Əcəl, yoxsa polis vəhşiliyi?

Polis idarəsinə salamat aparılan Elvin Əsgərovun yaxınlarına onun meyitini verdilər

 

Polislərin bıçaqlanmasıyla bağlı müəmmalı hadisənin təfərrüatları «Azadlıq»da…

Ötən gün hüquq-mühafizə orqanları məlumat yaydı ki, Bakıdakı şadlıq saraylarından birinin qarşısında üç polis əməkdaşı bıçaqlanıb. Həmin polislər sağ-salamatdır. Amma onları bıçaqladığı iddia olunan şəxsi isə əvvəlcə polis idarəsinə, oradan da xəstəxanaya aparıb, son nəticədə yaxınlarına meyitini veriblər. Söhbət Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Elvin Əsgərovdan gedir.
Rəsmi məlumatda göstərilir ki, hadisə yanvarın 13-də gecə saat 02.00 radələrində “Neon Palace” şadlıq sarayının yaxınlığında, Mikayıl Əliyev küçəsi, 15 ünvanında qeydə alınıb. Restorandan çıxan bir qrup şəxs küçədə dalaşıb. Qalmaqala müdaxilə edən Çevik Polis Alayının əməkdaşları Elçin Zirəddin oğlu Mütəllimov, Zülfüqar Ələkbər oğlu Süleymanov və Səbuhi Tağı oğlu Ağayev bıçaqlanıblar. Yaralı polislər xəstəxanaya çatdırılıb.
Elvin Əsgərov da Sabunçudakı 3 saylı xəstəxanada dünyasını dəyişib. Həkimlərin sözlərinə görə, Elvin xəstəxanaya daxil olanda da vəziyyəti ölümcül vəziyyətdə olub. Həkimlər ona qapalı kəllə-beyin travması, başın təpə və ənsə nahiyəsinin hematoması, burunun əzilməsi diaqnozu qoyublar.
Yanvarın 13-ü günorta saatlarında vəziyyəti daha da pisləşən Elvin Əsgərov əməliyyat stoluna aparılarkən keçinib. Polis idarəsindən mərhumun qohumlarına deyiblər ki, guya, şadlıq sarayında insident zamanı hadisə yerinə gələn polis əməkdaşları onları bölməyə aparmaq istəyiblər. Bu zaman Elvin polisə müqavimət göstərib və restoranda əyləşdikləri masadan götürdüyü bıçaqla üç nəfər polis əməkdaşına xəsarət yetirib. Sonra Elvin digər yoldaşları ilə birlikdə Nizami rayon Polis Idarəsinin 24-cü polis bölməsinə aparılıb. Orada vəziyyəti ağırlaşdığından 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Polis idarəsindən deyiblər ki, guya, hadisə zamanı Elvin Əsgərov polisə müqavimət göstərərkən müvazinətini itirərək yıxılıb, ölümünə səbəb olan xəsarətlər də məhz o zaman yaranıb.
Amma məsələni araşdıranda məlum olur ki, vəziyyət heç də polis idarəsindən verilən məlumatdakı kimi deyilmiş. Öyrəndik ki, Elvin dostu Anarla görüşərək ona xaricdən Məhəmməd adlı qonağının gəldiyini bildirib. Və məsləhət görüb ki, o da qonağıyla görüşə gəlsin. Anar da razılıq verib. Nəticədə onlar “Neon Palace”da görüşüblər. Bir neçə saatdan sonra onlar şadlıq evindən çıxarkən adları çəkilən asayiş keşikçiləri qarşılarına çıxaraq, onların içkili olduğunu bildirərək, polis bölməsinə getmələrini tələb ediblər. Təbii ki, onlar da heç bir qanunsuz hərəkətə yol vermədiklərini əsas gətirərək, bölməyə getmək istəməyiblər. Belə olan halda, polislər onların ünvanına nalayiq ifadələr işlədiblər. Ardınca da Məhəmmədi tutublar. Insident daha da böyüyüb. Nəticədə Elvin polislərdən birini bıçaqlayıb. Buna baxmayaraq, dostlar polis bölməsinə aparılıb. Bölməyə aparılarkən yolda onları vəhşicəsinə döyüblər. O həddə vəhşilik olub ki, Anarın barmaqları sınıb, Elvin isə ağır yaralanıb. Polis bölməsində Elvinin halı pisləşdiyi üçün onu təcili xəstəxanaya çatdırıblar. Xəstəxanada da…
3 saylı Sabunçu xəstəxanasına baş çəkərkən oradakı işçilərdən birindən öyrəndik ki, Elvini gətirərkən kimliyi bəlli olmayıb: “Vəziyyəti çox pis idi. Həkimlər nə qədər kömək etməyə çalışsalar da, heç bir nəticə vermədi”.
Yeri gəlmişkən, Elvin Əsgərovun bıçaqla xəsarət yetirdiyi iddia olunan polislərin üçü də Daxili Işlər Nazirliyinin hospitalında ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Bu isə o deməkdir ki, onlara yetirilmiş xəsarət ağır olmayıb. Onlara xəsarət yetirdiyi iddia olunan Elvin özü isə dünyasını dəyişib…

Ramin DEKO