Əhməd Oruc-Pənah Hüseyn savaşı səngimir

Partiya sədri ilə sabiq deputat arasındakı qarşıdurma bütövlükdə DUI-ni əhatə edib

 

Demokratiya Uğrunda Ittifaqda (DUI) qalmaqal səngimək bilmir. DUI-də təmsil olunan “Azadlıq” Partiyasının sədri Əhməd Orucla Azərbacan Xalq Partiyasının (AXP) qurucusu, sabiq deputat Pənah Hüseyn arasındakı konflikt artıq bütövlükdə qurumu əhatə edib.
Əhməd Oruc bundan əvvəlki açıqlamalarında demişdi ki, Pənah Hüseyn AXP-nin yenidən DUI-yə qayıtmaq cəhdlərinin qarşısının alınmasında onu günahkar bilir. Bu baxımdan da ona qarşı hücuma keçib. Pənah Hüseynin isə Əhməd Oruca cavabı sərt olmuşdu. “Əhməd Oruc qələt eləyir, başını daşdan-daşa döyür”, – deyə sabiq deputat vurğulamışdı. Pənah Hüseyn həmçinin əlavə etmişdi ki, Əhməd Oruc qorxusundan onun telefon zənglərinə cavab vermir. “Azadlıq” Partiyasının sədri də Pənah Hüseynin bu ifadələrini cavabsız qoymamışdı. O da sabiq deputatı tərbiyəsiz adlandırmışdı. Əhməd Oruc, həmçinin Müsavatın Məclis sədri Arzu Səmədbəylini də hakimiyyətə yarınmaqda suçlamışdı.
Bu savaşda, hətta DUI-nin söz sahibi olan Klassik Xalq Cəbhəsinin də müdaxiləsinə baxmayaraq tərəflər qarşılıqlı ittihamlarını davam etdirirlər.
Əhməd Oruc dünən qəzetimizə açıqlamasında bildirib ki, Pənah Hüseyn və Müsavatın bəzi funksionerləri onu hədəf seçməklə bəzi məsələlərdən diqqəti yayındırmağa çalışırlar: “Bilirsiniz ki, Müsavatdan qopmalar var. Və bu gündəmin əsas mövzusudur. Bu mövzunu gündəmdən çıxarmaq üçün məni hədəfə alıblar aranı qarışdırırlar. Həmçinin birlik məsələsində tutduqları mövqeni ört-basdır etmək istəyirlər. Pənah Hüseyn KXCP-nin Ictimai Palataya qoşulmamasında məni günahkar bilir və bunu bəhanə edərək aranı qarışdırır. Indi görürlər ki, səhv ediblər. Ona görə də bir az da yumşaq tonda danışmağa başlayıblar”.
Əhməd Oruc bir daha Pənah Hüseynin onun barəsində aşağılayıcı ifadələr işlətməsinə toxunub: “Bu, onun səviyyəsini göstərir. Həmçinin bu məsələdə mənə hücuma keçənlərin səviyyəsini göstərir. Tərbiyəsizlik edirlər. Bu adamlar təhqir olunmağa öyrəşiblər. 60 yaşları var, yenə də istəyirlər ki, təhqir olunsunlar. Pənah Hüseyn deyir ki, onun zənglərinə cavab vermirəm, qorxuram. Yəqin Pənah Hüseyn istəyir ki, biz telefonda söyüşək. Ola bilər Pənah Hüseyn söyüşməkdən zövq alır. Amma mənim səviyyəm buna yol vermir”.
Daha sonra partiya sədri “zəng məsələsi”lə bağlı ironik fikirlər işlədib: “Mən Pənah Hüseyndən nəinki qorxuram, lap belə üyüdürəm. Çünki o qoçudu, 60 yaşlı qoçu. Hamıya hədə-qorxu gəlir”.
Əhməd Orucun fikirləri ilə bağlı Pənah Hüseynin mövqeyini öyrənə bilərdik. Lakin sabiq deputat dünənki sayımıza açıqlamasında bildirib ki, onun üçün “Əhməd Oruc mövzusu” bitib və bu barədə nə lazımdısa deyib, əlavəsi yoxdur. Ona görə də Pənah Hüseyni narahat etmək istəmədik. Lakin sabiq deputat fikrindən daşınıb, Əhməd Oruca cavab vermək istəsə, onun da fikirlərini dərc edə bilərik.
Pənah Hüseyndən fərqli olaraq Arzu Səmədbəyli Əhməd Orucun ittihamlarını cavablandırıb. Özü də Müsavatın Məclis sədrinin cavabı kifayət qədər sərt olub: “Əhməd Oruc mənim necə deputat olduğumu bilmək istəyirsə, parlamentdə etdiyim çıxışlarımı CD formasında seçicilərimə paylamışam. Gedib qulaq assın, öyrənsin, görsün ki, deputat necə olur. Hərçənd ki, onun yaxşı deputat olmaq bacarığına malik olduğuna inanmıram. Hər halda gedib öyrənsin, çalışsın”.     
KXCP-nin Idarə Heyətinin üzvü Ədalət Yusifov da Əhməd Orucla bağlı qalmaqala münasibət bildirib. Ədalət Yusifov hesab edir ki, Əhməd Oruc yanlış yoldadır: “Lakin mən ümid edirəm ki, Əhməd bəy yanlış mövqeyindən çəkilərək yenə də bizim sıralarımızda fəaliyyətini davam etdirəcək”.
Bu savaş səngiməyəcəyi təqdirdə “Azadlıq” Partiyasının DUI-dən çıxarılıb-çıxarılmayacağı ilə bağlı suala isə Ədalət Yusifov birmənalı cavab verməyib: “Bu DUI-nin rəhbərliyinin səlahiyyətinə aid olan məsələdir. Təbii ki, DUI-nin qərarlarını pozan, ona qarşı çıxan hər bir kəslə ölçü götürülə bilər. Lakin konkret Əhməd Oruc məsələsində mən heç nə deyə bilmərəm”.

Azad