Ruslanın Bəşirlinin ata evindən reportaj

“Qəhrəmanlar bu cür cəmiyyətlərdə doğulur”

 

«Ruslan tutulan zaman evə basqın edənlərin başçısı iki aydan sonra narkotika üstündə həbs olundu»

Cəlil Bəşirov: «Tarix müəllimləri ilə mübahisə edib deyərdi ki, bizə Avropa tarixini öyrətməkdənsə, Atilla, Babək haqda danışın…»

Zemfira Bəşirova: «Ruslanın ən pis cəhəti hər kəsin günahını öz boynuna götürməsidir»

Onun həbs edilməsindən 5 ildən artıq zaman keçib. Valideynləri ildə iki-üç dəfə ölkə başçısının azad etdiyi dustaqlar arasında onu görməyəndə məyus olurlar. Amma onu da anlayırlar ki, övladları mövcud hökumət üçün arzuolunmaz şəxsdir. Söhbət zamanı mənə ayan oldu ki, sonuncu əfv fərmanında onun adının səslənəcəyinə çox ümid bəsləmişdilər. Əksini görəndə hər şeyin düşündükləri kimi olmadığını anladılar.
Yəqin ki, söhbətin Ruslan Bəşirlidən getdiyini anladınız. O Ruslan Bəşirli ki, 2005-ci ildə qondarma ittihamla 7 illiyə azadlıqdan məhrum edildi.

“Heç vaxt onun işinə qarışmamışam”

Sözün düzü, Ruslanın ailəsinə çoxdan baş çəkmək istəyirdim. Atası Cəlil müəllimlə süfrə arxasında oturub keçmişi qurdalamaq niyyətim vardı. Zərdaba qəfil səfərim bu arzunu qismən reallaşdırdı.
Vəkil Əlayif Həsənovla Cəlil müəllimin evinə yön aldıq. Düzdür, doyunca oturub söhbət edə bilməsəm də, bir az ürəyini boşalda bildim.
– Sonuncu əfv siyahısında siyasi məhbuslar Eynulla Fətullayevlə Ruslan Bəşirlinin adı çıxmadı. Siz çox ümidli idiniz?..
– Ümumiyyətlə, günahsız insanın həbsdə olması adamı sarsıdır. O biri illərdəki əfvdən o qədər ümidli deyildim. Bu il elə bilirdim nəsə olacaq.

– Ruslanla tez-tez görüşə bilirsiniz?
– Tez-tez görüşürəm. Ümumi ovqatı yaxşıdır. Baxmayaraq ki, onunla bir yerdə cinayətkarlar – dəfələrlə adam öldürən şəxslər yatır, bununla belə o, məhbəsdə öz davranışı ilə böyük hörmət qazanıb.

– Onun nədənsə narazılığı varmı?
– Səhhətində problemlər var. 5 ildən artıq məhbəs həyatı yaşamaq çətin məsələdir. Insanın sağlıq durumu normal ola bilməz.

– Iki ildən də az bir müddətdən sonra Ruslan azadlığa çıxacaq. Əvvəlki kimi yenə onun işinə qarışmayacaqsınız, yoxsa hansısa müdaxilələr olacaq?
– Heç vaxt onun işinə qarışmamışam. Ona məsləhət vermişəm, amma son qərarı həmişə özü verib. Yenə də bir ata kimi tövsiyələr verəcəm, nə edəcəyini özü bilər. Onun 32 yaşı var, həyatı öz əlindədir.

– Qohum-əqrəba, dost- tanış arasında sizə münasibət necədir?
– Münasibət yaxşıdır. Əgər 2005-ci ildə Ruslanın düz yolda olduğunu düşünənlər 25 faiz idisə, indi bu rəqəm 80-i ötüb. Ümumiyyətlə, tarixdə həmişə belə olub. 37-ci ildə də repressiyaya məruz qalan insanların ailələrini əvvəllər cəmiyyət qəbul etmirdi. Bir neçə il keçəndən sonra o insanlara münasibət başqa cür oldu.

“Çılğın adamdı”

– Ruslanın uşaqlığı necə olub? Dəcəl idi, yoxsa…
– Ruslan sakit uşaq olmayıb. Hər şeyə reaksiya verib. Müəllimləri ilə konfliktləri olub. Tarix müəllimləri ilə mübahisə edib deyərdi ki, bizə Avropa tarxini öyrətməkdənsə, Atilla, Babək haqda danışsanız daha xeyirlidir. Bir dəfə orta məktəbdə oxuyanda şagirdlərin pioner qalstuklarını yığıb tonqal qalamışdı. Yəni tam sakit, öz məcrasında axan uşaq olmayıb.

– “Bəsdir mübarizə apardın!” Nə vaxtsa bu sözləri ona demisinizmi?
– Açığı mən istərdim ki, elm dalınca getsin, sakit həyat keçirsin. Amma gördüm ki, onun yolu tamam başqadır. Elə birinci kursda öyrəndim ki, artıq AXCP üzvüdür.

– Ruslanın xarakteri necədi?
– Çılğın adamdı. Tez əsəbləşir, amma hirsi də tez soyur. Valideynə, ümumiyyətlə, insanlara qarşı çox həssasdır. Hər kəslə dil tapmağı bacarır. Məhbəsdə özünə yer edə bilib. Hər kəs onun necə insan olduğunu bilir.

– Oğlunuzu şərləyən insanı sizcə, bağışlayıbmı? Və yaxud nə vaxtsa bağışlayar?
– Ruslan onlar barədə düşünmür. Bütün bu iyrəncliklər içərisində o adamlar kimdir ki? Onlar haqda danışmağa belə ehtiyac yoxdur. Başqa yolla da olsaydı onu həbs edəcəkdilər. Necə ki, Qənimət Zahidi, Eynulla Fətullayevi, Mirzə Sakiti şərləyib dama basdılar. Bax, eləcə Ruslanı da şərləyəcəkdilər.

– O, qəhrəmandırmı?
– Mən heç nə deyə bilmərəm. Amma istənilən valideynin qəlbində övladı qəhrəman olmasa da ona yaxın bir kəsdir.

– Onda sualı belə verim. Ruslan Bəşirli sizin üçün kimdir?
– Öncə övladımdır. Ikincisi, əminəm ki, bir müddətdən sonra tarix kitablarında adı olacaq.

Cəmiyyətin tör-töküntüləri…

Cəlil müəllimlə şirin-şirin söhbət edə-edə, Əlayif Həsənovun münasibətini istəyirəm. Etiraz etmədən “proses”ə qoşulur. O, Eynulla Fətullayevin, Ruslan Bəşirlinin əfv siyahısında yer almamasını bir daha hakimiyyətin siyasi məhbusları azad etməkdə maraqlı olmadığını deyir: “Budəfəki əfv göstərdi ki, hakimiyyət humanizm nümayiş etdirmir, əksinə siyasi məhbusları həbsdə saxlamaqla onları öz məqsədləri üçün alver predmetinə çevirir”.
Ruslan Bəşirlinin həbsinin sifarişli olduğunu deyən vəkil vurğuladı ki, bir anlığa həqiqətən onun ittiham edildiyi kimi cinayət işlətdiyini qəbul etsək, qanun cəzanın çəkilməmiş hissəsini yüngül cəza ilə əvəzləməyə imkan verir: “O, cəzasının böyük bir hissəsini çəkib. Həbsxana müdiriyyəti ilə problemi yoxdur, səhhətində problem var. Bütün bunlar imkan verir ki, o, azadlığa çıxsın. Əgər azad edilmirsə, deməli, sifarişlidir, ona qarşı qərəz var. Hüquq müdafiəçiləri işlərini bu yöndə qurmalıdırlar. Daha kiminsə üstündə oyun oynamamalıdırlar”.

Cəlil Bəşirov:
– Ruslana qarşı hansı təzyiqlər olmadı. Bir məsələni qeyd edim. Məhkəmə işini bitirməmiş ona cinayətkar damğası vuruldu. Evimizə basqın etdilər.

Əlayif Həsənov:
– Basqının başında duran şəxs iki aydan sonra narkotika üstündə həbs edildi. Deyəsən, ona yeddi il iş kəsildi. Basqın “proje”sini elə primitiv qurmuşdular ki, onlar hansı məqsədlə gəldiklərini belə bilmirdilər. Bu, bir daha Ruslanın günahsız olduğunu sübut edir.

Cəlil Bəşirov:
– Oğlumun üzünə duranlar cəmiyyətin tör-töküntüləridir. Bu qədər biabırçılığı heç nağıl kitablarında da oxumamışdım.

Söhbətin bu yerində Ruslanın anası Zemfira xala otağa daxil olur. Fürsətdən istifadə edib, onu da sorğu-suala tuturam.
– Ruslanın əhval-ruhiyyəsi necədir?
– Əhvalı yaxşıdır. Ruslan nikbin adamdır. Ən çətin zamanda belə, ümidini itirmir.
– Siz Ruslanla fəxr edirsiniz?
– Bəli. Nəinki onunla, hətta nişanlısıyla da fəxr edirəm.

Cəlil Bəşirov:
– Mən tarix müəllimiyəm. Həmişə Babəkə, Qaçaq Nəbiyə mif kimi yanaşmışam. Elə bilmişəm ki, onlar bir toplumun uydurmasıdır. Amma Ruslanın məhkəməsində onun və yoldaşlarının cəsarəti bu düşüncələrimi alt-üst etdi. Deməli, qəhrəmanlar bu cür cəmiyyətlərdə doğulurlar.
– Ruslanın hansı hərəkəti sizə daha xoş gəlir?

Zemfira xala:
– Cəsarəti…
– Bəs pis hərəkəti?..
– Hər şeyi öz üstünə götürür. Başqasına söz gəlməsin deyibən onun günahını belə daşımağa hazır insandır. Ən pis cəhəti elə budur.
– Ruslan döyülüb gəlirdi, yoxsa döyüb?
– Dalaşan insan deyil, amma dəcəl olub.

*** 

Sağollaşıram. Cəlil müəllim məni ötürəndə üzündəki narazılığı hiss edirəm. Hiss edirəm ki, haqsız yerə həbs olunanları, rejimlə çarpışanları mətbuatın müntəzəm, layiqli müdafiə etmədiyindən gileylidir.

Ramin DEKO,
Bakı-Zərdab-Bakı