“Belə bir insan azad düşüncəyə nəinki dözümsüz yanaşacaq, ümumiyyətlə nifrət edəcək”
Eynulla Fətullayev: “Ən böyük zərbələr Əli Kərimliyə dəydi, çünki məhz o, mübarizənin mərkəzindədir”
Məhbəsdə saxlanılan jurnalist Eynulla Fətullayev “Azadlıq” radiosunun izləyicilərinin suallarına cavab verib. Sual-cavabları ixtisarla diqqətinizə çatdırırıq.
Realist: Səni çoxdan gözləyən və arzulayan Azərbaycan Respublikasının prezidenti kürsüsündə nə zaman oturacaqsan ?
E.Fətullayev: Mən siyasətlə məşğul olmuram. Siyasi mübarizədə iştirak etmirəm, sadəcə maraqla seyr edirəm. Səhnədə dayanmamışam, parterdə əyləşməmişəm, hər tamaşadan sonra öz fikrimi açıq və qorxmadan söyləyirəm. İnanın ki, bu qəhrəmanlıq deyil, adi vətəndaş borcudur. Vətəndaş – öz taleyinə sahib çıxan insandır. Vətəndaş – məsuliyyətli insandır və o nəinki özünə, ailəsinə görə, həm də cəmiyyətə görə məsuliyyət hiss edir.
Feodal düşüncəli hakimiyyətimizin istəyi odur ki, biz ancaq özümüzə və ailəmizə görə məsuliyyət hiss edək. Hakimiyyətin gözündə mən təbəəyəm. Mən isə hakimiyyətin gözündə, öz gözümdəki kimi, vətəndaş kimi görünmək və olmaq istəyirəm.
Təhqiqatçı jurnalistikanı – öz peşəmi çox sevirəm. Peşəmlə məşğul olmaq istəyirəm. Lakin əksər cinayətlərin izləri, korrupsiya qalmaqalları bir istiqamətdədir – hakimiyyət dəhlizlərində.
Məhz buna görə də hakimiyyət ümumiyyətlə təhqiqatçı jurnalistikanı Azərbaycanın üzərindən silməkdə müvəffəq oldu. Peşə yoxdur – problem də yoxdur.
Təhqiqatçı jurnalistikanın son nəfəsi – “Azadlıq” radiosu əməkdaşlarının maraqlı araşdırmalarıdır. Məsələn, Xədicə İsmayılovanın “Silkway” bank haqqında araşdırmasını son illərdə ən uğurlu və peşəkar jurnalist təhqiqatı kimi qiymətləndirirəm.
“Rəfael Hüseynovun radioverilişlərini dinləyirəm, heyrətlənirəm!”
Oxucu: Eynulla bəy, Anara ünvanladığın yazını və Zori Balayana ondan çox hörmət etdiyini demək heç də düzgün deyil. Anarı bu şəkildə hörmətsiz etməyə ixtiyarımız yoxdur. Anar millətin dəyəridir. İsa Qəmbərin bu olaya münasibətini sənə xatırlatmaq istərdim, yəqin xəbərdarsan. “Anarı döyülən rezin fiqura çevirmək lazım deyil”. Həm də Anar iqtidarı tənqid etməklə hər şey o dəqiqə düzələcəksə, gəlin yığılıb Anarı buna məcbur edək…
E.Fətullayev: Təşəkkür edirəm, lakin mən həmişə potensialımı lazımi istiqamətdə xərcləmişəm. Əks halda hökumət məni illərcə cəmiyyətdən təcrid etməzdi.
Anarla polemikaya qayıtmaq istəmirəm. Mən bu haqda fikirlərimi daha ətraflı oxuculara çatdırdım, Anar da mənə cavab yazdı. Qismət olsa, onunla mütləq azadlıqda görüşəcəyəm.
Özü də məni görüşə dəvət edib. İsa Qəmbərin məlum fikrinə qayıtdıqda isə, İsa bəy – böyük tarixi şəxsiyyətdir və onun hər bir fikri mənim üçün çox dəyərlidir. Lakin fikrimcə, heç bir mövzuda və heç bir halda söz azadlığını məhdudlaşdırmaq olmaz.
