Hökumət saxtakarlığını etiraf edib

Hökumət siyasi rəqiblərinin seçki hüququnu pozduğunu Avropa Məhkəməsinin tribunası qarşısında etiraf etdi

 

İntiqam Əliyev: «Əminəm ki, bu işlə bağlı bizi qarşıda maraqlı hadisələr gözləyir»

Bugünlərdə belə bir məlumat yayıldı ki, guya, Avropa Məhkəməsi Azərbaycan müxalifətçilərinin (Isa Qəmbər, Eldar Namazov, Elçin Rzayev, Mirmahmud Fəttayev, Fuad Mustafayev, Ilham Hüseyn və Yaqub Məmmədov) 2005-ci ilin parlament seçkisində yol verilmiş saxtakarlıqlarla bağlı şikayətlərini rədd edib. Azərbaycan hökumətinin Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov da “Trend”ə açıqlamasında xəbəri təsdiqləyib. Lakin “Azadlıq” olaraq, başqa bir mənbədən xəbər aldıq ki, məsələ heç də hökumətin təqdim etdiyi kimi deyil. Hökumət özü Avropa Məhkəməsinə müraciət edərək, dolayısıyla 2005-ci ilin parlament seçkisində şikayətçi müxalifətçilərin hüquqlarının pozulduğunu etiraf edib. Hətta bu hüquq pozuntusuna görə şikayətçilərə kompensasiya ödəmək barədə də öhdəlik götürüb. Bu barədə “Azadlıq”ın ötən sayında məlumat vermişdik.
Bəs əslində, nə baş verib? Hansı məlumat həqiqətəuyğundur? Bütün bu suallara cavab tapmaq üçün ərizəçi müxalifətçilərin Avropa Məhkəməsində hüquqlarını müdafiə edən hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyevə müraciət etdik.
– Nə baş verib? Həqiqətənmi, hökumətyönlü media orqanlarının yaydığı kimi, Avropa Məhkəməsi bu şikayətləri rədd edib?
– Ondan başlayım ki, Avropa Məhkəməsi heç də iddia olunduğu kimi, ərizəçilərin şikayətini rədd etməyib. Sadəcə, Isa Qəmbər, Eldar Namazov, Elçin Rzayev, Mirmahmud Fəttayev, Fuad Mustafayev, Ilham Hüseyn və Yaqub Məmmədovun şikayətlərini işlərin siyahısından çıxarıb. Avropa Məhkəməsi bu şikayətlər üzrə tərəflərlə, o cümlədən Azərbaycan hökumətilə yazışmaları 2008-ci ilin ortalarından başlayıb və kommunikasiyalar təxminən 1 ilə yaxın davam edib. Hökumət bu müddətdə pozuntuları birmənalı şəkildə tanımamaq mövqeyi tutub və şikayətçilərin bununla bağlı Strasburqa təqdim etdiyi bütün sübutları, arqumentləri rədd edib. Lakin Nemət Əliyevin işin üzrə qərar elan edildikdən sonra digər şikayətlər üzrə qərarların qaçılmaz olduğu və onların 2010-cu ilin parlament seçkiləri ərəfəsində elan oluna biləcəyi ehtimalının böyük olduğunu anlayanda, hökumət taktikasını dəyişdi. Barışıq sazişi və onunla əlaqəli şikayətlərin siyahıdan çıxarılması təklifini irəli sürdü. Bunun arxasında hökumətin həmin qərarların qəbulunu əngəlləmək niyyətinin dayandığı hələ o vaxt heç bir şübhə doğurmurdu.

