«Allahsızlıq dini» YAD dünyagörüşləri parçalayıb məhv etmək qərarı verib…
AXCP bəyanat verib. Son həbslərin əsl motivlərini ifşa edib. Ölkədə baş verən hadisələrdə siyasi və digər məsuliyyətin birbaşa hakimiyyətin üzərinə düşməsində heç bir şübhə yoxdur. Ilham Əliyevi şəxsən və çox sərt tənqid etdiyinə görə insanları şərləyib tutdurmaq bu hakimiyyətin tənqidçiləri ilə özünəməxsus davranış tərzidir. Bu tənqidlərə görə həbs olunanlara təbii ki, birbaşa ittiham irəli sürülmür və müxtəlif yarlıklar “işə yarayır”. Təəssüflə qeyd etməliyəm ki, ölkədə fəaliyyət göstərən bir çox dini icmaların davranışları və ya çağırışlarının motivləri onları hansısa xarici dövlətlə əlaqələndirməyə imkan yaradır. Amma bir daha altını qırmızı xətlə cızmaq istədiyim fikir budur – HAKIMIYYƏT ÜÇÜN BU MOTIV ƏSAS DEYIL, ƏSAS ODUR KI, TƏNQIDÇININ HƏDƏFI ILHAM ƏLIYEVDIR. Yəni, baş verənlərin bütün açar məntiqini hakimiyyətin “DÖVLƏTÇILIYIN ÜSTÜNDƏ ƏSMƏSI”NDƏ YOX, şəxsi maraqlarının tapdanmasında axtarmaq lazımdır. Dindarlarla qarşıdurma yaratmaq cəhdləri açıq-aydın görünür. Həbs olunanların bir çoxuna qarşı təhqiramiz davranmalar onu göstərir ki, hakimiyyət dini qruplarla “təkbətək çıxmaq” istəyir. Bu “təkbətək” çıxmağın əsl məqsədlərini isə şərh etməyə çalışacağıq.
Birinci məqsəd…
Iqtidar aşkar şəkildə cəmiyyətdə müxtəlif qrupların üstünə ayrıca motivlərlə hücum çəkir. Burada birinci məqsəd bu qrupların arasında fərqli dünyagörüşünün olduğunu sezdirməklə psixoloji separatizm yaratmaqdır. Tutaq ki, dindarlara qarşı hücum var, sekulyarlar düşünsünlər ki, bu qarşıdurmanın onlara heç bir aidiyyəti yoxdur. Onlar hakimiyyətin guya “dünyəviliyin qoruyucusu” kimliyi ilə çıxış etməsini hətta yüngülvari təqdir də edə bilərlər. Yəni, ilhaməliyevsayağı dünyəvilik- mi, yoxsa dindarların təbliğ etdiyi cəmiyyətmi, dilemması olarsa, Ilham Əliyevin təqdim etdiyi dünyəviliyi seçmək kimi… Belə bir dilemma varmı? Hesab edirəm ki, belə bir dilemma təbii olaraq yoxdur. Bir neçə səmimi, işin mahiyyətini dəqiq təhlil edə bilməyən dostumuzdan başqa belə bir kəskin seçimin olduğunu irəli sürənlər hakimiyyətin separatist niyyətlərini daha çox qüvvətləndirənlərdir. Bu irticaçı niyyətin birinci başlıca məqsədi cəmiyyətdə mahiyyətcə eyni azadlıqları istəyən müxtəlif qrupları ayrı-ayrılqda əzmək üçün onların arasında fərq nümayiş etdirməkdir. Burada Iranın da hər hansı məqsədinin olması təbiidir. Amma hakimiyyətin davranışları VƏTƏNDAŞA SAHIB ÇIXMAQ YOX, onu başqa ölkələrə işləməkdə ittiham etmək istiqamətindədirsə, deməli, o, bütöv bir dünyagörüşündən ibarət əks-cəbhələşmə yaratmaq fikrindədir.