Ancaq söz azadlığı da etik çərçivələri aşmamalı, ədəb qaydalarını pozmamalıdır. Diqqət yetirin, Anar barəsində hansısa fikirlər söyləyərkən, mən daima onun istedadlı yazıçı olduğunu xüsusilə vurğulamışam.
Gəlin, bizə çox bənzəyən Rusiyanın nümunəsinə nəzər salaq. Bu gün Nikita Mixalkov və ya yazıçı Valentin Rasputin kimi nəhəng ziyalılar, Andron (Andrey) Konçalovski kimi dünya miqyaslı məşhur rejissor (mən heç rəhmətlik Sergey Mixalkovu demirəm), rus publisistləri və jurnalistlərinin tənqid hədəfləridir.
Onların heç biri, eynilə “sosrealizm şinelindən” çıxmış bizim ziyalı və yazıçılar kimi rus cəmiyyətində baş alıb gedən ədalətsizliyə, zorakılığa və dövlətin cinayətlərinə münasibət bildirmir. Susurlar!
Politkovskayanı qətlə yetirirlər, onlar susur. Sahibkarlığı məhv edirlər, onlar susur. Xodorkovskini azadlığa buraxmırlar, onlar yenə də susur.
Şimali Qafqazda etnik təmizləmələrə, Ramzan Kadırovun terrorçu fəaliyyətinə, xüsusi xidmət orqanlarının kriminallaşmasına göz yumurlar, danışmırlar, biganəlik göstərirlər.
Rusiyanın ictimai fikri də gertsensayağı “Zəng” çalır, Mogikanları oyatmağa çalışır. Durun, oyanın, həyəcan təbili çalın – çünki Vətən darda olanda millətin ziyalı sözünə ehtiyacı yaranır.
Və bu məqamda Nemtsovun və ya Milovun ağlına da gəlmir ki, Mixalkovu müdafiə etmək lazımdır. Heç Sokurovu da müdafiə etmirlər, çünki əgər sən Lev Tolstoyun əsərlərini ekranlaşdırırsansa, öz-özünə sual verməlisən: “Tolstoy susardımı?”.
Sən Tolstoy haqda danışıb Tolstoy kimi yaşamağa cəhd etməyəcəksənsə, deməli riyakarsan! Həbsxanada mən tez-tez Rəfael Hüseynovun Cavid, Müşfiq, Yusif Vəzir, Üzeyir bəy, Niyazi və başqaları haqqında radioverilişlərini dinləyirəm. Heyrətlənirəm!
Görəsən, əvvəllər “Amerikanın səsi” vasitəsilə ölkədəki dərəbəylik barəsində şövqlə danışan Rafael müəllim öz bugünkü mövqeyinə görə peşmançılıq hissi keçirirmi? O, Niyazi haqqında danışır.
60-cı illərdə Niyazi ən azı inciyib, Azərbaycanı tərk edib Leninqrada köçmüşdü. Görəsən, Milli Məclisin deputatı Rəfael müəllimdə etiraz da demirəm, adi cəsarət qalıbmı? Məgər bu sualları səsləndirmək qəbahətdirmi?
Mən bu yaxınlarda bizim bəzi gənc yazarlarımızın kitablarını oxudum. Yeri gəlmişkən, Seymur Baycanı çox bəyəndim (məncə Seymurun istedadı yazıçı Dovlatovun istedadından heç də az deyil).
Amma mənim bütün yazıçılara məsləhətim odur ki, jurnalistikaya dönsünlər. Jurnalistikada olanlar isə oradakı fəaliyyətini daha da artırsınlar.
Hər kəs özünə sual versin: Bunin, Pasternak, Bulqakov və Selincer kimi yaza biləcəkmi? Mən Zamin Hacının fikriylə tam razıyam – hər şey artıq yazılıb: şedevri isə dahilər yaradır.
Özünüzə verdiyiniz qiymətdən asılı olmayaraq, siz qayıdın jurnalistikaya. Şahbaz Xuduoğlu isə kitab naşirliyindən qəzet naşirliyinə qayıtsa yaxşıdır. Maraqsız və istedadsız hekayələrdənsə, tənqidi və təhqiqatçı jurnalistikaya ehtiyac var.