– Hökumətin barışıq sazişi barədə təkliflərinin məzmunu maraq doğurur…
– Bununla bağlı bir neçə məktub olub. Barışıq sazişinin aprel ayında açıqlanan ilkin variantında hökumət əsasən, kompensasiya ödəmək öhdəliyini üzərinə götürmüşdü. O, barışıq sazişilə bağlı təklifinə verdiyi şərhdə bildirmişdi ki, bu cür təkliflə çıxış etməsi onun şikayətçilərin hüquqlarını tanıması anlamına gəlmir. Bu, bir daha o faktı təsdiqləyirdi ki, hökumət şikayətçilərin hüquqlarının bərpası, gələcəkdə bu cür pozuntuların baş verməsinin qarşısının alınması istiqamətində ümumi xarakterli tədbirlər görmək niyyətində deyil. O zaman şikayətçilərin bununla bağlı etirazı Avropa Məhkəməsinin diqqətinə çatdırıldı və vurğulandı ki, qarşıdan parlament seçkiləri gəlir, hökumət parlament seçkilərinə qədər bu qərarların elan edilməsini istəmir. Kommunikasiyaların başa çatmasından 5 ay keçdikdən sonra və qərarların qəbul edilməsi mərhələsində barışıq təklifi də qərarların qəbulu prosesini ləngitmək məqsədi güdür. Ona görə də Məhkəmədən şikayətlərə mahiyyəti üzrə baxılaraq qərar verilməsi xahiş edildi.
Bundan sonra iyun və oktyabr aylarında Avropa Məhkəməsinə, o cümlədən şikayətçilərə ünvanlanan yazışmalarda hökumət təkliflərinə bəzi korrektələr etdi. Məsələn, 2010-cu ilin oktyabrında hökumət Avropa Məhkəməsinə ünvanladığı birtərəfli bəyanatında etiraf etdi ki, şikayətçilərin 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulmuş hüquqları pozulub. Hökumət mənəvi ziyana, habelə məhkəmə xərclərinə və digər məsrəflərə görə hər bir şikayətçiyə ümumilikdə 9 min 100 avro məbləğində kompensasiya ödəməyə hazır olduğunu bildirdi. Yeri gəlmişkən, deyim ki, ilk təkliflər 8 min və 6 min avro məbləğində idi.
Hökumət öz bəyanatında onu da qeyd etdi ki, seçki komissiyaları tərəfindən şikayətlərə baxılması prosedurunun təkmilləşdirilməsi üçün Seçki Məcəlləsinə dəyişikliklər edilib. Həmçinin gələcəkdə seçki pozuntularına aid bütün şikayətlərin ölkədaxili səviyyədə səmərəli şəkildə araşdırılmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verməyi və bütün zəruri tədbirləri görməyi öhdəsinə götürdü. Hökumət Azərbaycana aid bu və buna bənzər işlərdə Avropa Məhkəməsinin qərarlarının icrasına Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən nəzarətin seçki qanunvericiliyinin və praktikasına təkmilləşdirmələrin təmin edilməsi üçün münasib mexanizm kimi qəbul etdiyini, həmin proses çərçivəsində bu qurumla zəruri əməkdaşlığı davam etdirəcəyini bəyanatda qeyd etdi. Bunların müqabilində hökumət şikayətləri işlərin siyahısından çıxarmağı Məhkəmədən xahiş etdi.
Noyabrın 9-da bu təkliflə bağlı Strasburqa yazdığımız cavabda pozuntuların hökumət tərəfindən etirafının “formal xarakter” daşıdığı və yeganə məqsədin işlərin siyahıdan çıxarılması olduğunu yenidən vurğuladıq. Çünki bəyanatda bu şikayətlərlə bağlı işlərə ölkə daxilində təkrar baxışın keçirilməsi barədə hökumətin öz üzərinə hər hansı öhdəlik götürməsi barədə heç nə deyilmirdi. Bildirdik ki, işlərin siyahıdan çıxarılması ölkədaxili səviyyədə işlərə yenidən baxılması və onların mühitə təsiri imkanını xeyli zəiflədir. Həmçinin Məhkəmənin diqqətinə çatdırıldı ki, hökumətin seçki qanunvericiliyinə etdiyi dəyişikliklər bəyanatda qeyd edildiyi kimi, “şikayətlərdə qaldırılmış məsələlərlə bağlı vəziyyətin yaxşılaşdırılmasına” deyil, əksinə, seçki hüquqlarının daha məhdudlaşdırılmasına yönəlib. Şikayətçilər həmçinin bildirdilər ki, hökumətin təklif etdiyi pul kompensasiyasının məbləği ilə razı deyillər və onu həddən artıq az hesab edirlər.
Bundan sonrası oxuculara artıq bəllidir: Avropa Məhkəməsi dekabrın 3-də hökumətin üzərinə götürdüyü öhdəlikləri nəzərə alaraq şikayətləri işlərin siyahısından çıxardı.

