“Zərdabi”nin imamı niyə işdən çıxarılıb?

Təmir üçün ayrılan 300 min manat həqiqətən Yusif Əfəndinin azad edilməsinə səbəb olub?

 

Zərdab rayonunda “Zərdabi” məscidində baş verən olaylar rayon sakinlərinin narazılığına səbəb olub. Ilk andaca məsələ sizə heç nə deməyə bilər, amma işin arxasınca boylananda çox mətləblərdən agah olursan. Yusif Əfəndi kimi tanınan məscidin imamı ötən ilin dekabrın 25-də vəzifəsindən azad olunub. Onunla söhbətləşmək üçün münasib yer axtarışındaydıq. Müsahibə üçün ən uyğun məkanın evinin olduğunu bildirən müsahib bizi çox mətləblərdən hali etdi.

Kağızda nə yazılıb?

Dedi ki, ötən ilin son ayında etdiyi səhv ona baha başa gəlib: “Bizə tapşırmışdılar ki, məsciddə Qurandan başqa heç bir dini kitab olmasın. Mən də bu deyilənlərə əməl edirdim. 2010-cu ilin dekabrın 23-də məsciddə kağız parçası gördüm. Kağızda yazılanları oxumadan onu sobaya atıb yandırdım. Bir neçə adam üstümə hücum çəkib kağızı niyə yandırdığımı sordu. Onlara bildirdim ki, heç bir şey anlamadığım üçün yandırmışam. Bir də onlara məlum qərarı xatırlatdım. Onlar isə cavablarında mənə söylədilər ki, o kağız parçasında Imam Hüseynin kəlamları varmış. Bu sözləri eşidən kimi hamının qarşısında üzr istədim. Bu kağızı qəsdən yandırmadığımı diqqətlərinə çatdırdım”.
Yusif Əfəndi söyləyir ki, probelm onun üzr istəməsi ilə də yekunlaşmayıb: “Iki gənc yanıma gələrək məni təhqir etdi və üzümə tüpürdü. Iş yavaş-yavaş polis səviyyəsinə qalxdı. Məsələ aydınlaşdırılandan sonra bizi dindirən sistem işçisi üzünü mənə tutaraq dedi ki, səninlə acı rəftar edənlərə üç ildən beş ilə kimi iş düşür. Onları bağışladığımı bildirdim. Məsələ beləcə qapandı”.
Amma, sən demə, məsələ bitməyibmiş. Kağız söhbəti yenidən müzakirə obyektinə çevrilib. Nəticədə dekabrın 25-də məni Şeyxülislam Hacı Allahşükür Paşazadə qəbul etdi. Məsələdən agah olduğunu bildirdi. Mənə söylədi ki, rayonda insanlar sənin hərəkətindən qeyzləniblər. Öz xoşunla ərizə yaz, bir neçə müddətə məscidə rəhbərlik etmə. Mən də heç bir etiraz etmədən onun dedikləri ilə razılaşdım. Amma deyilən bir müddətin üstündən günlər ötsə də, məni məscidə əvvəlki vəzifəmə qaytarmayıblar”.