İkinci məqsəd…
Ikinci məqsəd birincinin törəməsi kimi də təhlil oluna bilər. Yəni, hakimiyyət süni şəkildə dindarlarla qarşıdurma yaradaraq ölkədə ehtimal olunan, ARZU OLUNMAYAN silahlı qarşıdurmalar müstəvisi yaratmaq və bununla da həqiqi liberal demokratik cəmiyyət uğrunda mübarizəni nöqtələmək istəyir. Hakimiyyət yaxşı bilir ki, burada hər hansı silahlı “dini müxalifət” yaranarsa, dünya demokratiya tələblərini ikinci plana keçirə bilər. Misirdə və Əlcəzairdə baş verdiyi kimi. Beləliklə, hakimiyyət ikinci məqsədinə çatmaqla ölkədə sülalə rejiminin ömrünü xeyli uzatmağı hədəfləyir. Bununla da Azərbaycanda bütün DINDARLAR TERRORÇU, Əliyevlər isə SEKULYARLIĞIN “QARANTI” statusu əldə edə bilərlər. Bu arzuolunmaz vəziyyətin sonu isə dünyada bir çox analoqu ilə bizə tanışdır.
Amma başlıca sual hələ də qalır; Ilham Əliyevin başçılıq etdiyi sistem dünyəvi sistemdirmi? Indi biz siyasi fəlsəfi mənada aydınlaşdırmağa çalışaq ki, hazırda yaşadığımız sistem mahiyyətcə dünyəvidirmi?
Əliyevlər KLERIKAL sistem qurublar…
Dünya təcrübəsində liberal demokratiyanın bərqərar olduğu cəmiyyətləri gözdən keçirək. Hansi dindarı dini baxışlarına görə həbs edirlər? Hətta müxtəlif dini simvolların qadağan olub-olmaması müzakirəsində cəmiyyət iki-üç yerə parçalanır. Fikir müxtəlifliyi həm hüquqların qorunmasına, həm də hər kəsin öz əqidəsini yaşamasına səbəb olur. Dünyəvi dövlət DINLƏRI QADAĞAN EDƏN DÖVLƏT DEYIL. Bütün əqidə sahiblərinə rahat yaşamaq imkanı verən dövlətdir. Azərbaycanda belə bir cəmiyyətin olduğunu iddia etmək olarmı? Əlbəttə, yox. Başqa dinlərə və dünyagörüşlərinə qarşı amansız olan sistemlər birmənalı şəkildə klerikal sistemlərdir. Iran və Israil kimi konkret dindən və təriqətdən başqasını qadağan edən cəmiyyətlər.
Bəs Əliyevlərin qurduğu sistemin dini nədir? Vətəndaşları əvvəlcə etnik mənsubiyyətinə görə qarşı-qarşıya qoyan, sonra hətta regional mənsubiyyətlərə görə separatizm yayan, daha sonra fərdi dünyagörüşlərinə görə ailələri parçalayan (iki qardaş müxtəlif dinə mənsub ola bilər, yaxud biri dindar, digəri deist, ateist, liberal, demokrat ola bilər) Əliyevlər hakimiyyətinin yeganə dini Allahsızlıq dinidir. Ritualları korrupsiya, vətəndaş qanı tökmək, talançılıq, parçalayaraq hökm etmək olan bu sistemdə başının üstündə Allah olan hər kəs DINSIZdir. Talamayan, talançılığa, irtica siyasətinə qarşı çıxan hər kəs bu sistem üçün kafirdir və qətli vacibdir.
Biz nə etməliyik?
Özünü azərbaycanlı sayan və bu dövlətin gələcəyini öz körpələrinin gələcəyi görən bütün vətəndaşlarımız şərtsiz heç bir oyuna getməməlidirlər. Bizim başlıca məqsədimiz, ÖLKƏDƏ AZAD VƏ DINC mübarizənin MƏHV OLMAMASI üçün bir-birimizə qarşılıqlı dəstək vermək olmalıdır. Hakimiyyətin bu oyununu pozmaq hər kəsin borcudur. Biz təmkinli və səbrli olmalıyıq. Fikrimizcə, hakimiyyətin bu cür aqressiv “aqoniya”ya əl atmasında səbəb demokratik müstəvinin hətta bu qədər zəif mövcudluğunu da özü üçün ciddi təhlükə görməsidir ki, prosesləri zor müstəvisinə çəkir və bunu öz separatist xislətinə uyğun edir. Birmənalı şəkildə biz bu planı pozmalıyıq… VƏZIYYƏT ÇOX CIDDIDIR!
Seymur Həzi