– Sizcə, Avropa Məhkəməsinin bu cür qərar qəbul etməsinə hansı amillər təsir edib?
– Düşünürəm ki, bir neçə amil. Avropa Məhkəməsinin seçkilərlə bağlı bu vaxta qədər cəmi 2 qərarı olub. Postsovet ölkələri Avropa Şurasına daxil olana qədər Məhkəmə seçkilərdə saxtakarlıq, hakimiyyət qurumlarının seçki prosesinə müdaxiləsi, karusel, seçicilərin pulla ələ alınması və buna oxşar digər pozuntularla bağlı işlər olmayıb.
Ona görə də seçki ilə bağlı Avropa Məhkəməsinin hətta bir qərarı ciddi hadisə kimi qəbul edilir. Təsəvvür edin, bir ölkə üzrə seçkilərlə bağlı 15 qərar çıxarılır. Başqa sözlə, Azərbaycandan Avropa Məhkəməsinə seçkilərlə bağlı ünvanlanan hər iki şikayətdən birində azad seçki hüququnun pozuntusu tanınıb. Bunu adi dilə çevirsək, o anlama gəlir ki, bu ölkədə seçki olmayıb. Nəzərə alsaq ki, bu şikayətlərdə hökumətin xeyrinə saxtakarlıq etdiyi iddia edilən şəxslərin arasında yüksək vəzifəli şəxslər, o cümlədən hazırda Avropa Şurası Parlament Assambleyasının üzvü olan şəxslər var. Təsəvvür edirsinizmi, AŞ PA-nın üzvü öz ölkəsində, bizim dildə desək, saxta, Konvensiyanın dili ilə desək, azad olmayan seçkilər nəticəsində deputat mandatına yiyələnib…

– Sözünüzdən belə çıxır ki, qərarın verilməsində siyasi amillər rol oynayıb?
– Əslində, bu cür qərarın meydana çıxmasına fərqli izah da vermək olar. Avropa Şurasına üzv olan dövlət bəyanat verir ki, vətəndaşlarının hüquqlarının pozuntusunu tanıyır, onların haqqını təmin etməyi və gələcəkdə bu cür pozuntuların bir daha baş verməməsi üçün zəruri tədbirləri görməyi öhdəsinə götürür. Onun dediyini qəbul etməmək o anlama gəlir ki, Avropa Məhkəməsi Azərbaycan hökumətinə deyir ki, mən sənə inanmıram, çünki sən yalançısan. Bu mənada, prinsipcə, bu cür qərarların qəbuluna bəraət qazandırmaq da olar. Başqa sözlə, Məhkəmə bu yolla öz hüquq sistemindəki problemləri aradan qaldırmaq üçün dövlətə şans verir. Məhkəmə dəfələrlə vurğulayıb ki, onun əsas məqsədi qərarları vasitəsilə ölkədaxili sistemin inkişafına yardım etməkdir. Amma Strasburqda oturanlar bir həqiqəti anlamır və ya anlamaq istəmir ki, elə hökumətlər var ki, onlar üçün öhdəlik götürüb onu icra etməmək adi bir şeydir və bu cür bəyanatlar da onlar üçün yeni yalandan başqa bir şey deyil.
Avropa Məhkəməsinin bu məzmunda qərarının verilməsində siyasi faktorların təsirinin mümkünlüyü ilə bağlı suala gəlincə, bu fikri nə təsdiqləyirəm, nə də inkar edirəm. Amma şikayətçilərin ölkədə insan hüquqlarının, o cümlədən seçki hüququ sahəsində durumu, yerli və beynəlxalq təşkilatların 2010-cu ilin parlament seçkiləri ərəfəsində ölkədə azad seçki keçirilməsi üçün mühitin olmadığı (ATƏT-in aralıq hesabatını yəqin xatırlayırsınız), Avropa Məhkəməsinin seçki pozuntuları ilə bağlı öncə elan etdiyi qərarların (Mirəziz Seyidzadənin və Namət Əliyevin işləri) icrası istiqamətində hökumətin heç bir tədbir görmədiyi və s. arqumentlərinə baxmayaraq, Strasburq Məhkəməsinin şikayətləri baxılan işlərin siyahısından çıxarması xeyli suallar doğurur.
Məhkəmə hesab edib ki, sözügedən işlərin baxışını davam etdirməyi qərara alsaydı və Konvensiyanın analoji pozuntusunun baş verdiyini müəyyən edən qərarlar çıxarsaydı, həmin qərarların icrası çərçivəsində görülməli olan ümumi tədbirlər istənilən halda, Nemət Əliyevin işi üzrə qərarda qəbul edilmiş tədbirlərlə eyni olacaqdı.
Avropa Məhkəməsinin bu qərarında ortaya qoyduğu məntiqindən çıxış etsək, onda gərək Məhkəmə işgəncə ilə və ya media azadlığı ilə bağlı bir qərar çıxarandan sonra, daha, oxşar şikayətlər üzrə qərarlar verməyə. Çünki əslində, bir qərar yetərli olmalıdır ki, ölkələr həmin pozuntunun baş verməsinə səbəb olan halları aradan qaldırsın, qanunvericiliyi və onun tətbiqi praktikasını dəyişsin və s.
Avropa Məhkəməsi hökumətin təhriki ilə işlərə baxmaqdan imtina etməklə çox pis presedentin əsasını qoyur: hökumət seçkini saxtalaşdırır, bunun əvəzində haqqı pozulana 9 min 100 avro pul ödəyir və bununla da saxtakarlıq qiymətdən kənarda qalır. Dostlarımdan birinin yarızarafat-yarıciddi dediyi kimi, deputat yerini hökumət 9 min 100 avroya satır.

