Dərnəgüldəki sahibkarlar təlaş içində

 

«Biz əmin deyilik ki, normal kompensasiya alacağıq»

 

Yaxın vaxtlarda Bakı şəhərinin əsas avtonəqliyyat magistrallarından biri olan və el arasında “Dərnəgül yolu” kimi tanınan Ziya Bünyadov prospektinin yenidən qurulmasına başlanacaq.

Bu haqda “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev danışıb. Onun sözlərinə görə, Z.Bünyadov prospektinin yenidən qurulması onun kənarındakı ticarət və xidmət obyektlərinə təsirsiz ötüşməyəcək. Yolun bəzi ərazilərini ticarət və xidmət obyektləri sahibləri zəbt edib: “Ona görə də hərəkət yolun əsas hissəsinə ötürülür ki, bu da onsuz da gərgin vəziyyətdə işləyən avtomagistralda süni tıxacların yaranmasına və vəziyyətin kritik həddə çatmasına səbəb olur. Buna görə də yolun yenidən qurulması işləri çərçivəsində yol sahəsinə düşən kommunikasiyalar və ticarət-xidmət obyektlərinin hamısı oradan köçürüləcək”.

P.Mürsəliyev deyib ki, hazırda layihələndirmə işləri ilə paralel olaraq yolun kənarındakı ticarət və xidmət obyektlərinin vəziyyəti də araşdırılır: “Hansı tərəfdə hansı obyektlərin söküləcəyi yaxın vaxtlarda bilinəcək”.

“Dərnəgül yol”una yollanıb oradakı sahibkarların yayılan məlumatdan xəbərdar olub-olmadıqları ilə maraqlandıq.

“Dərnəgül yolu”nu hər kəs tikinti, elektrik materiallarının satıldığı yer kimi tanıyır. Burada tikinti üçün nə lazımdırsa, hamısını tapmaq mümkündür. Yolun sağ və sol tərəfləri saysız-hesabsız tikinti materialları satan dükanlarla doludur. Dərnəgüldəki köhnə körpülərdən birində isə təmir işləri gedirdi.

Elektrik materialları satan dükanın Rəşad adlı sahibi deyir ki, yolun genişləndirilməsi haqda söz-söhbətlər çoxdan var: “Əzizbəyov” dairəsində körpülər tikilib qurtardıqdan sonra dedilər ki, buraları da sökəcəklər. Sonra Kürdə daşqınlar başladı. Deyəsən, hökumətin başı buna qarışdı. Biz yaddan çıxdıq. Amma bu günlərdə təzədən başlayıblar buranı sökmək söhbətlərinə. Burada sənədləri olanlar da var, olmayanlar da. Bilmək olmaz kimə kompensasiya verəcəklər, kimə verməyəcəklər. Bizim dükanımızın sənədləri qaydasındadır. Dükanın arxası da evimizdir. Yəqin evi də sökərlər”.

Bazarın arxa tərəfində evlər yerləşir. Ancaq yolun genişləndirilməsi evlərə çox da təsir etməyəcək. Əsas hədəfin dükanlar olacağı şübhəsizdir.

Günorta saatları olmasına baxmayaraq, bu yolda doğrudan da nəqliyyatın sıx olduğunu müşahidə etdik. Əsas yolun vəziyyəti normal olsa da, köməkçi yolun asfalt örtüyü bərbad vəziyyətdədir. Yağışlardan sonra buradakı palçıq hələ də qurumayıb. Avtomobillər o qədər sürətlə və sıx gəlirlər ki, yolun bir tərəfindən o biri tərəfinə keçmək də mümkün deyil. Bütün yol boyu piyadalar üçün cəmi bircə işıqfor var.

Bekarçılıqdan yolun kənarında domino oynayan dükan sahiblərinin də deyəsən, məsələdən xəbərləri yox idi. Onlar deyir: “Prezidentin bu prospektdə iqamətgahı yerləşir. Yəqin ona görə istəyirlər ki, prospekt başdan axıra gözəl görsənsin”.

Parket satışı ilə məşğul olan digər bir dükana girdik. Dükanın satıcısı əlində tutduğu “Azadlıq” qəzetindən elə haqqında danışdığımız xəbəri oxuyurdu. Qəzetdən olduğumuzu bilən kimi xəbərin doğru olub-olmadığını soruşdu. Mən də xəbərin “Azəryolservis”dən gəldiyini dedim. Yəni ki, doğru xəbərdir.

Dükanın işçilərindən “kompensasiya alacağınıza inanırsınızmı” sualına belə cavab aldıq: “Bunlar haçan kompensasiya veriblər ki, indi də versinlər. Kimin evini, dükanını istəsələr sökərlər. Bir qəpik də verməzlər”.

Boya satan bir mağazada da məsələdən xəbərsizdirlər. Mağazanın Ibrahim adlı sahibi inanır ki, onlara başqa bir yerdə ya torpaq verəcəklər, ya da sökdükləri obyektin  pulunu ödəyəcəklər. Ibrahim deyir ki, onun ailəsi elə bu dükana baxır: “Bunu da əlimizdən alsalar uşaqlarımız acından ölsün gərək. Dövlətimizin bu qədər qəddar ola biləcəyini düşünmürəm”.

Dərnəgül bazarındakı söhbətlərimiz və müşahidələrimizdən sonra buradakı insanların ovqatının bu xəbərdən sonra dəyişdiyini gördük. Bəziləri düşünür ki, onlar üçün daha yaxşı yerdə bazar tikərlər, bəziləri isə ümumiyyətlə, ümidsiz vəziyyətdədir.

 

Elmin