«Ombudsman hökumətyönlü mövqeyə malikdir ki, bu da Avropa Şurasının tövsiyələri ilə bir araya sığmır»
“Sərhədsiz reportyorlar” təşkilatı Milli Məclisin 21 dekabr tarixli qərarını pisləyib. Belə ki, bu qərara əsasən böyük səs çoxluğu ilə informasiya ombudsmanının yaradılması planı ləğv olunub.
Təşkilatın bəyanatında deyilir ki, parlament ictimaiyyətin informasiyaya çıxışı məsələsi üzrə ombudsman institutunun yaradılmasını nəzərdə tutan 2005-ci il konstitusiya qanununa düzəlişləri qəbul edib (yeri gəlmişkən, Avropa Şurasının tövsiyəsi ilə qəbul olunub). Düzəlişlər prezident Ilham Əliyevin təşəbbüsü ilə irəli sürülüb. Bununla da Azərbaycan hakimiyyəti göstərib ki, Avropa Şurasının bu sahədəki tövsiyələrinə məhəl qoymur.
“Qanunvericiliyə düzəlişlər Azərbaycan xalqının informasiya əldə etmək hüququnu məhdudlaşdırır, KIV və jurnalistlərin hüquqlarının müdafiəsi işində geriyə doğru addımdır”, – bəyanatda vurğulanır.
“Bu o deməkdir ki, hazırkı ombudsman Elmira Süleymanova həm vətəndaşların, həm də jurnalistlərin hüquqlarını müdafiə edəcək.
Bundan əlavə, hazırkı ombudsman hökumətyönlü mövqeyə malikdir ki, bu da Avropa Şurasının tövsiyələri ilə bir araya sığmır. Odur ki, biz Avropa Şurasının üzvü olan dövləti ombudsmanın tam müstəqil olmasını təmin etməyə çağırırıq”, – bəyanatda qeyd olunur.