«Dilini saxlaya bilməyən adam…»
Indi Azərbaycanın sayılan ziyalı sözünə daha çox ehtiyac duyan vaxtıdır. Bu gün ölkədə dəyərli aydınların sırası çox seyrəkləşib. O aydınların ki, məsələ haqq, ədalət, vətən, millət anlayışlarının üzərinə gələndə kimsəyə güzəştə getməz, doğru olandan bir addım geri çəkilməz, ölüm hədəsi qarşısında belə sözünü geri almaz. Sözün tam anlamında, bu keyfiyyətlərin ləyaqətli daşıyıcısı olan Aydın Məmmədov kimi aydınların yeri boş qalıb Azərbaycan cəmiyyətində…
Aydın Məmmədovun “yaşamaq lazımdır sabaha qədər” sözləri sanki bu gün üçün deyilib. Belə aydınlar indiki halda cəmiyyətimiz üçün hava-su kimi lazımdır.
Vaqif Bayatlı Odərin Aydın Məmmədova həsr edilmiş bir şeiri var. “Dilini saxlaya bilməyən adam” adlanır. “Bu şeiri dərgidə oxuyan rəhmətlik Aydın Məmmədov xahiş etdi ki, kitabda çıxanda bu şeiri ona həsr edim…”(Vaqif Bayatlı).
Dilini saxlaya bilməyən adam
doğuldu, dil açdı, danışmaq öyrəndi,
öyrəndi vətənin dərdini torpağından gülünəcən,
ancaq susmağı öyrənə bilmədi ölənəcən…
Dilini saxlaya bilməyən adam
işdə iş yoldaşına dedi:
– Bilmirəm adamlar niyə baş əyir
boş başları görəndə…
Onun xalq hərəkatı dalğasında tutduğu rol və mövqe əsl ziyalı mövqeyi idi. Bu hərəkat üçün o, əlindən gələn hər şeyi etmişdi. Qələmini, elmi işlərini, alimliyini belə vətənçilik naminə arxa plana keçirmişdi. Yaxın dostları onun bu addımından “gileylənməkdə” haqlı idimi? Şübhəsiz, A.Məmmədov uzun yaşasaydı, cəmiyyətə, elmə və ədəbiyyat aləminə daha böyük fayda vermiş olacaqdı.
“Aydın Məmmədov şair deyildi ki, tez-tez şerlərini oxuyaydılar, Aydın Məmmədov yazıçı deyildi ki, romanları, povestləri haqqında danışaydılar, kitablarını çap edəydilər. Alim idi, tənqidçi idi, bunlar da çox kiçikdi INSAN sözünün yanında. Aydın Məmmədov INSAN idi, peyğəmbər ola bilməyən INSAN. Həm də ictimai xadim idi” (Aqil Abbas).
Elə böyük ziyalını elmi işlərini bir kənara buraxmağa məcbur edən hiss də o insanlıq idi. O, bir vətənpərvər olaraq ölkədə başlayan böyük prosesdən uzaqda dayana bilməzdi. Dayanmadı da… Mübarizə yolu parlament tribunasına qədər uzandı.
“O yolun bir hikməti də var idi…”
“Xalq səni millət vəkili seçdi. Və sənin hardasa əvvəlkinin davamı olan, hardasa da tamam yeni bir fəaliyyət istiqamətin yarandı. Dilçilik də yaddan çıxdı, ədəbiyyat da. Elm uzaqlardakı dumanlara bürünmüş yuxu oldu. Sən gördün və bildin ki, bu yol əvvəlkilərə bənzəmir, adamın əlindən hər şeyi ala bilər. Sən bunu görməyə bilməzdin. Sənin dəqiq ölçülü beynin bunu bir saniyəyə hesablayardı. Bu yolun apardığı o ucu-bucağı görünməyən dərya adamı elə batırardı ki, nəfəs çəkməyə də macal tapmazdı.
Amma o yolun bir hikməti də var idi. O yol ilə elə addımlamaq, qarış-qarış irəliləmək olardı ki, qıraqdan baxanlar elə bilərdi, yüyürüb qaçırsan. Sən bunu asanlıqla edə bilərdin. Gözləyərdin görəsən ki, o qaçanlar hara qaçıb getdilər, o dəryanı hansı yerindən üzüb keçdilər. Etmədin.
Nəfəs dərməyə macal tapmamış yüyrək qaçıb gedirdin. Sanki özün öz ölümünün arxasınca düşmüşdün. Ölümünü haqlamaq istəyirdin. Ölüm elə bil can götürüb səndən qaçırdı, sən isə onu haqlayıb tutmaq istəyirdin” (Kamal Abdulla).
“Sovetskaya turkologiya” jurnalının redaktor müavini və Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi çalışdığı dövrdə türkçülüyün təbliğində önəmli işlər görmüşdü. Alim yeni latın qrafikasına keçid ideyası ortaya çıxanda Əlifba konsepsiyası üzərində çalışan aparıcı mütəxəssislərdən biri idi. Latın qrafikası, qrafika ilə bağlı üstünlüklər və çətinliklərin müzakirəsində də ən fəal şəxslərdən biri o idi.