“Mütləq hakimiyyət və kütləvi məddahlıq İlham Əliyevi ərköyünləşdirib”
Panax: Eynulla bəy, açıq hiss olunurdu ki, İlham Əliyev sizdən çox qorxurdu. Sizin hansı keyfiyyətiniz İlham Əliyevi qorxudurdu. Cəsarətli olmağınız, savadlı olmağınız, yoxsa dünya görüşünüzün çox olması? Hansı amil, sizcə?
E.Fətullayev: Düşünmürəm ki, İlham Əliyev məndən və ya ümumiyyətlə kimdənsə qorxur, ya çəkinir. İlham Əliyevin yeganə qorxusu – hakimiyyətin itkisi və Əliyevlər sülaləsinin davamlı üsul-idarəsinin təmin olunması nəzəriyyəsinin iflasa uğramasıdır.
İ.Əliyev tənqidə çox dözümsüzdür. Emosional insandır, təkəbbürlüdür. Mütləq hakimiyyət və kütləvi məddahlıq onu bir az ərköyünləşdirib.
Həm də neft pullarının seli qarşısında davam gətirə bilmədi, bonapartizm virusuna yoluxdu. Bu isə çox fəsadlı siyasi xəstəlikdir və demək olar ki, müalicə olunmur.
İ.Əliyev siyasi təfəkkürdən və elmdən, yaradıcılıqdan uzaq adamdır, o, klassik kommersantdır, komprador burjuydur.
Belə bir insan alternativ fikrə, azad düşüncəyə və fikir müxtəlifliyinə bütün hallarda nəinki dözümsüz yanaşacaq, ümumiyyətlə nifrət edəcək.
Onun üçün “siyasi baxışlar” məfhumu qanqaraldıcı appendiksdir, dilxorçuluğa səbəbdir – lazım olmayan vaxt iltihablanır.
İlham Əliyev jurnalistikaya iltihablanan appendiks kimi yanaşır, lazım olmayanda, narahat edəndə, zəruri cərrahiyə müdaxiləsinə əl atıb kəsib tullayır bir yana – ya qəbiristanlığa, ya da zindana.
Elmar Hüseynovdan fərqli olaraq mənə bir balaca hörmət olundu, zəruri cərrahiyə müdaxiləsi nəticəsində məni kəsib “Qurd qapısına” yox, zindanın qapısına göndərdilər.
“Əfsuslar olsun ki, bəziləri Əli Kərimli ilə aramda nifaq saldılar”
Rauf: Hansı səbəbdən Siz 2005-ci ildə Əli Kərimlini təhqir, İlham Əliyevi tərif etdiniz?
E.Fətullayev: Əli Kərimli çox istedadlı siyasətçidir, mahir təşkilatçıdır və məharətli natiqdir. Bizim gözəl münasibətlərimiz olub.
Hətta rəhmətlik Elmarın dəfn mərasimində bəziləri Əli Kərimlinin çıxış etməsinə maneələr yaratsa da, mən qəflətən kürsüyə qalxıb onu çıxışa dəvət etdim. Bu kadrlar televiziyada yayımlanmışdı. Əfsuslar olsun ki, sonradan bəziləri bizim aramızda nifaq saldılar. Həmin jurnalistlər indi iqtidar düşərgəsindədirlər. Mən sadəcə bu təxribatın mahiyyətini anlamlı idim və emosionallığa yol verməməli idim. Məncə, sonradan Əli bəy də bu təxribatın xəttini aydın gördü.
Əli Kərimlini heç vaxt təhqir etməmişəm, lakin çox sərt tənqid etmişəm. Və bu tənqid şəxsi motivlərlə bağlı deyildi, 2005-ci ildəki situasiyanın qiymətləndirilməsində fərqli yanaşmaların təzahürü idi.
