Etibar Erkin sirri

 

Onu kimlərin və nəyə görə qətlə yetirdiyini söyləməyə qorxurlar

 

Onu 1999-cu ilin yanvarında, öz evində qətlə yetirdilər.  Iki oğlu ilə birlikdə. Qətli “Ceyşullah” adlı kimsəyə bəlli olmayan bir dini sektanın üzərinə atıb, bir-iki nəfəri həbs etdilər. Amma yaxınları və bu prosesi izləyənlərin heç biri bu adamları qatil kimi qəbul etmədi. Üstündən 6 il keçəndən sonra – 2005-ci ildə başqa bir quldur dəstəsi zərərsizləşdirilib həbsə atılanda Etibar Erkinin doğmaları barmaqlarını həmin qrupun üzərinə tuşlayaraq, “Etibarı bu adamlar qətlə yetiriblər” dedilər. Bu, Hacı Məmmədovun dəstəsi idi.

1999-cu ildə istintaqçılar Etibar Erkinin qatillərini axtaranda istintaqçı olmayanlar da yaxşı bilirdilər ki, Etibar Erkinin ölümündə çox dərin müəmmalar var. Bayılda – evlərin az qala, iç-içə olduğu bir məhəllədə Etibar kimi fiziki cəhətdən möhkəm olan bir adamı, üstəlik peşəkar idmançı olan iki gənc oğlu ilə bir yerdə səssiz-küysüz öldürüb aradan çıxmaq mümkün olan iş deyildi. Ata övladlarını, övladlar isə atalarını dünyalar qədər istəyirdilər. Onlar qatillərə elə-belə can verməzdilər. 10 nəfərdən üçü-dördü ölərdi, ən azı.

Etibar Erkini və oğlanlarını sakitcə, səssiz-küysüz öldürmək üçün qatillərin arasında qətlə yetirilənlərin dərin ehtiramını qazanan birisi olmalı idi. Hacı Məmmədovun dəstəsində isə belə bir adam var idi. Bu adam Etibar Erkinin övladlarının dayısı idi.

Hacı Məmmədovun dəstəsinin cinayət modeli hər kəsə yaxşı bəllidir. Bu dəstə Etibarın qətli ilə bağlı sifarişi nə üçün və kimdən almalı idi?

Bu, Etibar Erkinin qətlə yetirilməsi ilə bağlı hələ üstü açılmamış suallardandır.

Etibar Erkin Azərbaycanın genofonduna daxil olan mükəmməl insanlardan idi. Ümidsizlərə ümid, xəstələrə şəfa, imansızlara iman təlqin edən parapsixoloq, həkim, filosof, müəllim, ziyalı idi.

Onu tanıyanların və bilənlərin dolayısı ilə xatirələrinə nəzər salaq:

20 il Azərbaycandan kənarda yaşayan parapsixoloqÿ Şahsəddin Imanlının yenidən vətənə dönüşünə, özünün dediyinə görə, təxminən 3 il əvvəl baş vermiş hadisə səbəb olub. “Mediaforum” saytının əməkdaşı ilə söhbətində Ş.Imanlı bildirib ki, o, Qobustanda, Ağrı dağında, Naxçıvandakı Əshabi-Kəhfdə yaşayan müqəddəs ruhların çağırışını eşidib: “Nəsillərin çağırışına qoşuldum. Telepatik yolla onlarla transda oldum. Bir qədər sonra Azərbaycana qayıtdım – Qobustana, Atəşgaha getdim. Məşhur parapsixoloq, ekstrasens Etibar Erkin həmişə deyərdi ki, xalq çətin vəziyyətə düşəndə ulu babaların, müqəddəs insanların ruhu kimlərisə köməyə çağırır. Həmin insanlar arasında mənəvi liderlər yetişdirilir”.

Şahsəddin Imanlı bu epizodda Etibar Erkini dolayısı ilə xatırlayır, amma söhbətin gedişində sanki, bu təsadüfi xatirədən qopa bilmir: “Belə bir təkliflə çıxış etmişəm və düşünürəm ki, gələn ilin yanvarından təklifimi rəsmiləşdirəcəm. Azərbaycanda parapsixologiya elminin əsaslarını qoymağın vaxtı çatıb. Etibar Erkinin yaratdığı mərkəzdən heç nə qalmayıb. Parapsixologiya elminin tarixi çox qədimdir. Parapsixologiya insanlarda olan xəstəlikləri, min illərlə mövcud olmuş problemləri görür və çözür. Müalicə üsulunda gözəgörünməz enerjidən istifadə olunur…”

10-15 il əvvəl Bakıda Etibar Erkinin yaratdığı məşhur Ekstrasenslər Ittifaqının qapısını minlərlə adam tanıyırdı. O deyirdi ki, “bu, bizim millətin ekstrasensual imkanları ilə fərqlənən insanlarının mərkəzləşdiyi, millətimiz üçün müsbət enerjilərin səfərbər edilməsinə görə yaradılan bir ocaqdır”. Etibar deyirdi ki, “ekstrasens fövqəladə duyum deməkdir, amma Allahı tanımayan, Onu sevməyən insanlar bu duyğunun kənarındadırlar…”

