Din azadlığı və baş örtüyü: hüquq nə deyir? (II YAZI)

Təhsil hüququ pozulurmu?

 

Konvensiyanın 1-ci Protokolunun 2-ci maddəsi ilə də əlaqədar Avropa Məhkəməsinin mövqeyi oxşardır. Bu maddəyə görə heç kim təhsil hüququndan məhrum edilə bilməz, dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir. Məhkəmə hələ 1976-cı ildə baxdığı Kjeldsen, Busk Madsen və Pedersen işində məktəblərdə seksual maarifləndirmə ilə əlaqədar danimarkalı valideynlərin iddia etdiyi pozuntunun olub-olmamasını araşdırmış və pozuntunun olmadığını elan etmişdi.
Azərbaycanda məktəb şagirdinin baş örtüyünə qadağa qoyulması məsələsi daha böyük əhəmiyyət daşıdığı üçün Məhkəmənin konkret bu suala necə cavab verməsi maraqlıdır.
24 yanvar 2006-cı ildə Avropa Məhkəməsi geyim normalarına uymadığına görə məktəbə girişi məhdudlaşdırılmış Imam-Hatip məktəblərində (dini təmayüllü, dərslərin 40%-nin islam teologiyasından ibarət olan dövlət məktəbi) oxuyan türk məktəbli qızların və onların valideynlərinin (cəmi 94 ərizəçinin) arqumentlərini rədd etdi. Məhkəmə növbəti dəfə elan etdi ki, təhsil hüququ mütləq olmayan digər hüquqlar kimi, məhdudlaşdırıla, tənzimlənə bilər. Bu məhdudlaşma hüquqi bazaya malik olmalı (bu türk işində Istanbul valisinin təlimatı), legitim məqsəd daşımalı (bu işdə başqalarının hüququ və ictimai qaydanın müdafiəsi) və demokratik cəmiyyətdə zəruri olmalıdır. Məhkəmə uşaq psixologiyasının həssas olduğunu, geyimlə əlaqədar qaydanın təkcə müsəlman məktəblilərə ünvanlanmadığını və tədris sisteminin harmoniyası xatirinə tətbiq olunduğunu, türk cəmiyyətində dünyəvilik prinsipinin əhəmiyyətini və Türkiyə Konstitusiya Məhkəməsinin məsələ ilə əlaqədar mövqeyinin birmənalı olduğunu və nəhayət, qızlara Quran dərslərində başlarını örtməyə icazə verildiyini nəzərə alaraq elan edir ki, Türkiyə dövləti bu tədbiri görərkən, qiymətləndirmə səlahiyyəti çərçivəsini aşmamış və bütün maraqları nəzərə almışdır.
Beləliklə, hətta dini təmayüllü məktəbdə belə, baş örtüyünü çıxarmaqdan imtina edən şagirdin məktəbə girməsinə qadağa qoyulması Konvensiyada nəzərdə tutulan təhsil hüququnu pozmur. Məhkəmə həm də elan edir ki, bu işdə valideynlərin övladlarını öz dini və fəlsəfi baxışlarına uyğun olaraq tərbiyə etməsi hüququ da pozulmamışdır, çünki Türkiyədəki təhsil sistemi və konkret olaraq mübahisələndirilən qadağa valideynlərin övladlarına istədikləri tərbiyəni verməsinə, onları hər hansı fərqli istiqamətə yönləndirməsinə mane olmur.

