Ölkəni itirib, onun içində nəyisə qazanmaq mümkün olmayacaq…
Son günlər siyasi gündəm gərginliklərlə müşahidə olunur. Istər hakimiyyətin dindar kəsimlə münasibətlərində, istərsə də müxalifətdaxili inteqrasiya və reinteqrasiya prosesində maraqlı məqamlar diqqəti cəlb edir. Bu iki məsələni eyni girişdə xatırlatmağımızın səbəbi həm də odur ki, liberal demokratik düşərgənin hazırkı durumu ölkədə baş verən digər prosesin – hakimiyyətin dini radikalizm yaratmaq cəhdlərini körükləməsinə rəvac verib.
Biz eyni zamanda, hesab edirik ki, hakimiyyətin ölkəni qaranlıq qarşıdurmalarla zəngin bir gələcəyə (əslində, on beş il geriyə) aparmasının qarşısını almağın ən ciddi və davamlı, həmçinin etibarlı yollarından biri liberal demokratik düşərgənin yenidən toparlanması, siyasi təşəbbüslərin hakimiyyətin tam nəzarətində olmasına yol verməməsidir. Söhbət həm də ondan gedir ki, hakimiyyətin hazırkı ssenarisi baş tutarsa, gələcəkdə bu ölkədə hər hansı siyasi fəaliyyətlə məşğul olmaq da mümkün olmayacaq… Bu mənada AXCP-Müsavat birliyinin baş tutmasında daha böyük və dövlətin gələcəyini, bəlkə də konstitusion quruluşunu xilas etmək kimi bir missiya da var.
Müsavat partiyasından son istefalar və professor Nəsib Nəsiblinin son müsahibəsindəki bəzi fikirləri, eyni zamanda, Müsavatın bir sıra təmsilçilərinin mediada səsləndirdikləri fikirlərin AXCP-Müsavat birliyinə hansı təsirlərlə ötüşüb-ötüşməyəcəyini gözdən keçirəcəyik.
Nəsib Nəsiblinin siqnalı…
Professor Nəsib Nəsibli “Yeni Müsavat” qəzetinə müsahibəsində təmsil olunduğu partiyada baş verən son olaylarla bağlı çox ciddi həyəcan təbili çalmışdı. Onun söylədiklərinin bir ucunda belə fikir vardı ki, hazırkı status-kvonu belə, qoruyub saxlamaq mümkün deyil. Ona görə ki, partiyada artıq qopmalar başlayıb və bu qopmaların səbəbləri o qədər də xırda deyil. O, hətta öz perspektivi barədə düşünəcəyini də deyib. Bu, artıq ciddi şəkildə düşünməyə əsas verən bir olaydır.
Nəsib Nəsibli Isa Qəmbərə münasibətinin müsbət olduğunu bildirərək, başqalarının başqanın qərarına təsir etmək cəhdlərinin mövcudluğundan da danışıb. Bununla da professor daxildə hələ də bir çox problemlərin olduğundan narahatlığını bildirib: “Isa bəy başqandır, amma adamlar yenə gedir, başqa variantları da yoxlamaq lazımdır”.
ABŞ səfirliyi və Arif Hacılının mövqeyi…
ABŞ səfirliyi Müsavat partiyasından istefa verən funksionerlərlə görüşərək partiyada və müxalifətdə baş verən son hadisələrlə maraqlanıb. Sülhəddin Əkbərin bu barədə açıqlamasından sezilirdi ki, söhbətin əsas məğzi baş verənlərin AXCP-Müsavat birliyinə təsiri və ya bununla əlaqəsi ətrafında olub. ABŞ səfirliyi eyni zamanda Müsavat partiyasının zəifləməsindən narahatçılıq keçirdiyini ifadə edib. Arif Hacılı da belə bir narahatçılığın təbii olduğunu bildirib.
Əlbəttə, Azərbaycanın aparıcı partiyalarından birinin hazırkı siyasi konyukturda zəifləməsi bütün mənalarda ölkənin maraqlarına ziddir. Sirr deyil ki, bu istefaların arxasında real səbəblər dayanır. Bu və ya başqa formada ictimailəşən bu səbəblərin hansının daha dəqiq olduğunu araşdırmaq fikrimiz yoxdur. Daha maraqlı mövqe Müsavat partiyasının rəsmi mövqeyidir ki, Nəsib Nəsiblinin müsahibəsində də buna təkan verəcək məqamlar vardı.
İnam itibsə, onu bərpa etməyəkmi?
Müsavat Partiyası rəsmən bəyan edib ki, bu istefaların əsas səbəbi istefa verən şəxslərin müxalif siyasi fəaliyyətdə ciddi perspektiv görməmələri, yorulmaları, bir sözlə, mübarizəyə inamlarının itməsidir. Biz bu arqumentləri təkzib etməyə cəhd göstərməyəcəyik. Çünki qarşı tərəf də öz mövqeyini bildirib. Ona görə də biz müttəfiqimizin göstərdiyi problemin həlli barədə düşünürük. Yəni, “inamın itməsinin qarşısını almaqla bağlı nələr edə bilərik?” sualı ətrafında düşünək…
Etiraz etməzsiniz ki, indiki şəraitdə təkcə inamını itirmiş müxalifət nümayəndələri arasında yox, elə siyasi fəaliyyətin sabahını görməyən sadə insanlarda da inam yaratmaq üçün cəlbedici siyasi addımlara ehtiyac var. Bu addımların ən birincisi və təsirlisi AXCP və Müsavatın bir təşkilatda birləşməsi olmazmı? Cəmiyyətin bu ideyaya münasibətini yadımıza salsaq, görəcəyik ki, elə məlum istefalar da bu birlik barədə ümidsiz diskussiyalar başlayandan sonra baş tutub. Elə buna görə də bizim əsas işimiz həm cəmiyyətdə, həm də öz aramızda inam yaratmaqdır. Həmçinin liberal demokratik mübarizə meydanının məhv olmasının qarşısını almaq üçün birləşməyimiz şərtə çevrilir…
Fikrimizcə, bu hakimiyyətin xalqın və dövlətin başında planladığı iyrənc ssenarilərə nöqtə qoymayınca, daha sıx birləşmək, daha güclü olmaq barədə diskussiyalara, proseslərə nöqtə qoymağa cəhdlər bütün mənalarda uğursuz olacaq. Biz ölkəni itirəndən sonra onun içində nəyisə qazanmağa ümid ediriksə, bu, artıq faciəmizi imzalamaqdır…
Seymur Həzi