9-cu sinif şagirdi Kamran Məmmədli: «Mən prezident olacağam!»
Inanmayacaqsınız, amma bu fikirlər və ifadələr 15 yaşlı yeniyetmənin öz mülahizələridir…
Ayəndənin proyekti
Kamran Məmmədli 163 saylı məktəbin 9-cu sinif şagirdidir. O, 12-13 yaşından Türkçülüyə aid şeirlər yazır. Əsasən, “Azadlıq” qəzetini oxuyur və başqalarına da oxumağı tövsiyə edir. Siyasətlə, ən yeni ədəbiyyatla maraqlanır. “Facebook” sosial şəbəkəsində türk sərkərdəsi Sanatürk ləqəbilə tanınır.
Arzuları çoxdur. Onlardan biri də 16 yaşında şəxsiyyət vəsiqəsi alanda milliyyətini “Türk” yazdırmaqdır.
Kamran kimi fərqli düşünən şagirdlər çox azdır. Dediyinə görə, şagirdlərin, tələbələrin əksəriyyəti fikirləşir ki, “nəyimə lazımdır ”gəzim-tozum”, dərsimi oxuyum, vəssalam, mənim üçün maraqlı deyil, kim nə edir etsin”.
28 May – Respublika Günü münasibətilə keçirilən bir tədbirdə Əli Kərimlinin bir fikrini qeydə aldım: “Hər bir xalqın taleyini, o xalqın avanqard sayılan bir-iki faiz nümayəndəsi həll edir”.
Müəllim, polis, həkim olmaq üçün təhsil
– Təhsilimizə münasibətin necədir? Bu sahədə hansısa problemlə üzləşirsənmi?
– Mənim oxuduğum məktəbin timsalında… Əslində, Azərbaycanın bütün məktəbləri bu gündədir. Əgər bir məktəbdə siqaret çəkə-çəkə dəhlizdə gəzirlərsə, orada təhsilin keyfiyyətindən danışmağa dəyməz. Dərslərin əksəriyyəti boş keçir, fənlərin 30 faizini heç keçmirlər. Müəllimlər özləri qiymət yazırlar. Budur təhsilimiz…
– Sənin fikrincə, bu cür təhsillə bizim gələcəyimiz hara gedir?
– Yəqin ki, gələcəyin diplomlu savadsızları yetişdirilir.
– Bizim təhsil sistemimizi sən necə görmək istərdin?
– Məncə hər şey rüşvətin yığışdırılmasından asılıdır. Hakimiyyətin başında duranlar xalqı çapıb-talayır. Nazirlərdən rüşvət yığırlar. Onlar da özlərindən aşağıda dayanan hər kəsdən rüşvət yığırlar, axırı budur. Rüşvətin kökü kəsilməsə, biz təhsil sahəsində nəyəsə nail ola bilməyəcəyik. Bunun üçün qanuni dövlət lazımdır. Məncə ölkənin əsası təhsildən keçir. Müəllim olmaq üçün təhsil, polis olmaq üçün təhsil, həkim olmaq üçün təhsil… Amma 17 ildə daha çox bərbad olan da təhsildir. Bizdə qanunlar sadəcə, kağız üzərindədir.
– Avropa təhsili ilə bizim təhsilin fərqləri hansılardır?
– Avropa təhsilinin fərqli olmasına şübhəm yoxdur. Avropa cəmiyyəti öz müəlliminə diplomu rüşvətlə vermir. Qanuni dövlətdir, tələbə rüşvətlə oxumur. Bizdə də belə olsa, Azərbaycandakı təhsil, bəlkə də, Avropadakı təhsildən üstün olar.
– Bəs dərsliklərdən razısanmı?
– Qəbula düşən suallar çox zaman dərsliklərdə olmur. Şagirdlər də məcbur qalıb, əlavə kitablar almalı olur. Əgər onların repetitor yanına getmələrini də üstünə gəlsək, indiki zamanda nə qədər çətin olduğunu düşünün. Bu ölkədə orta əməkhaqqı 85 manat, bir repetitorun haqqı 50 manat.
7-ci sinifdə olan bir hadisəni danışım sizə. Təmir işləri gedirdi, direktor müavini hansısa şkafın yerini dəyişməyə kömək etmək üçün məni çağırmışdı. Kömək edərkən şkafın arxasından toz içində bir şəkil çıxdı. Usta dedi bu kişi kimdir? Həmin müəllim dedi ki, bunu olmaz, götürdü qoydu başqa yerə. Şəkil Məmməd Əmin Rəsulzadənin şəkli idi. 10-cu sinif tarix kitabında da Məmməd Əmin Rəsulzadənin yalnız balaca bir şəkli var.
“Saxtakarlığın olduğunu hiss edirəm”
– Sən necə düşünürsən, Rəsulzadəyə olan sevgini yaddaşlardan silə bilirlərmi? Yoldaşlarının əhatəsində müşahidə etdiklərin nədir?
– Mən hesab eləyirəm ki, müəyyən mənada buna nail olurlar, amma tam olaraq yox. Hakimiyyətin sistemi belədir ki, biz gəncləri televiziyada gedən şoularla daha çox əyləndirsinlər. Mənim elə dostlarım var ki, onlar dərslərə gəlmirlər, idmana yönlənirlər. Çox az qismi aktiv olur.