Azərbaycan reallığı

Bir kiçik yazıda məsələnin hüquqi tənzimlənməsi ilə əlaqədar bütün Avropa ölkələrinin təcrübəsini təhlil etmək mümkün deyil. Lakin Azərbaycanın spesifik kontekstində dünyəvi dövlətin bu mübahisəli məsələdə toqquşan maraqları tənzimlənməsi üçün nəzərə alacağı elementləri aşağıdakı kimi ümumiləşdirmək mümkündür:
* Uşaqların həddi-buluğa çatmazdan əvvəl dövlət məktəblərində müntəzəm olaraq hər hansı konkret din və ya fəlsəfi düşüncə sisteminin təsirinə məruz qalması qəbulolunmazdır. Bu səbəbdən, dövlət məktəblərində müəllimlərin istər davranışları, geyimləri, istərsə də dərslərin mahiyyəti ilə əlaqədar bir neytrallıq öhdəliyi olmalıdır. Bu, dünyəvi olan dövlətin dini cəhətdən neytrallığının ifadəsidir.
* Uşaqların özlərinin dini simvollar daşımasına da yuxarıda göstərdiyim səbəbdən dövlət tərəfindən müdaxilə oluna bilər. Burda artıq dövlətin dini neytrallıq öhdəliyindən deyil, başqalarının (dini çoxluğu təmsil etməyən ailələrdən gələn uşaqların) hüququnun müdafiəsi öhdəliyindən söhbət gedir.  Nəzərə alsaq ki, uşaqların psixi və mənəvi bütövlüyü tam olaraq formalaşmış hesab oluna bilməz, dövlətin onları istər ailələrinin, istərsə da dini simvol daşıyan digər uşaqların təzyiqindən qoruması, onların öz düşüncəsinin formalaşmasına şərait yaratması lazımdır.
* Universitetin xüsusi konteksti -9, yəni onun öz məqsədlərinə çatması üçün plüralizmin, müxtəlifliyin əsas şərtlərdən olduğunu və tələbələrin artıq həddi-buluğa çatmış, müəyyən mənada dəyərlər sisteminin və xüsusilə də intellektual müqavimət bacarığının formalaşdığını nəzərə alınmalıdır. Bu səbəbdən tələbənin öz dini baxışlarını nümayiş etdirməsi azadlığına müdaxiləyə, bir qayda olaraq, ehtiyac yoxdur. Əlbəttə ki, əsas şərt bu baxışların ictimai təhlükəsizliyə hər hansı hədə yaratmamasıdır. Burda tolerantlıq çox böyük əhəmiyyət daşıyır. Bu vəziyyətdə iki əsas məqam vardır: ilk növbədə, fərqli fikri qəbul olunmuş normaları aşmadan tənqid bacarığı və ikincisi, öz dinini və ya dinsizliyini elan edən tələbənin hər bir fikir cərəyanı kimi, universitet şəraitində onun əqidəsinin də tənqidinə dözümlülük göstərməsi. Belə ki, hər bir tələbə öz etiqadını nümayiş etdirərək, əqidəsini öz daxili dünyasının məsələsi olmaqdan çıxararsa, belə demək olarsa, onu ictimai məhsula çevirirsə, bu məhsulun müzakirəsinə tolerant yanaşmalıdır. Bu dözümlülüyün mümkün, real olması üçün isə birincinin olması, yəni tənqidin müəyyən hədləri aşmaması da çox mühümdür.
Hakimiyyət nümayəndələrinin, vəzifəli şəxslərin, xüsusilə də vətəndaşla ünsiyyətdə olan məmurların vəzifələrinin icrası zamanı öz dini inanclarını nümayiş etdirməsi yolverilməzdir. Çünki əks halda təkcə Konstitusiyamızda elan edilən dövlətimizin dini neytrallığının pozuntusu barədə nəzəri, akademik, intellektual tənqid riskindən çox, böyük praktik ziyanlardan danışmaq olar. Başqa sözlə, o vəzifəli şəxsin timsalında ümumi olaraq dövlətin hər hansı konkret bir dinə daha isti münasibət göstərməsi düşünülə bilər, amma daha önəmlisi, o vəzifəli şəxslə eyni dini inancı daşımayan adamların narahatlığına, o dövlət orqanına olan etimadının sual altına qoyulmasına və bu orqanla əlaqədən çəkinməsinə səbəb ola bilər -10.