A.Məmmədov gerçəkdən milli hisslərə sahib böyük alim idi. Millətə qondarma ad yapışdırmaq istəyənləri, saxta tarixçiləri elmi dəlillərlə yerində susduracaq qədər böyük bir alim.
“Bir dəfə Leninqraddan iki akademik gəlmişdi. Elmlər Akademiyasında simpozium keçirirdilər və sübut eləmək istəyirdilər ki, azərbaycanlılar türk deyil, farsdı. …Və çox qəribə bir hadisə oldu. Aydın Məmmədov həmin akademiklərdən birinin öz sözlərini inkar eləyən, yəni azərbaycanlıların türk olduğunu sübut eləyən bir faktını misal gətirdi. Akademik dedi ki, o heç bir əsərində, heç bir kitabında belə bir fikir söyləməyib. Aydın Məmmədov qalxdı getdi yazı taxtasına, təbaşiri götürdü və həmin alimin təxminən iki kitab səhifəsi həcmində yazdığı fikri yazı taxtasına yazdı. Dedi ki, bu sizindir və filan kitabınızda, filan səhifədə yazılıb. Dedi, yox, mən belə şey yazmamışam! Aydın Məmmədov məndən xahiş elədi ki, gedim onların evinə, həmin alimin filan kitabını gətirim. Dərhal oturdum maşına, gedib kitabı gətirdim. Aydın Məmmədov kitabı götürdü və həmin alimdən xahiş elədi ki, buyur, özün oxu. Alim həmin yeri oxudu, məlum oldu ki, Aydın Məmmədovun yazı taxtasına yazdığı həmin alimin fikirlərində bircə vergül səhvi də yoxdu” (Aqil Abbas).
“Dilini saxlaya bilməyən adam düşməz maşın qəzasına…”
Aydın Məmmədov 47 illik qısa həyatı ilə çoxlarına örnək ola biləcək bir ömür yaşadı. Bir vətəndaş və alim olaraq yaşadığı zaman kəsiyində demək istədiyi hər şeyi dedi. Yaşasaydı, şübhəsiz ki, Azərbaycanın bugünkü mənzərəsi qarşısında da düşüncələrini açıq ifadə edənlərdən olacaqdı. Hələ bəlkə bir çox dostlarını susqunluqda, passivlikdə, haqsızlığa göz yumub zorlunun tərəfinə keçməkdə, baş girləməkdə qınayacaqdı.
Yolda yol yoldaşına dedi:
– Uzun yolu keç kəsəsinə –
qorxma, dilini saxlaya bilməyən adam
düşməz maşın qəzasına.
Evdə arvad-uşağına dedi:
– Nə qışqırırsız?!
Deyin! Gülün!
Heç kəsə satılmamışam bu gün!
“O bəlkə də hər şeyin bu şeirdə olduğu kimi bitməyəcəyinə, həm də maşın qəzasına düşməyəcəyinə taleyi də inandırmaq istəyirdi…” (V.Bayatlı).
O, həqiqətən də bir dəfə belə qəzadan təsadüf nəticəsində qurtulmuşdu. Amma təyyarə qəzasından yan keçən alim taleyin yazısından yan keçə bilmədi. Maşın qəzası onu yolundan saxladı. O, çıxdığı sonuncu yolçuluqda son yolçuluğuna doğru getdi. Şeirdə yazılanların əksinə, dilini saxlaya bilməyən adam da bir qəzanın qurbanı oldu. Amma mərd-mərdanə, heç kəsə əyilmədən, sınmadan getdi haqq dünyasına. “Aydın Məmmədov elmin meyxana, dərviş yolunu seçdi. Onu da zəmanənin boşluğu əjdaha kimi uddu…” (Kamil Vəli Nərimanoğlu).
“Yaşamaq lazımdı sabaha qədər…” demişdi özü. Amma olmadı. Indi Azərbaycanın güclü ziyalı sözü sarıdan yetim, kimsəsiz qaldığı bir zamanda “dilini saxlaya bilməyən adamların” var olmasına çox ehtiyac var, çox. Bu gün ölkənin taleyi ilə bağlı önəmli məsələlərdə sözü eşidiləcək, mövqeyi qəbul ediləcək, dirənişi ilə haqsız tərəfi güzəştə getməyə məcbur edəcək şəxsiyyətlərin yeri görünür. Bir zamanlar gənc, enerjili, mübariz nəslin ürəklə üz tutduğu o aydınlar indi barmaqla sayılacaq qədər az qalıb. Aydın Məmmədov öz şəxsiyyəti ilə çevrədəkilərə bir nümunə idi. Bəlkə bir çoxu onun “zəhmindən” və ya “təmizliyindən” çəkinib yanlış addım atmazdılar… Dostlarından biri mətbuata yazdığı məqalədə onun unudulmasından gileylənmişdi. Əslində Aydın Məmmədov kimi insanlar yer üzünün işığına bir az işıq qatmaq üçün doğulur, missiyası bitdikdən sonra da çıxıb öz əbədi yolçuluğuna gedir. Geridə qalanların borcu da bu işığın aydınlığında işıqlı işlər görmək, çevrəni, mühiti, cəmiyyəti aydınlığa doğru yönləndirməkdir. Bir qəhrəmanın, bir dostun, bir insanın xatirəsini bundan gözəl necə yaşatmaq olar ki?!
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir