“Qafqazdakı münaqişələr hər an alovlana bilər”

Nikson Mərkəzi: «ABŞ-Rusiya münasibətləri sərt döngəli təpəyə əyləcsiz qalxan nasaz maşına bənzəyir»

 

ABŞ-dakı Nikson Mərkəzinin icraçı direktoru Pol Sanders ABŞ-Rusiya münasibətlərini “sərt döngəli təpəyə əyləcsiz qalxan nasaz maşına” bənzədib.
P.Sanders APA-ya bildirib ki, hər iki tərəf üçün irəli getmək çətindir, eyni zamanda geri qayıtmaq da mümkün deyil. Buna baxmayaraq, analitik əmindir ki, rəsmi Vaşinqton və Moskva münasibətlərindəki irimiqyaslı çətinliklərin öhdəsindən gələ biləcək və bu, hər iki tərəfin xeyrinə olacaq. Qafqazdakı “dondurulmuş münaqişələr”ə gəldikdə, P.Sanders bildirib ki, bu münaqişələr hər an alovlana bilər: “Bu münaqişələrin hər birinin mürəkkəb tarixi var və bu məsələdə bütün tərəflərin incikliyi və narahatlıqları mövcuddur. Qafqazdakı münaqişələrin həll olunmaması region ölkələrində iqtisadi inkişafı və həyat standartlarını məhdudlaşdırır. Özü də bu, təkcə birbaşa münaqişə zonasında olanlara aid deyil”.
Qeyd edək ki, P.Sanders Buş Administrasiyası dövründə Dövlət Departamentində siyasi vəzifə tutub.