– Amma hökumət pozuntuları etiraf edib. Deyəsən, ilk dəfə baş verir bu…
– Bu hadisənin ən maraqlı tərəfi məhz budur. Hökumət ilk dəfə öz siyasi rəqiblərinin hüquqlarını pozduğunu Yüksək Məhkəmə tribunası qarşısında etiraf edir. Özü də hansı hüquqlarını?! Siyasi hüquqlarını və onların arasında ən vaciblərindən biri olan seçki hüququnu! Bu, yaxşı bir ibrətamiz dərsdir.

– Hökumət birtərəfli bəyanatında göstərilən və şikayətlərin işlərin siyahıdan çıxarılmasına səbəb olan öhdəliklərini icra etməsə, nə baş verəcək?
– Məhkəmə öz qərarında hökumətin Nemət Əliyevin işi üzrə qərarın icrası çərçivəsində görülməli olan ümumi tədbirlərin zəruriliyilə bağlı öhdəliyinə əməl etmək vəzifəsini bir daha vurğulayıb. Məhkəmə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyini hökumətin diqqətinə çatdırmaq üçün xüsusi olaraq Konvensiyanın 37-ci maddənin 1-ci bəndinin sonundakı qeyd-şərti xatırladıb: Konvensiya və onun Protokolları ilə təmin olunan insan hüquqlarına riayət olunması tələb edirsə, Məhkəmə şikayətə baxmaqda davam edir. Başqa sözlə, hökumət üzərinə götürdüyü öhdəlikləri icra etməsə və növbəti dəfə yalançı olduğunu nümayiş etdirsə, Avropa Məhkəməsi şikayətlərin siyahıdan çıxarılması barədə qərarını ləğv edə və onlara mahiyyəti üzrə baxa bilər.

– Bu qərarla bağlı növbəti addımlarınız?
– Növbəti addımlarla bağlı müzakirələrimiz davam edir. Iki variant var. Birinci variant: şikayət veririk və işlərin siyahıdan çıxarılması barədə qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını tələb edirik. Ikinci variant: qərardan şikayət verilmir, o qüvvəyə minir, hökumətin bu və bundan qabaq seçki ilə bağlı qərarların icrası sahəsində üzərinə götürdüyü öhdəliklərin icrasıyla bağlı hansı tədbirləri görəcəyini gözləyirik. Hökumətin kompensasiya ödənişindən başqa hər hansı tədbir görmək istəmədiyi bir daha bəlli olanda, Avropa Məhkəməsinə və onun qərarlarının icrasına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsini məlumatlandırmaqla şikayətlərə mahiyyəti üzrə baxılmasını tələb edirik.
Qərardan şikayət vermək ehtimalı çox böyükdür. Hərçənd indiki mərhələdə ola bilər ki, şikayətin uğur qazanma ehtimalı bir qədər dumanlı görünür. Amma bununla yanaşı, Avropa Məhkəməsinə bu barədə etirazın çatdırılmasını önəmli sayırıq. Azərbaycan kimi ölkələrlə bağlı bu, çox vacibdir.
Bir qədər əvvəl dediyim kimi, hökumət Nazirlər Komitəsinin onun bu şikayətlərlə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasına nəzarətini münasib mexanizm kimi qəbul etdiyini barışıq sazişi barədə təklifində rəsmi bəyan edib. Ona görə də əminəm ki, bu işlə bağlı bizi qarşıda maraqlı hadisələr gözləyir.

Aytən Məmmədova