2005-ci ilin psevdoinqilabının acı nəticələri göz qabağındadır. Məncə, müxalifət çox tələsdi. Yenicə hakimiyyəti zəbt etmiş İ.Əliyevə hələ xalqın böyük hissəsinin etimad limiti tükənməmişdi, bir çoxları onun müasir görkəminə və liberal libasına uyub tezliklə siyasi və iqtisadi islahatların həyata keçməsinə ümidli idi. Məncə, müxalifət hakimiyyətin (xüsusilə Rusiyapərəst qanadın) əlinə fürsət vermədən, öz istehkamlarını qoruyub, demokratik institutları inkişaf etdirib 2008-ci və ya 2010-cu ili gözləməli idi. Lakin bu baş vermədi.
İtkilər çox oldu, fəqət faciə deyil. Özü də ən böyük zərbələr də Əli Kərimliyə dəydi, çünki məhz o, mübarizənin mərkəzindədir.
“İlham Əliyevin islahatlar həyata keçirəcəyinə ümidli idim”
İlham Əliyevi heç vaxt tərifləməmişəm. Səmimi qəbul edin, 2005-ci ildə İlham Əliyevin heydərizm kursunu təftiş edərək cəsarətli siyasi və iqtisadi islahatlar keçirəcəyinə ümidli idim.
Və məhz buna görə də o zaman “yuxarıdan inqilab” nəzəriyyəsini təbliğ edirdim. Xatırlayın, 2005-ci ildə polis orqanlarında böyük qanqster dəstəsi zərərsizləşdirildi, DİN-in bir qrup zabiti, hökumətdə ən korrupsiyalaşmış simalar həbs edildi və istefaya göndərildi.
Hələ o zaman İ.Əliyev çıxışlarında 800 min iş yerlərindən və bu kimi Brejnevsayağı cəfəngiyyatlardan yox, məhz inhisarçılığa və korrupsiyaya qarşı mübarizədən danışırdı.
Əli İnsanovun və başqalarının həbsindən sonra mən həvəslə Ramil Usubovun, Zakir Qaralovun, Rüstəm Usubovun həbslərini, Ramiz Mehdiyevin fəxri təqaüdə göndəriləcəyini gözləyirdim.
Bu, baş verməli idi. Ən azı Azərbaycanda ən qeyri-populyar məmur siması – Hacıbala Abutalıbovun istefası labüd idi və məncə İ.Əliyev artıq buna hazırlaşırdı.
Lakin 2006-cı ilin yayında İ.Əliyev sanki “Qorbaçov yenidənqurması” mərhələsindən birdən birə Çernenko mühafizəkarlığına dönüb, bütün dəyişiklikləri tormozlayıb, Avrointeqrasiya kursuna son qoydu, müxalifəti, demokratik institutları boğmağa başladı…
Sonra jurnalistlərin həbsi erasına qədəm qoydu. Nəhayət, “demokratiya” sözü onun leksikionundan birdəfəlik yox oldu.
“AXCP iqtidarının məni həbs etdirəcəyinə inanmıram”
Mirzə: AXCP hakimiyyətə gəlsə, səni yenidən türməyə göndərəcək… Çünki sən onların da “quyruğunu” tapdalamısan.
E.Fətullayev: AXCP hakimiyyətə gəlsə də, mən işimi davam etdirəcəyəm. Tənqidi jurnalistikadan imtina etməyəcəyəm.
Yaxşı yadımdadır, 2003-cü ildə prezident seçkilərinin favoriti İsa Qəmbərin azad və ədalətli seçkilərdə qələbəsinə əksəriyyət şübhə etmirdi. O zaman hələ azad seçkilərə ümidimiz qırılmamışdı. Mən Elmardan soruşdum: “İsa Qəmbər seçkilərdə qələbə çalsa, neyləyəcəyik?”. Elmarın cavabı çox lakonik oldu: “İşimizi və tənqidimizi davam etdirəcəyik”.
Birincisi, AXCP iqtidarının məni həbs etdirəcəyinə inanmıram. Əli Kərimli və onun silahdaşları fədakar və demokratik mübarizə aparırlar. Bu insanlar mübarizədə böyük qurbanlar verirlər və hakimiyyətə gələcəkləri təqdirdə demokratik prinsiplərdən imtina edəcəklərinə inanmıram.
Lakin birdən həbs etsələr, ümidvaram ki, “Azadlıq” radiosu, Avropa Şurası və digər demokratik institutlar məni müdafiə edəcəklər.