Lukaşenko da Əliyevsayağı davrandı

 

Belarusun rəsmi qəzeti Qərbin ünvanına sərt ittihamlar səsləndirdi

 

Belarus prezidenti Aleksandr Lukaşenko Avropa Birliyinin ona qarşı sərt sanskiyalar qəbul etməyə hazırlaşdığını bildiyi üçün “ən yaxşı müdafiə hücumdur” taktikasını işə salıb. Bütün avtoritar rejimlərin hakim olduğu ölkələr kimi, Lukaşenkonun 17 ildir hökmranlıq etdiyi Belarus da çoxdandır ki, Qərb dünyasının “qara siyahısı”na daxildir.

Ötən il dekabrın 19-da keçirilən prezident seçkisindən sonra Lukaşenkoya qarşı sərt addımların atılacağı şübhəsiz idi. Kütləvi saxtakarlıqla müşayiət olunan seçki Qərb dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların qınaq obyektinə çevrildi. ABŞ başda olmaqla, Qərb dünyasının bir neçə ölkəsi, eləcə də ATƏT və Avropa Birliyi seçkinin nəticələrini, o cümlədən Lukaşenkonun legitimliyini tanımaqdan imtina etdi.

Bundan sonra Belarus prezidentinə qarşı sərt qadağaların qəbulu məsələsi gündəmə gəldi. Artıq Avropa Birliyi Lukaşenko əleyhinə sanksiyaların qəbulunu bu ayın sonlarında müzakirəyə çıxaracaq. Bu ərəfədə Belarusun Prezident Administrasiyasının mətbu orqanı “Sovetskaya Belorusiya” qəzetində Avropanın aparıcı ölkələri, ümumilikdə isə demokratik Qərb dünyası kəskin tənqid olunub.

Rəsmi dövlət qəzetində dərc olunan məqalədə bildirilir ki, Avropa ölkələri olan Almaniya və Polşanın xüsusi xidmət orqanları ötən il dekabrın sonlarına yaxın müxalifət təmsilçilərinin Minskdə keçirilən kütləvi etiraz aksiyalarının təşkilində yaxından iştirak edib. Qeyd edək ki, ötən il dekabrın 19-da baş tutmuş prezident seçkisindəki saxtakarlıqlara etiraz əlaməti olaraq, Belarus müxalifəti paytaxt Minskdə kütləvi aksiyalar keçirmişdi. Aksiyalar zamanı müxalifət nümayəndələri, eləcə də prezidentliyə keçmiş namizədlərə qarşı güc işlədilmiş və onlar həbs olunmuşdu.

Lukaşenko administrasiyasının qəzeti Avropa Birliyinə üzv ölkələrin Belarusdakı səfirliklərinin də ünvanına sərt ittihamlar səsləndirib. Qəzet onları ölkədə iğtişaşları və hakimiyyət dəyişikliyini dəstəkləməkdə günahlandırıb. “Sovetskaya Belorusiya”nın yazdığına görə, diplomatik nümayəndəliklər mövcud rejimin devrilməsi üçün müxalif və müstəqil təşkilatlara maliyyə yardımı edir. Onların təşkilatlanmasında, hökumətə qarşı birləşməsində və kütləvi itaətsizlik göstərməsində xüsusi fəallıq göstərir.

Xatırladaq ki, 2010-cu ilin sonu və bu ilin ilk günlərində Azərbaycanın rəsmi dövlət qəzeti “Azərbaycan”da başda ABŞ olmaqla, Qərb dünyasının ünvanına sərt ittiham, hətta təhqirlərlə dolu məqalə dərc olunmuşdu. Belarus hakimiyyətinin də Azərbaycan iqtidarına oxşar addımı onu deməyə əsas verir ki, avtoritar rejimlər onlara qarşı hər hansı daxili etiraz olan kimi, Qərb dünyasına qarşı səlib yürüşünə başlayır. Yürütdükləri anormal daxili siyasətdə düzəlişlər etmək əvəzinə, onları islahatlara, demokratik dəyişikliklərə çağıran Qərb dünyasını gülünc ittihamlara “qonaq” edirlər. Əvvəllər öz mahiyyətlərinə uyğun rejimlərin dəstəyinə arxayın olan avtoritar hakimiyyətlər təkləndiklərini və dalana dirəndiklərini bildikləri üçün sağa-sola saldırmağa başlayıblar.

Turan