Həbslər göstərdi ki, ölkədə narazılıq artır

Amerikalı ekspert Azərbayandakı son olayları rejimin zəifləməsi ilə əlaqələndirir

 

“Amerika Azərbaycanda “daxili problemlərə” məhəl qoymaya bilməz”

“Turan”ın Vaşinqton müxbiri Stiven Ostin Universitetinin professoru, Azərbaycan üzrə ekspert Maykl Tkaçikdən müsahibə alıb. Müsahibəni təqdim edirik.
   
– Metyu Brayzanın səfir təyin edilməsi ilə Amerika-Azərbaycan münasibətlərinin yaxşılaşacağına ümid etmək olar?
– Yəqin ki, bunun müsbət əhəmiyyəti olacaq. Brayza iş stajına malik peşəkar diplomatdır. Onun neft dairələri ilə əlaqələri və həyat yoldaşının milli mənsubiyyəti haqqında şaiyələrə baxmayaraq, Brayza regionda ABŞ-ın maraqlarını şərəflə qoruyacaq və fəal işləyəcək.
Cənab Brayza üçün problemlər çox olacaq, amma ikisini xüsusi vurğulamaq istəyirəm: Birincisi Qarabağ nizamlanmasıdır. Bu, Ermənistanın Brayzaya etibar etmədiyi üçün problemli olacaq; İkincisi ABŞ və Azərbaycan arasında strateji münasibətlərin güclənməsidir. Məsələ bundadır ki, Azərbaycanda ABŞ-ın bəzi əsas dəyərlərinə mənfi yanaşma mövcuddur. Söhbət konstitusional liberalizmin olmamasından, eyni zamanda yüksək səviyyədə korrupsiyanın mövcudluğundan gedir.

– Konqres hələ də Brayzanın təyinatını dəstəkləmir. Buna baxmayaraq, prezident Obama jest edərək, onu Azərbaycana səfir təyin etdi. Lakin Azərbaycanda ABŞ-a qarşı kampaniya başladaraq Vaşinqtonu digər ölkələri «işğal etmək» üçün demokratiyadan istifadə etməkdə ittiham etdilər və demokratları ABŞ-ın casusları adlandırdılar. Prezident İlham Əliyev son bəyanatında Qərbi də tənqidə məruz qoyaraq, 2011-ci ildə də Qərbdən təzyiq gözlədiyini bildirib. Bütün bunlarla bağlı nə deyə bilərsiniz?
– Bu, avtoritar rejimli keçmiş Sovet İttifaqı ölkələrində standart yanaşmadır. Amerika barədə dünyanın bir çox digər yerlərində də bu cür mənfi fikirlər mövcuddur. Bir çox regionlarda ABŞ çox az tanınır. Müxalifəti ABŞ-la əlaqələndirmək siyasi mübarizənin və rəqibləri nüfuzdan salmanın bir üsuludur.
Amerikanın xarici siyasəti sadəcə hakimiyyətin siyasəti kimi qəbul edilməməlidir. Çünki bu siyasətin əsasında güclü mənəviyyat elementi durur. İdeya ondan ibarətdir ki, Amerika mükəmməl olmasa da, onun insan hüquqlarını daha yaxşı müdafiə edən, dözümlü sistemi mövcuddur. Bəziləri hesab edir ki, amerikalılar özlərini hamıdan üstün tutur və məhz buna görə öz dəyərlərinin yayılması siyasətini həyata keçirir. Aydındır ki, bu zaman bizim Amerika dəyərlərini qəbul etmək istəməyən dövlətlərlə çətinliklərimiz yaranır.
Əlbəttə, Amerikada da dözümsüzlük, bərabərsizlik, ədalətsizlik və s. var. Amma buna baxmayaraq, bir çoxları Amerikada və ya analoji cəmiyyətlərdə yaşamaq istərdilər.
Problem o zaman yaranır ki, Amerika xarici siyasətini bu dəyərlərə uyğun həyata keçirə bilmir və reallıqları diqqətə almalıdır. Azərbaycan Amerika siyasətçiləri üçün çətinliklər yaradır, amma Azərbaycan mühüm ölkə olduğu üçün onlar bu ölkədə «daxili problemlərə» məhəl qoymaya bilmirlər.

– Yeri gəlmişkən, daxili problemlər barədə. Ötən həftə polis Bakıda bir qrup dindarı həbs etdi. Bir sıra analitiklər hesab edirlər ki, demokratiya zəif olduğuna görə klerikallar və dindarlar aqressviləşir. Azərbaycanda hansı ssenarilər gözlənilə bilər?
– Bu yaxınlarda hicabın qadağan edilməsinə qarşı etiraz edən İslam Partiyası üzvlərinin həbsi göstərdi ki, Azərbaycanda narazılıq artır. Bu etirazları dolayısıyla bərabərsizliyə, imkansızlığa, habelə korrupsiyaya qarşı narazılıq da hesab etmək olar.
İslamçılara (siyasiləşmiş islama) qarşı repressiyalar digər hallarda demokratiya tərəfdarlarının susdurulmasının əksi oldu. Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda avtoritar rejimin mövcud olduğu müddətdə ildən ilə dünyəvi siyasətçilərin və bütünlükdə liberalların mövqeləri zəifləyir. Bu fonda cəmiyyətin daha da konservativ və dini yönümlü olacağını gözləmək olar (yenə də cəmiyyətdə məhdudiyyətlər və ədalətsizlik, ən çox da korrupsiyaya görə). Zamanla islamçıların mövqeyinin daha da möhkəmlənəcəyini və dünyəvi qüvvələrin zəifləyəcəyini gözləmək olar.
Avtoritar idarəetmə üsulu sadəcə mexaniki olaraq dəyişdirilə bilərsə, liberal demokratiya vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi ilə səciyyələnir.
Bu, bir çox müsəlman dövlətləri üçün səciyyəvi haldır. Bu ölkələrdə avtoritar hökümət imkanları genişlənir və həm liberalları, həm də islamçıları tapdalayır.
Bu siyasət yaxın gələcəkdə həm liberallara, həm də islamçılara qarşı səmərəli ola bilər. Lakin uzaq gələcəkdə o, islamçıların fəallaşmasına və irəliyə çıxmasına, liberalların (onların da fəalları islamçılara qoşulur) boğulmasına gətirib çıxaracaq. Pakistanda, Səudiyyə Ərəbistanında, Misirdə və s. vəziyyət belədir.
Avtoritar rejim nəzarəti itirəndə islamçılar bundan istifadə edir və öz bəhrəsini götürür. Lakin avtoritar rejimlər də islamçılar kimi vətəndaşların hüquq və azadlıqlarına hörmət etmir, baxmayaraq ki, hakimiyyətə gəlməzdən öncə bunun əksini deyə bilərlər. Bunu İranın, Əfqanıstanın, Sudan və Somalinin taleyi təsdiq edir.