Müxalifət Əli Əhmədovun cavabını verdi

«Bu adamın seçkidən danışmağa, qələbə barədə fikir yürütməyə mənəvi haqqı yoxdur»

 

YAP-ın icra katibi Əli Əhmədov mətbuata verdiyi açıqlamada növbəti dəfə müxalifətin ünvanına kəskin fikirlər səsləndirib. Hakim partiya təmsilçisi son parlament seçkisində baş verənləri müxalifətin xalqla işləyə bilməməsi ilə izah edib. Ə.Əhmədov, hətta müxalifəti taktikanı dəyişməyə çağırıb. Azərbaycan cəmiyyətinin radikalizmi qəbul etmədiyini deyən YAP icra katibi müxalifəti konstruktiv olmağa çağırıb. Müxalifət təmsilçiləri də öz növbəsində Əli Əhmədovu cavabsız qoymayıb.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov Əli Əhmədovun belə açıqlamalar verməsinin artıq adət halı aldığını deyir: “Baxmayaraq ki, bu adamın seçkidən danışmağa, qələbə barədə fikir yürütməyə heç mənəvi haqqı yoxdur. Çünki onun və təmsil olunduğu partiyanın seçkidə necə qalib gəldiyi hamıya məlumdur”.
H.Kərimov müxalifətin Əli Əhmədovun məsləhəti ilə hərəkət etmədiyini deyir: “Əli Əhmədov YAP-ın xeyir-duası ilə parlamentə düşən müxalifəti konstruktiv adlandırır. Biz bu rejimə qarşı müxalifətdəyik və onların arzusu ilə konstruktiv olmuruq. Hakimiyyətin sözü ilə oturub-duranlar parlamentdədir”.
Müsavat başqanının müavini Mehman Cavadoğlu isə müxalifətin seçkilərdə uduzmasının səbəbi kimi total saxtakarlığı göstərdi. Çünki bütün seçkilərdə müxalifət təmsilçiləri YAP-dan çox səs alıblar: “Son parlament seçkisində də müxalifətin səsləri oğurlandı. Bizim yeganə problemimiz saxtakarlıqdır. Saxtakarlıq olmasa, müxalifət çoxdan istəyinə nail olardı”.
M.Cavadoğlunun sözlərinə görə, radikallığı yaradan Azərbaycan hakimiyyətinin bugünkü siyasətidir. Bu siyasətin nəticəsində bütövlükdə cəmiyyətdə radikal ovqat var. Normal siyasət aparılsa, radikallıq da aradan qalxacaq.

Fizzə