Onu da qeyd edim ki, Avropa Şurasının iki müsəlman ölkəsi, qonşu Türkiyədəki vəziyyətlə Azərbaycandakı vəziyyət fikrimcə, xeyli fərqlidir. Reallıq odur ki, Azərbaycan dövləti Türkiyə dövlətinə nisbətən daha dünyəvidir. Baxmayaraq ki, Türkiyə konstitusiyası da təntənəli şəkildə dünyəvilik prinsipini elan edir və ya Konstitusiya Məhkəməsinin baş örtüyü ilə bağlı konkret mövqeyi var, Türkiyədə legitim hakim partiyanın dini meylləri heç kimə sirr deyil. Bu partiyaya səs verərək, türk xalqı öz iradəsini ifadə etmişdir. Dolayısı ilə və nəticə etibarı ilə Türkiyədə dini simvollara pozitiv münasibət olsaydı və ya bundan sonra olacaqsa, bu, qəbuledilməz hesab oluna bilməz, çünki çoxluğun iradəsinin ifadəçisidir.
Azərbaycanda isə hakim partiyanın heç bir dini preferensiyası elan edilməyib və praktik olaraq da görünmür. Çoxluğun iradəsinə tabe olaraq, bu hakim partiyanın idarə etdiyi dövlətin də dini etiqad məsələsinə dünyəvi münasibəti tamamilə düzgün yanaşmadır. Türkiyədən fərqli olaraq burada hakimiyyətin legitimliyi sual altına alınsa da, Azərbaycanda heç vaxt hər hansı dini baxışlı və çoxsaylı tərəfdarı olan partiya olmayıb və ya seçkilərdə səs toplanmasının meyarı, bir qayda olaraq, hər hansı partiyanın və ya namizədin hər hansı dinə mövqeyi ilə bağlı olmayıb. Beləliklə, Azərbaycanda dünyəvi yanaşmanın tətbiq olunmasını çoxluğun siyasi iradəsinin nəticəsi adlandırmaq olar.
Nəhayət, o da qeyd olunmalıdır ki, cəmiyyətdə uşaqların və gənclərin dini və fəlsəfi cərəyanlarla əlaqədar düzgün və sağlam düşüncə formalaşdıra bilməsi üçün dövlət müxtəlif qurumları vasitəsilə bu mövzuda obyektiv və tərəfsiz tədris siyasəti həyata keçirməlidir. Təəssüflər olsun ki, məktəblərimizdəki tədris xəttindən müxtəlif yaxın və uzaq ölkələrdən ixrac olunan dini fikirlərlə balans təşkil edəcək və ilk növbədə milli maraqlarımıza uyğun dini və ya dünyəvi konsepsiyamızın və ümumiyyətlə, məsələyə dövlətimizin siyasi yanaşmasının nədən ibarət olduğunu aydın görmək mümkün olmur. Belə həssas məsələlərə heç gözlənilmədən, məsələ cəmiyyətdə müzakirə olunmadan, ictimai rəy hazırlanmadan dövlətin hər hansı qurumunun “baş örtüyü qadağan olunur” kimi deklarativ xarakterli reaksiyaları arzuolunmazdır, çünki ancaq bir qrup insanımızın dövlətin öz əlilə radikal təsirlərin ağuşuna atılmasıyla nəticələnir ki, bundan da cəmiyyətimizə heç bir xeyir gəlməz.
9. Universitetdə müxtəlifliyin önəmi barədə maraqlı fikirləri ali məktəblərdə irqi müxtəlifliyin təmin olunmasıyla əlaqədar pozitiv diskriminasiyanın (“affirmatif action”) konstitusiyaya uyğun olması barədə ABŞ Ali Məhkəməsinin Grutter v. Bollinger, 539 U.S. 306 (2003) işində görmək olar.
10. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində Qurana and içməsi ənənəsini ictimaiyyətin müzakirə etməməsi təəssüf doğurur.

Nərgiz Ağayeva, hüquqşünas