Vicdanlı siyasət

Siyavuş Novruzov: «Azərbaycanda indiyədək siyasi motivlə heç kəs həbs olunmayıb»

Bəlkə bunun üstündən keçmək, indiyə qədər verilən bu tip açıqlamalardan biri sayıb əhəmiyyət verməmək, sitatı yuxarı çıxarmamaq da olardı. Amma əhəmiyyət vermədikcə hədlər aşılır, daha da irəli gedilir, adamlara hörmətsizlik edilir. Buna susmaq olmaz. Hətta nəticəsi olmasa belə…
Siyavuş Novruzov neçə illərdir deputatdır, YAP Siyasi Şurasının üzvüdür, yəni siyasətdə olan adamdır. Hətta, deyilənə görə, siyasət elmləri doktorudur. Hansı yolla alınsa belə bu ad böyük məsuliyyətdir. Siyasətlə məşğul olmaq adamdan böyük qabiliyyət, bacarıq, savad tələb edir. Doğruçu olmaq, proseslərə dəqiq, qərəzsiz, vicdanlı yanaşmaq siyasətçinin də borcudur. Deputatlıq bu məsuliyyəti ikiqat artırır. Seçicilər də var axı. Hətta səni seçməsələr belə təmsilçisi olduğun adamların qarşısında bir vicdan borcun olur. Sayğıyla yanaşmaq gərəkdir.
Bu günlərdə “Media forum” saytına açıqlamasında bu YAP-çı deputat yuxarıda sitat kimi verdiyim ifadəni dilinə gətirib. Başqa sözlər də danışıb. Hələlik onlarla işimiz yox. Elə bircə bu söz yetərlidir.
Yaddaş üçün deyim ki, Azərbaycan Avropa Şurasına üzv qəbul ediləndə sənədlərdə ölkəmizdə 716 siyasi məhbusun olduğu göstərilirdi. Son məlumatlara görə, onların sayı indi 27 nəfərdir. Avropa Şurasına üzvlükdən ötən müddətdə bir neçə dəfə Azərbaycana siyasi məhbuslar üzrə məruzəçilər təyin olunub. Siyasi məhbusların sayının azalıb bu həddə gəlməsində onların xidməti danılmazdır. Deputat, siyasət doktoru Siyavuş müəllim, bu həm də onu göstərir ki, AŞ boyda qurum olmayan şeyə görə hansısa vəzifəyə adam təyin etməz. Sizin prezidentlər özləri siyasi məhbuslar üzrə məruzəçiləri dəfələrlə qəbul edib onlarla danışıqlar aparıblar, bu və ya başqa siyasi məhbusla bağlı razılığa gəliblər. Yaddaş problem yaradırsa, arxivlərə, yaxın tarixə baş vurmaq olar.
Uzağa getməyək, 2003-cü ildə türməyə salınan Ibrahim Ibrahimli, Sərdar Cəlaloğlu, Pənah Hüseyn, Arif Hacılı və başqaları məgər kiminsə danasını oğurladıqlarına görə tutulmuşdular?
Bəlkə Elmar Hüseynov qonşu ilə dalaşdığına görə öldürüldü?
Ruslan Bəşirli məgər içki içdiyinə görə hələ də türmədədir? Bəs onda o gəncin təmsil olunduğu təşkilatın ofisi qarşısında davamlı olaraq keçirdiyiniz piketlər nə üçün idi? Içki içib dava salan, qan tökən o qədər adam tutulur ki, bəs nədən onların evləri qarşısında piket-filan təşkil etmirsiniz?
Əli Insanov, Fərhad Əliyev, Rafiq Əliyev, Rizvan Talıbov  və başqaları nədən türmədə və nədən adları xaricilərin siyasi məhbuslar siyahısındadır? 
Eynulla Fətullayevin həbsinin səbəbi nədir? Siyasi olmaz yəqin.
Nə siyasət? O, sosial məsələlərdən, idmandan, ulduz falından, kriminaldan yazırdı, türmədə də narkotikə qurşanmışdı… Amma nədənsə, bütün dünya onu “vicdan məhbusu” kimi tanıyır.
Siyasəti bu düşüncədən müdafiə edib o adı almısınızsa, heç… dünyada siyasət başqa şeyə deyirlər.

Azərbaycanın hüquq sistemi

Azərbaycan Islam Partiyasının sədri Mövsüm Səmədovun evində axtarış aparmağa gələn müstəntiqə zərərçəkmişin qızı Qurana əl basdırıb ki, evdə düzgün, obyektiv axtarış aparsın. Çox ibrətamiz nümunədir. Ölkədə hüquq sisteminin hansı vəziyyətdə olmasına bundan tutarlı cavab ola bilməz. Məsləhətdir ki, məhkəmələrə də adamlar Quranla getsinlər. Proses başlamazdan öncə hakimləri ona əl basmağa vadar etsinlər. Hakimlər pakdılarsa…