***

1991-ci ildə tanınmış ekstrasens, mərhum Etibar Erkin Azərbaycan Xalq Biliciləri və Ekstrasensləri Ittifaqı yaratmışdı. Ittifaqın fəaliyyəti genişlənərək 1997-ci ildə Bədən Tərbiyəsi Institutunun nəzdində Parapsixologiya və Teologiya Institutunda təşəkkül tapsa da, ekstrasensin qətli bu istiqamətdə bütün işlərə son qoydu. Azərbaycanda niyə öncəgörənlərin birliyi yaradılmır? E.Erkin qətlə yetirildikdən sonra öncəgörənlər üzə çıxmağa, aktiv fəaliyyətlə məşğul olmağa ehtiyat edirlərmi?

Hazırda E.Erkinin bir çox tələbəsi Azərbaycandan kənarda fəaliyyət göstərir, buna da səbəb onlara ölkəmizdə şəraitin yaradılmamasıdır. Etibar Erkindən sonra elə bir mütəxəssis olmadı ki, bu işi davam etdirsin. O, çox işlər görəcəkdi, amma onu qətlə yetirənlər buna imkan vermədi. Etibar Erkin  astrologiyanın müxtəlif bölümləri, telepatiya, telekinez, rəqəmşünaslıqla bağlı Rusiyadan mütəxəssislər dəvət etmək niyyətində idi. Lakin onun bütün arzuları kimi bu ideyası da yarımçıq qaldı. Hazırda onun tələbələri Türkiyədə və Avropanın müxtəlif ölkələrində bu işlə məşğul olur. Çünki onların Azərbaycanda fəaliyyətinə şərait yaradılmır.

Ekstrasenslər Ittifaqı nəyə lazımdır?

Ekstrasenslər hərəsi bir sahə üzrə ixtisaslaşırlar. Amerikalı Edqar Keys yeraltı metal, hətta qızıl yataqlarının kəşfində dövlət orqanlarına köməklik göstərmiş, əvəzində heç nə almamış, özünün müəllimlik maaşıyla kifayətlənmişdi. Dahi ekstrasenslər bu peşədən pul qazanmaq üçün istifadə etmirlər. Təmənna güdməməkdə Edqar Keysə bənzər bilici Azərbaycanda da vardı. Etibar Erkin idi o. Xəstələrdən biri sağalmağına görə təzə bir mənzilin açarlarını hədiyyə etmişdi ona, götürməmişdi. Azərbaycanın yeganə ən böyük bilicisi idi Etibar Erkin, iki oğlu ilə birlikdə qətlə yetirdilər onu.

Bioenergetik-fitoterapevt, xalq təbabəti vasitəsilə bir sıra xəstəlikləri müalicə edən R.Cərullayev Etibar Erkini belə xatırlayır: “Parapsixologiyadan anlayışı olmayanlar bilməlidirlər ki, ekstrasenslər fəlakətlə nəticələnən bir çox hadisələrin qarşısını ala bilərlər. Bunu sübut etmək üçün yüzlərlə deyil, minlərlə dəlil var. Bir vaxtlar mərhum Etibar Erkin 1990-cı il yanvarın ikinci yarısında Bakıda böyük faciələr olacağını proqnozlaşdırmışdı. Təəssüf ki, buna əhəmiyyət verən olmamışdı. Bilirsiz, dünya çapında ekstrasens fitri həssas adam kimi qəbul olunur. Hesab edirəm ki, dərin biliyi və elmi potensialı olan hər kəs bunu bacarar”.

Dost

Etibar şəxsi münasibətləri sədaqət üzərində quran adam idi. Sədaqət və təmənnasız dostluq. Bizim günlərdə qıtlığı yaranan insani keyfiyyətlər. Dost ən ağır gün üçün dostdur. Uzaq 80-ci illərlə bağlı başqa bir söhbətdə, yenə də tamamilə təsadüfi olaraq xatırlanan bir an. Bu dəfə yazıçı Əbülhəsən Ələkbərzadənin nəvəsinin dilindən:

“Gözümü dünyaya açandan evimizdə məşhur adamları görmüşəm – Ilyas Əfəndiyev, Elçin Əfəndiyev, Rəsul Rza, Nigar xanım… Bunlar babamın dostlarıydı. Atamın dostları isə fərqliydilər. Hər gün bizdəydilər, yemək-içmək. Atam tutulana qədər… Sonra heç birini görmədim. Bircə rəhmətlik Etibar Erkindən başqa (ona əmi deyirdik).

– Bəs hər şeyi öncə görən Etibar Erkin Çingizə bir şey deməmişdi?

– Niyə deməmişdi? Zəng eləmişdi ki, mən gəlincə evdən çıxma. O da çıxmaq istəmirdi, üzə düşüb getdi. Ümumiyyətlə, Etibar Çingizi çox bəlalardan qurtarıb. Onu da deyim ki, türməyə düşəndə hamı deyirdi, pul verin, qurtarsın. Ancaq Etibar dedi ki, onu türmədən heç nə qurtara bilməz”.