qapılarını sındırdılar və içəridə olanları, o cümlədən nümayişə dəxli olmayan dustaqları da buraxdılar. Binanın çölündəkilər isə milislərə daş atmağa başladılar. Həyətdəki milis motosikleti yandırıldı, iki maşın əzildi. Milislər havaya atəş açmağa başladılar. Lakin binadan 100-150 metr aralıda dayanan 20 yaşlı Eyvaz Eyvazov güllə yarası aldı. Onu kimin yaraladığını müəyyən etmək mümkün olmayıb.

Istintaqı Azərbaycan “KQB”-si aparıb

Iğtişaşlar Bakıdan xüsusi milis alayı gətiriləndən sonra yatırıldı. Saat 14:30-da şəhərdə asayiş təmin olundu.
Istintaqı Azərbaycan “KQB”-si aparıb. Altı nəfər üç ildən altı ilə kimi azadlıqdan məhrum edilib.
Prokuror S. Əkbərov həbs edilənlərin kimliyi barədə məlumat vermir, iğtişaşın təşkilatçılarının olub-olmaması da məlum deyil. Çünki həbs olunanlar Xruşşovun şəklini daşa tutanlardır.

Mixail Qorbaçov 1963-cü il hadisələri ilə tanış edilir

1988-ci il Sumqayıt hadisələrindən sonra SSRI KQB-sinin sədri Çebrikov baş katib M.Qorbaçov üçün “1957-1987-ci illərdə SSRI-də baş verən kütləvi iğtişaşlar” haqqında arayış hazırlayır. Bu arayışda Sumqayıtda baş verən 1963-cü il iğtişaşı da göstərilib. Arayışda yazılıb: “Azərbaycan SSR, Sumqayıt şəhəri. Oktyabr inqilabının 46-cı ildönümünə həsr edilmiş nümayiş zamanı 800 nəfərdən artıq nümayişçi Stalinin şəklini aparanların müdafiəsinə qalxmışlar. Milislər və drujinaçılar qanunsuz şəkilləri almağa çəhd göstərmişlər. Qarşıdurma zamanı silah işlədilmiş, ölən olmamış, bir nəfər yaralanmışdır. Altı nəfər həbs edilmişdir”.

Vəli Axundovun Türkiyə səfiri ilə görüşü…

Biz bir çox mənbələri araşdırarkən maraqlı bir faktla rastlaşdıq. 1967-ci ildə erməni kommunistlərinin lideri Koçinyan Vəli Axundova məktub yazaraq Qarabağ məsələsi ilə bağlı onunla görüşməyi təklif edir. Görüş məsələsi göydən düşməmişdi, bu məktubdan bir qədər əvvəl Sov.IKP MK Azərbaycan və Ermənistan tərəfə məsləhət bilmişdi ki, Dağlıq Qarabağın problemlərinin həlli ilə bağlı birgə komissiya yaratsınlar. Vəli Axundov Koçinyanın təklifini qəbul edir, amma görüşü bir qədər sonraya saxlamağı məsləhət görür. Birinci katib bunu ezamiyyətə getməsi ilə əlaqələndirir. V.Axundov məzuniyyətini Rumıniyada-Konstansedə  keçirir. O, burada Türkiyənin səfiri ilə görüşür və yaranmış vəziyyətlə bağlı ona məlumat verir. Erməni mənbələri V.Axundovun bu planı qabaqcadan düşündüyünü və məsələni müzakirəyə çıxarmamaq üçün belə addım atdığını yazır.

“Tatar-Başqırd Respublikası” ideyası necə doğulmuşdu?

Bir müddət sonra ölkədə yayılan bir şayiə görüş məsələsini unutdurdu. Elə bu ərəfədə Tatarıstan Muxtar Respublikasının birinci katibi Moskvaya məktub yazaraq Tatarıstanla Başqırdstanın birləşdirilərək Tatar-Başqırd Sovet Sosialist Respublikası yaradılmasını təklif edir. Beləliklə, Kreml çox adi, amma təsirli bir variantla məsələni sakitləşdirir. Elə həmin ərəfədə N.Xruşşov Türkiyədə çıxan “Hürriyyət” qəzetinə müsahibə verir və Atatürkü Şərqin, o cümlədən dünyanın ən böyük siyasətçilərindən biri adlandırır. 

(ardı gələn sayımızda)