Yağ kimi” Zaurla ATV arasında pul qalmaqalı

Zaur Baxşəliyevin həbs olunduğu barədə xəbərlər yayılıb

 

“Azad Azərbaycan” telekanalı (ATV) daxilində son zamanlar bir-birinin ardınca maraqlı hadisələr baş verməkdədir. Hər şey ötən il telekanalın bədii rəhbəri Elçin Əlibəylinin aparıcısı olduğu “El içində” proqramında öz fəaliyyətini dayandırmasından sonra başlayıb. “Azadlıq”ın ötən saylarından birində də xəbər vermişdik ki, “El içində” verilişində metroseksuallar haqqında müzakirələrin ölkə rəhbərliyini hiddətləndirdiyi barədə məlumatlar yayılmışdı. Bundan sonra ATV-nin “mətbəx”indən mətbuata maraqlı xəbərlər sızmaqda davam etdi. Bəlli oldu ki, telekanal daxilində ciddi qruplaşmalar var. Üstəlik, bu qruplaşmalar da bir-birilə ciddi konfliktdədir.
Bütün bunların ardınca telekanalda yayımlanan bir neçə verilişin öz fəaliyyətini dayandırdığı məlum oldu. “Rəsmilər-qeyri rəsmi”, “Sən tək deyilsən”, “Isti izlərlə”, “Onun yarısı” kimi verilişlərin yayımına son verildiyi ortaya çıxdı.
Konkret “Onun yarısı”nın dayandırılmasının səbəblərilə bağlı mətbuatda çoxlu sayda versiyalar hallanmaqdadır. Əsas versiya isə budur ki, ATV şou-biznes, qalmaqallı, əyləncəli verilişlərə həddindən artıq yer ayırdığı üçün “yuxarıların” ciddi tənqidlərinə məruz qalıb. Elə buna görə də telekanalda yayımlanan bu məzmunlu verilişlərin sayının azaldılması, mahiyyətcə daha ciddi proqramların hazırlanmasına qərar verilib.
Eyni zamanda, “Onun yarısı”nın aparıcısı, tamaşaçıların daha çox “Yağ kimi” proqramından tanıdığı Zaur Baxşəliyev barədə də müxtəlif xəbərlər yayılıb. Məlumatlardan birində deyilir ki, Zaur təxminən 200 min manat civarında pulu mənimsəyərək, aradan çıxıb. Deyilənə görə, həmin pul proqramın səhnə tərtibatı və dekorasiyaları üçün xərclənməliymiş. Lakin Zaur Baxşəliyev bu vəsaitə sahib çıxaraq, qonşu Irana səfər edib. Səfərin məqsədi barədə isə heç bir məlumat verilmir.
Yeri gəlmişkən, “Onun yarısı”nın dayandırılmasıyla bağlı mətbuata açıqlama verən ATV əməkdaşları bunun müvəqqəti xarakter daşıdığını bildirmişdilər. Demişdilər ki, veriliş səhnə dekorasiyalarının təzələnməsi məqsədilə bağlanıb və yaxın günlərdə yenidən yayımlanacaq.
Başqa bir mənbəmiz isə Zaur Baxşəliyevin hazırda Dubayda istirahətdə olduğunu deyir.
Yeri gəlmişkən, “Yeni Müsavat” qəzeti də dünənki sayında “Yağ kimi” Zaurla bağlı məlumat yayıb. Qəzetin yazdığına görə, Zaur Baxşəliyev Milli Parkda bir qrup adam tərəfindən möhkəm döyülüb, bu səbəbdən də efirə çıxa bilmir. Insidentin kökündəki səbəb isə “Onun yarısı” ilə bağlı olub.
Hətta faktla bağlı hüquq-mühafizə orqanlarının bir sıra şəxsləri məsuliyyətə cəlb etdiyi də bildirilir.
Dünən bu xəbərə oxşar başqa bir informasiya da “Azadlıq”a daxil oldu. Məlumatda bildirilir ki, Zaur Baxşəliyev “Onun yarısı” verilişinə əvvəlcədən sözləşdiyi nişanlı cütlükləri çıxarır, onlara toy edəcəyinə söz verir, əvəzində isə bahalı hədiyyələri özü götürürmüş. Bu səbəbdən də Zaur Baxşəliyevin barəsində cinayət işi başlanıb və teleaparıcının hazırda Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsində saxlanıldığı bildirilir.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də SIA-ya müsahibəsində evlənmə proqramlarını tənqid edib. Onun fikrincə, belə verilişlər cəmiyyəti yanlış istiqamətə aparır: “Ictimaiyyət bu kimi məsələlərə haqlı narazılıqlarını ortaya qoyur. Biz də MTRŞ olaraq bu məsələlərə öz mənfi fikirlərimizi demişik. Nəinki ATV, digər kanalların hamısında bu cür verilişlərə bizim münasibətimiz kəskindir”.

İnformasiya şöbəsi