“Şərqdə insana dəyər verilmir…”
İran Prezidenti Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayi Tehranın Elm və Sənaye Universitetində çıxış edərək İran Islam Respublikasının ilkin dəyərlərinin təcrübədə uğursuzluqla nəticələndiyini deyib.
“Media forum” saytının məlumatına görə, yanvarın 11-də universitetdə milli dəyərlərə həsr olunmuş toplantıda çıxış edən Rəhim Məşayi bildirib ki, cəmiyyətdə təbliğ olunan islam dəyərləri ilə real həyatda və əməldə müşahidə olunanlar arasında böyük fərq var: “Şərqdə insana dəyər verilmir və insan məhrumiyyəti, yoxsulluğu, başqasının hegemonluğunu asanlıqla qəbul edir. Görəsən işimizin harasında nöqsan var?
Hamı mömin və inanclı olduğunu iddia edir. Lakin bu iddia ilə əməldə baş verənlər arasında böyük fərq var və iddia ilə əməldə olanı bir-biri ilə müqayisə etsək, cəmiyyətə bu baxımından yüksək qiymət vermək olmur.
Əgər burada sərrast danışmasaq bəs harada danışacağıq? Cəmiyyətdə yalan öz qəbahətini itirib. Görəsən cəmiyyətimizdəki qayda-qanun və ona riayət nə səviyyədədir? Bir yandan iddia edirik ki, ədalət, əxlaq, xeyir, yardım, başqasını sevmək və onun hüququna hörmət etmək bizim önəm verdiyimiz dəyərlərdir, o biri yandan da adi məişətdə və bir ailənin üzvləri arasındakı münasibətlərdə problemlərlə üz-üzə qalır, onun həllində acizik.
Bizim əlimizin, gözümüzün və qulağımızın etdiyi ilə iddia etdiyimiz dəyərlər arasında uzun məsafə var. Təsəvvür edin, qanunda qeyd olunsaydı ki, hicaba zərurət yoxdur, onda görəsən xanımlarımızın neçə faizi hicablı olardı? Görəsən nəyə görə dindən, inancdan danışıldığı, nəsihət verildiyi minlərlə minbər insanlara kifayət qədər təsir göstərə bilməyib? Görəsən işimizin harasında qüsur var?”.