Ölkə hansı ideologiya üçün münbitdir?

Çox maraqlı hadisələr baş verir. Səbəbi də hamı üçün aydın deyil. Dərindən fikirləşəndə səbəb tapmaq asandır. Amma bu izahlar da hadisələri nə qədər adekvat təsvir edir? Bax, elə sual da budur. Suala cavab olmasa da, bir sıra detalları izah etməyə cəhd göstərmək olar. Bilirsiniz, tele-ekranların künc-bucağında portret yerləşdirməklə, 32 cildlik kitablar çap etməklə, süni və boş şüarlar səsləndirməklə insanlar ideyalı olmur, cəmiyyətdəki ideoloji və aksioloji boşluqlar dolmur, sosial-siyasi mühit boş olaraq qalır. Zənniniz qoy Iran, Şimali Koreya, Venesuela, daha nə bilim, hansı ölkələrə getməsin, oralarda ideologiya var.
Sözsüz, bunların nə qədər gərəkli, insanlar üçün nə dərəcədə vacib və mütərəqqi olması ayrıca söhbətin mövzusudur, amma real olanı budur ki, belə ideyalar mövcuddur. Amma imitasiyalı demokratiya ölkələrində heç bir ideologiya olmur, insanları səfərbər edən, onları nəyəsə inandırmaq iqtidarında olan dəyərlər sistemi mövcud deyil. Rəsmi ideya guya ki, demokratiya elan olunur, amma onu az qala bir anekdota çevirirlər, onun dəyərlər sistemini reallıqda inkar edirlər, demokratiya sadəcə siyasi moda kimi təqdim olunur və şüarlar da bu modaya adekvat qurulur, real həyatda isə seçkilər saxtalaşdırılır, insanların hüquq və azadlıqları məhdud bir duruma gətirilir, məhkəmələr ədalətsiz qərarlar qəbul edir, müstəqil və çoxpartiyalı, plüralist parlament olmur, cəmiyyət qanunların və qaydaların formalaşmasında iştirak etmir, demokratiyanın və hüquqların keşiyində durmalı insanlar açıq-aşkar onları rədd edir, “demokratiyanı elə beşiyində boğmaq lazımdır!” kimi əcaib fikir səsləndirirlər.
Çox qəribə bir mənzərə yaranır. Bilirsiniz, bu nəyə bənzəyir? Koloniyalar heç vaxt metropoliyaların gətirdiyi dəyərləri, qaydaları ürəkdən qəbul etmirlər, gizlində onları tam lağa qoyur, özlərinin mənfi, neqativ münasibətlərini bildirirlər, aşkar mühitdə isə hiyləgərcəsinə bu dəyərlərə uyğun davranış tərzi imitasiya edirlər. Güman ki, yaxın keçmişimizdən bir detalı xatırlayırsınız – gizlində rusların məişətini, xarakterini, tarixini, onların gətirdiyi sovet dəyərlərini lağa qoyurduq, amma elə ki, bizə aşkar bir tribuna verirdilər, başlayırdıq, özü də necə başlayırdıq! Tərif, bəlağətli sözlər, pafos – hamısı da yalan idi! Indi demokratiya ilə bağlı da bu hakimiyyət identik vəziyyət yaradıb. Demokratiyaya da metropoliya və böyük güclərin – ABŞ-ın, Avropanın gətirdiyi dəyərlər, ən yaxşı halda isə siyasi moda kimi baxırlar. Başqa alternativ ideya da yoxdur. Belə olan halda çürümə, deqradasiya, tənəzzül labüd deyilmi? Labüddür. Amma insanların sərəncamında həmişə alternativ ideya olur, insanlar süniliyə qarşı həmişə hansısa bir reallığı qarşı qoyurlar. Heç də təəccüblü deyil ki, belə olduqda güclü emosional və psixi təsirli dini ideyalar siyasi səhnəyə çıxır. Indi biz müəyyən mənada bunun – siyasi islamın təzahürlərini görürük. Təbii ki, burada süni stimullaşdırmaq meylləri də var.
Demokratik Qərbin gözündə özünün qiymətini artırmaq istəyən bu hakimiyyət siyasi islamdan özü üçün bir sipər düzəltmək, “biz olmasaq onlar gələcək” – demək istəyirlər. Amma siyasi islamı gücləndirən avtonom səbəblər də yox deyil. Götürün hicab məsələsini. O əslində dini məsələ deyil, çünki hicabdan istifadə etməyənlər də özlərini dinsiz və ateist hesab etmirlər. O, əxlaq məsələsi də deyil, çünki əks təqdirdə hicab taxmayanların əxlaqsız olduğunu iddia etmək lazım gələrdi, amma belə deyil. O, bir hüquq problemi deyil, çünki 8-9 yaşlı qız uşaqları müstəqil hüquqi qərar qəbul etmək iqtidarında deyillər. Bəs nədir bu? Siyasiləşmiş islam.

Kiçik sözardı

Bəli, insanlar heç də həmişə yenilik axtarmağa meylli olmur, həm də həmişə nəsə yeni şey uydurmaq da elə asan olmur. Hazır ideologiya var – məsələn, min ildən artıq tarixi olan din. Beləcə, şüurlar yönəlir ona tərəf. Həm də din yeganə ideologiyadır ki, onun üçün təşkilat və auditoriya problemi yoxdur – məscidlər, yas mərasimləri! Bu, kart-blanş deyilmi?