300 minlik vəsait…

Yusif Əfəndinin sözlərinə görə, günü bu gün də məscidə ziyarətə gedə bilmir: “Məni nəinki rəhbərlikdən uzaqlaşdırıblar, hətta məscidə getməyə belə izn vermirlər. Camaatda belə rəy yaradıblar ki, guya mən insanların dini heysiyyatı ilə oynayıram”.
Müsahibim deyir ki, bütün bu olayların başqa pərdəarxası məqamları var. Onun fikrincə, məscidin yenidən təmiri üçün ayrılan pulu mənimsəmək üçün bir qrup işbaz belə plan qurub: “Tez-tez rayonda fikir səslənir ki, məscidin əsaslı təmirinə 300 min manat vəsait ayrılıb. Indiyə qədər məscid imkanlı şəxslərin hesabına bir neçə dəfə təmir edilib. Hamıya bəllidir ki, təmir zamanı yığılan pullara diqqət yetirməmişəm. Yəni tikinti-quruculuq işlərində yaxından iştirak etsəm də, maliyyə işlərinə qarışmamışam. Nəzir qutusuna, ayrılan digər yardımlara həmişə məscidin digər axundu Hacı Feyzulla nəzarət edib”.
Yusif Əfəndi ona qarşı baş verən haqsızlığın arxasında Hacı Feyzullanın dayandığını deyir: “Rayonda kimdən soruşsan, mənim kim olduğumla onun kim olduğu arasında ciddi fərqi görərsən. Cavandır, o qədər də dini savadı yoxdur. Arxası olduğu üçün məni məsciddən uzaqlaşdırıb. Çünki bilir ki, mən olan yerdə haqq-ədalət olub. Və ayrılan 300 min manatın yeyilməsinə icazə verməyəcəm. Ona görə də belə qurama işə qol qoyublar”.
Yusif Əfəndinin istəyi isə ona qarşı edilən haqsızlığa tezliklə son qoyulmasıdır: “Heç vaxt haram tikə udmamışam. Indiyə qədər, 1994-cü ildən imamı olduğum məsciddən maaş almamışam. Bunları Allaha xatir eləmişəm. Halbuki əksər yerlərdə məscid axundu nəzirdən gələn pulun bir qismini özünə maaş kimi götürməlidir. Mən isə heç nəyə əl vurmamışam. Əksinə o biri axund Hacı Feyzulla belə məsələlərdə öndə olub”.

“Biz ”Azadlıq”a danışmırıq!”

Yusif Əfəndi Hacı Feyzullanın düzgün din adamı olmadığını da dilə gətirdi. Bildirdi ki, axund ola-ola 4 dəfə zina edib. Üstəlik, bir neçə il öncə məscidə qadın gətirib özünə katibə edibmiş: “Heç bir yerdə göstərilməyib ki, məscidin katibəsi olur. Katibə yalnız dövlət, yazı-pozu işlərində olur. Dəfələrlə bu məsələ ilə bağlı mübahisələr etdik. Insanların haqlı narazılığından sonra axund geri çəkilib katibəni məsciddən uzaqlaşdırdı”.
Yusif Əfəndidən ayrılıb məscidə yollandım ki, ittiham edilən hacı Feyzullanın da mövqeyini öyrənim. Məlum oldu ki, Hacı Feyzulla məscidə axşam namazına gələcək. Məscidin şəklini çəkib rayonda var-gəl etməyə başladım. Olduğum çayxanalarda istər gənc, istərsə də yaşlı nəslin nümayəndələri ilə söhbətlərdən bəlli oldu ki, baş verən olayda Yusif Əfəndinin heç bir günahı yoxdur. Hər halda onlar belə dedilər. Yanlış addım atdığını, amma səhvinə görə üzr istədiyini də söylədilər.
Mən isə axşam namazı zamanı məscidə yenidən baş vurmalı oldum. Bir neçə dəqiqəlik gözləntidən sonra Hacı Feyzulla ilə görüşə bildim. Çox ədəb-ərkanla məni qarşıladı. Niyyətimi biləndən sonra müsahibə verməyəcəyini söylədi: “Biz ”Azadlıq” qəzetinə danışmırıq”. “Ümumiyyətlə, qəzetlərə müsahibə vermirsiniz, yoxsa təkcə ”Azadlıq” qəzetinə” sualına cavabında yenidən “Azadlıq” kəlməsini işlətdi. Sonra kiminləsə telefon əlaqəsi yaradıb gəlməyimi ona da çatdırdı. Mənə “yox” deməyinin düzgün olub-olmadığını bilmək istədi. “Əla” cavabından sonra mənimlə vidalaşdı.
Amma onun diqqətinə çatdırdım ki, Hacı Feyzulla istədiyi vaxt onun haqqında Yusif Əfəndinin dediyi sözlərə münasibət bildirə bilər. Əslində Yusif Əfəndi Hacı Feyzulla haqqında çoxlu ittihamlar səsləndirdi. Sadəcə qarşı tərəfin mövqeyi olmadan onları yazmıram. Əgər nə vaxtsa Hacı Feyzulla danışmaq istəsə, yazılmayan mətləblər barədə sorular ünvanlayacağam.

Ramin DEKO