Məhərrəm Əliyev nazir müavini olacaq?

Əyyub Kərim: «Məhərrəm Əliyev istənilən yüksək posta təyin oluna bilər»

 

Bakı Şəhər Baş Polis Idarəsinin sabiq rəisi, hazırda   Azərbaycanın Tacikistandakı səfiri olan Məhərrəm Əliyev milli təhlükəsizlik nazirinin müavini təyin olunacaq.
Bu barədə məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Məlumatda bildirilir ki, yaxın vaxtlarda Məhərrəm Əliyev səfir postundan geri çağırılacaq və nazir müavini kimi fəaliyyətini davam etdirəcək. Onun yaxın ətrafı bildirir ki, 2005-ci ilin oktyabrından sonra generalla hakimiyyət rəhbərliyi arasında yaranan soyuq münasibət artıq aradan qalxıb. Buna görə də Məhərrəm Əliyevə ölkə daxilində yenidən yüksək və mühüm bir vəzifənin etibar olunacağı tam inandırıcıdır.
Ekspert Əyyub Kərim də Məhərrəm Əliyevin milli təhlükəsizlik nazirinin müavini təyin oluna biləcəyini inandırıcı hesab edir. “Ümumiyyətlə, mənim fikrimcə, Məhərrəm Əliyev istənilən bu tip yüksək posta təyin oluna bilər. Çünki o, istefa mədəniyyəti göstərmiş bir şəxsdir, həmçinin Bakı polisinin rəisi vəzifəsindən getdiyi iki il ərzində onun fəaliyyətilə bağlı hər hansı mənfi nüanslar ortaya çıxmayıb”.

İnformasiya şöbəsi