Islamçılar təhlükəlidirmi?

Biz islamçıların həbsini, bu həbslərin həyata keçirilməsində baş verən qanunsuzluqları qətiyyətlə pislədiyimiz vaxt kimlərinsə xatırlatmaları ilə qarşılaşırıq: “Amma onlar çox təhlükəlidir!”

Eyhamların hara və nəyə ünvanlandığı aydındır. Radikal islamçıların ölkənin dünyəviliyinə təhlükə yaratması və bir xeyli islamçı qrupların Iranla və digər xarici ölkələrlə bağlılığı təzə söhbət deyil. Bu cür təhlükələr ola bilər və yox da deyil. Dünyəvilik bizim vazkeçilməz dəyərimizdir, amma bu ölkədə islamçı olmayanlar da təhlükəli ola bilər. YAP-çılar da başqa bir amildən bu ölkənin gələcəyinə təhlükədir, baxmayaraq dünyəvi qüvvədir. Bütün növ ideoloji-siyasi platformalarda duran qruplar təhlükəli hala gələ bilər…

Ümumiyyətlə, ədalətsizliyin kök atdığı, yalanla idarə olunan, rüşvətə söykənən və mənəvi simasını itirən istənilən dövlətin təhlükəsizliyi min bir səbəbdən sual altında qalır. Demokratik idarəçiliyə söykənən dövlətlər isə artıq özlərini çox ciddi təhlükələrdən sığortalamış olur. Budur, kasıb, rüşvətə susamış, Kremlin emissarları və xəfiyyələri ilə şəbəkələşmiş kiçik Gürcüstan nəhəng Rusiyanın qarşısında yalnız demokratik islahatlar hesabına, azadlıqla, haqlarla, hüquqla güclənən yeni cəmiyyəti ilə duruş gətirdi. Demokratik toplumların daxili möhkəmliyi də yüksək olur, beynəlxalq himayəsi də…

Siz Haitini xatırlayın. Orada zəlzələ baş verəndə avropalı jurnalist ölkədəki xaotik və idarə olunmaz vəziyyəti nəzərdə tutaraq, öz reportajında belə dedi: burada dövlətçilikdən əsər-əlamət qalmayıb. Amma sonra fikrini belə tamamladı: düzünə qalsa, dövlətçilik bu ölkədə elə əvvəl də yox idi.

Unutmayın, Haitidəki kimi olmasa da, bizim ölkədə də həqiqi dövlətçiliyə nail olunmayıb. Istər islamçılar olsun, istər olmasın, dövlətimizin təhlükəsiz olduğundan danışmaq əsaslı deyil. Neft gəlirləri azalmağa başlayanda bu ölkədə nə baş verəcək?

Bir ölkənin ictimai ədalətə və insan haqlarının qorunmasına söykənən idarəçiliyi, demokratik hakimiyyəti, azad insanları və azad iqtisadiyyatı olmayınca, onun təhlükəsizliyini heç bir rejim, diktatura, ordu, polis orqanları qoruya bilməz. Biz Irandan ehtiyatlanırıq, amma niyə unuduruq ki, Iranın özü son illərdə nə yaşayır. Məgər bilmirik ki, Iranın özü daxilindəki ictimai təlatümlərə məhvedici qorxu kimi baxır, özü təhlükələrdən əndişəyə düşüb?! Rusiya son aylarda baş verən etnik qarşıdurmaların fonunda güclü və möhkəm derjava kimi deyil, xrustal şüşə kimi parçalanma xüsusiyyəti olan siyasi məkana bənzədi.

Demək istəyirəm ki, bütün despotik, qeyri-azad ölkələr həm təhlükə mənbəyidir, həm də təhlükə hədəfi. Azərbaycan da belə ölkədir. Ona görə də Azərbaycan zəngin maddi, insani və mədəni potensialları ilə Ermənistan kimi zəif düşmənə qalib gələ bilmir, Rusiyanın əlində girinc qalıb, Iranın, ümumiyyətlə, müxtəlif islam və xristian qruplarının missionerlik poliqonu olaraq qalır.

YAP hakimiyyəti isə neft pullarına, polis rejiminə arxayın olub, ölkənin gələcəyi ilə bağlı təhlükələrin əsl səbəblərini görmür və görə də bilməz. Onların təhlükələrə qarşı mübarizəsi də özünü doğrulda bilməz, əksinə təhlükələri artırmağa yönələn addımlardır. Ümumiyyətlə, hakimiyyətin onu tənqid edənləri təhlükə gümanı ilə zərərsizləşdirməsi bu ölkəyə yeni problemlər yaradır.

Gəlin unutmayaq, bu ölkənin və onun insanlarının azadlığına qarşı olan istənilən qüvvə – dini və ideoloji mahiyyətindən, daxili və xarici mənbələrdən baş qaldırmasından asılı olmayaraq, bu ölkə üçün təhlükə yaradır. Yuxarıdakı izahlara qayıtmaq istəmirəm.

Biz bilməliyik ki, bu ölkənin xoş gələcəyi üçün ən gərəkli dəyərlər ədalətdə, insan haqlarının qorunmasında, dünyəvilikdə və demokratiyada ifadə edilir. Bu gün bütün dünyada həm xristianların, həm müsəlmanların, həm də qeyrilərinin həsrətlə baxdığı, həvəslə yaşamağa getdiyi Avropanı görüb düşünməliyik. Heç kimə yeni din, yeni inanc, yeni qaydalar təklif etmir Avropadakı dəyərlər, azadlıq təklif edir! Məhz Azadlıq! Onun adına Avropa dəyərləri deməmək də olar, onlar Azadlıq dəyərləridir. Nəticə də sadədir: Azadlığa qarşı olan hər kəs, istənilən qüvvə, istənilən ölkə bizim ölkə üçün təhlükə mənbəyidir.

Lakin təhlükə gümanı ilə, yaxud səni tənqid etdiyinə görə heç kəsi əsassız, böhtanla həbs etmək olmaz. Bu özü Azadlığa qarşıdır. Bu özü təhlükədir. Insanın azadlığı yalnız konkret qanunsuz əməllərinə görə və hüquqa əməl edilərək məhdudlaşdırıla bilər…