Nəriman Nərimanovun tarixdəki yeri (V yazı)

O, Müsavat partiyasını bəy-xan partiyası, ADR hökumətini bəy-xan hökuməti sayırdı. Onun Müsavatla, ADR hökuməti ilə barışmazlığı buna görəydi. Özünü, çevrəsini, dünyanı anlayandan o, solçuluq yolunu seçmiş, solçu ideyalarla yaşamış, sürəkli olaraq solçuluq çarpışması aparmışdı. Özü də yalnız Azərbaycan içində yox, Rusiyanı, Iranı, Türkiyəni içinə alan bir çevrədə. Bu baxımdan onu yalnız Azərbaycanın deyil, Türk-Müsəlman aləminin, Doğu dünyasının başlıca solçu lideri saymaq olardı. Ancaq ən birincisi o, Azərbaycanın solçu lideri idi. Ən başlıcası, Azərbaycanda o, çox böyük avtoritet yiyəsi idi. Buna görə onu Moskvada-Kremldə Azərbaycan Inqilab Komitəsinin, sonra da Xalq Komissarları Sovetinin sədri seçmişdilər.

Seçmişdilər, sonra da onu, belə desək, qapı dalında qoymuşdular. Postu böyük, yetkisi yox yerində idi. Respublikanın başlıca postunu tuturdu, ancaq sosial-siyasi proseslərə istədiyi, daha doğrusu, istənilən, gərəkən etkini göstərə bilmirdi. Pankratov, Mikoyan, Həmid Sultanov kimilərinin əlilə Respublika boyu törədilən qanlı qırğınların qarşısını almağa çox çalışır, çox az sonuc əldə edə bilirdi. Bir sıra tanınmış adamları, o sıradan, generallar – Ə.Şıxlinski ilə S.Mehmandarovu ölümdən çətinliklə qurtara bilmişdi. Respublikada “sovet hakimiyyəti” adı altında Azərbaycana, Azərbaycanın milli maraqlarına düşmən hakimiyyət qurulmuşdu. Respublikada formal olaraq hakimiyyət başında o dursa da, faktiki olaraq hakimiyyəti rus, erməni, yəhudi mafiyası ələ keçirmişdi. Onlar respublika boyu terror siyasəti yürüdür, total qorxu atmosferində hakimiyyətlərini gücləndirməyə, beləcə də qoruyub saxlamağa çalışırdılar. AntiAzərbaycan planlarını gerçəkləşdirmək üçün onlar başlıca olaraq siyasi-ideoloji baxımdan yetişməmiş kimsələrdən, aldadıb ələ aldıqları türk olmayanlardan yararlanırdılar.

Nərimanov – Doğu dünyasının bu böyük solçu lideri – onlarla təkbaşına ölüm-dirim çarpışması aparacaq, sonucda uduzacaqdı. Ancaq, ideoloji baxımdan yox, siyasi baxımdan. Siyasi baxımdan onlar, ideoloji baxımdan o udacaqdı. O, karyerasını itirmək qorxusu qarşısında belə, prinsiplərindən azacıq da olsa geri çəkilməyən, çəkilməyəcək gerçək solçu lider idi. Onlar – mafiya, Azərbaycanı qırmızı imperiyaya qatmağa çalışan birləşmiş güclər! “Onlar” yalnız Bakıda deyildilər, onların arxaları, başlıca ideya-siyası qaynaqları, dayaqları Bakıdan xeyli uzaqda idi. Nərimanov bunları bir az sonra biləcəkdi. Bakıdan Moskvayadək təkbaşına apardığı amansız çarpışmalar içində biləcəkdi bunları.

“Tək”, “təkbaşına” anlayışlarını bilərəkdən çox işlədirəm; yazının dramatizmini artırmaq üçün yox, yalnız bir adamla (burada, N.Nərimanov) bağlı olmayan milli tragediyamızı göstərmək üçün. Dönə-dönə deyildiyi kimi, Nərimanov yalnız Azərbaycanda deyil, ondan xeyli uzaqlarda da sevilən, sayılan lider, böyük avtoritet yiyəsi idi. Buna görə onunla bacarmaq, onu bitirmək də çətin idi. Ona qarşı birdən-birə, birbaşa, kəskinliklə çıxmaq olmazdı. Başlanğıcda ona qarşı özgələr də çıxa bilməzdilər: “özününkülər” çıxmalı idilər; aldadılmaqla, ya hansısa maraqlar üzündən düşmən güclərin (burada, rus-erməni-yəhudu mafiyası) əlaltısına çevrilmiş “milli kadrlardan” yararlanmaqla. Bakıdan Moskvayadək, onu “milli kadrların” əlilə vurub sıradan çıxarmaq taktikası seçilmişdi.

Qarşıya baxırdı. Qarşı boşluq idi: M.D.Hüseynov, Ə.Qarayev, Q.Musabəyov, Ruhulla Axundov kimi, xalqa düşmən güclər əlində alətə çevrilmişlərin yaratdığı böyük boşluq. Arxaya baxırdı… arxa da boşluq idi: M.Ə.Rəsulzadə öldürülmək qorxusu altında ölkədən çıxarılmış, Fətəli Xan Xoylunu (qardaşı ilə birgə), Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi ermənilər öldürmüşdülər, qalan tanınmışlar dağılıb didərgin düşmüşdülər.