Amma bir məsələ var ki, 70 il ərzində SSRI Rəsulzadə sevgisini yaddaşlardan silə bilməyibsə, bunlar da heç zaman silə bilməyəcəklər. SSRI bundan da pis idi. Anam deyir ki, bizə partiyaya aid şeirlər əzbərlədirdilər. Bəlkə də, indi vəziyyət bir qədər yaxşıdı. Bunlar heç olmasa, bizə Heydər babaya aid şeirlər əzbərlətdirmirlər. Amma bizdə də bəzi müəllimlər var – “Biz azərbaycanlı deyilik, Türkük” deyən müəllimlər.
“Hökmən prezident olacam”
– Ətrafındakı şagirdlərin vətənpərvərlik hisslərini necə dəyərləndirirsən? Sən axı, daha böyük oğlansan və belə məsələləri dəqiqləşdirə bilərsən…
– Bəziləri özlərini vətənpərvər sayırlar, “Azərbaycan!” şüarını səsləndirirlər, amma bir saxtakarlığın olduğunu da hiss edirsən. Mən bu məsələyə bir az fərqli yanaşıram. Düşünürəm ki, Vətən insanlardan ibarətdir, insanların yaratdığı bir fenomendir… Əgər insanların haqlarını tapdalayırlarsa, deməli, bu Vətənlə bağlı hər şey qaydasında deyil və onu qaydaya salmaq lazımdır.
– Gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən?
– Hüquqşünas olmaq istəyirəm.
– Prezident olmaq istərdin?
– Kim istəməz prezident olsun? Olmağa yolum da var. Mən huquqşünas olacam. Gələcəkdə siyasətlə məşğul olacam. 18 yaşım tamam olan kimi, AXCP-nin üzvü olmaq fikrim var. Əli Kərimli prezident olacaq. Daha sonra mən prezident olacam.
– Prezident olsan nə edərdin?
– Çalışardım ki, qanunları xalq tərtib etsin.
– Düşünürsən ki, Azərbaycanda demokratiya yaranacaq?
– Təbii. Mən demokratiya uğrunda mübarizəyə də bunun üçün qoşulmuşam ki, bəlkə mənim mübarizəm də hansısa zəruri məqamda yardım etdi. Amma demokratiyanın qələbəsini təsəvvür etmək çətin olsaydı da, yenə bu yolda olardım.
– Sən AXCP-nin tədbirlərində iştirak etmisən. Ilk dəfə mitinqə çıxanda heç qorxmamısan?
– Indi qorxu hissi mənə yaddır. Qorxu yox, ilk tədbirdə… həyəcan olmuşdu.
– Azadlıq sənin üçün nədir?
– Azadlıq mənim üçün azad seçim etməkdir, azad söz deməkdir, azad toplaşmaq deməkdir. Budur Azadlıq, çətin leksik mənası yoxdur.
“Demokratik ölkədə xalqın azadlığı sonuna qədər olmalıdır”
– Televiziyalara baxırsan?
– Azərbaycan televiziyalarına baxmıram. Baxmalı nə var ki?! Əslində, xalqın üzərində ən böyük təsir vasitəsi televiziyadır. Bu xalqı elə vəziyyətə salıblar ki… Maaşlar az, işsizlər çox. Xalqı bir tikə çörəyə möhtac qoyublar.
– Yaxın günlərdə hicab məsələsi gündəmdə idi. Sənin bu məsələyə münasibətini bilmək istərdik.
– Məncə, hansısa məktəblinin hicab taxması problem olmalı deyil. Demokratik ölkədə xalqın azadlığı sonuna qədər olmalıdır.
***
– Demokratiya anlayışı sənin üçün nədir?
– Demokratiya sadə anlayışdır – xalqın hakimiyyəti. Yəni, bu hakimiyyətin azad sözü var, azad seçmək hüququ var.
– Bizdə xalq hakimiyyəti yoxdur?
– Bizdə hakimiyyətin xalqın istəyi ilə yaranması hər kəsdə şübhə doğurur. Başqa bir rejim var. Bu, hər bir xalqın başına gələ bilər. Amma bizim üçün ağrılı olmalıdır ki, dünyanın ilk demokratik ölkələrindən biri indi antidemokratikdir.
***
Ailəsi onun siyasətlə maraqlanmasının əleyhinədir, onun başqa işlərlə məşğul olmasını istəyirlər. Kamran bunun o qədər də ciddi təzyiq olduğunu düşünmür. Deyir ki, 18 yaşdan aşağı olduğu üçün bir qədər çətin dirəniş göstərir.
AXCP sədri onu partiyada görmək istəyirmi?
Kamran qərar verib ki, 18 yaşı tamam olan kimi AXCP üzvü olacaq. Biz də AXCP sədrinə müraciət etdik ki, gələcək partiya üzvünün bu istəyini dəyərləndirsin. O, dedi:
– Mövcud qanunvericilik azyaşlıların partiya üzvü olmasına imkan vermir. Yeri gəlmişkən, “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub. Mən də qanunun bu tələbini haqlı bilirəm. Ona görə də azyaşlılar partiya üzvü deyil, tərəfdarı, simpatizanı ola bilər. Partiya simpatizanı olmaq isə Kamran kimi gəncləri müstəqil həyata daha da yaxşı hazırlayır. Onlar yeni dostlar tapır, ölkənin siyasi həyatı və müasir tarixi haqqında daha çox öyrənirlər. AXCP gəncləri ilə yaxınlıq isə əsl həyat məktəbidir. Demokratiya, özünüidarə, vətənpərvərlik, təşəbbüskarlıq, tolerantlıq, sözə və əqidəyə sədaqət ən yaxşı burada öyrədilir.