Klinton Yəməndə “ümumi təhlükələr”dən danışıb

“Birləşmiş Ştatlar və Yəmən “Əl-Qaidə”nin simasında ümumi təhlükə ilə üzləşir, lakin bu iki ölkə arasında əməkdaşlıq təkcə terrorçuluqla mübarizə ilə məhdudlaşmır. Biz təkcə qısa müddətli təhlükələr üzrə deyil, həmçinin uzun müddətli problemlərlə də maraqlanırıq”. Bu sözləri İran körfəzi ölkələrinə səfəri çərçivəsində gözlənilmədən Yəmənə gələn ABŞ-ın dövlət katibi Hillari Klinton bəyan edib.
Son 20 ildə Yəmənə səfər edən ilk amerikalı baş diplomat əsas məqsədinin yəmənliləri ölkəsi ilə hərbi əməkdaşlıqla kifayətlənməyib, daha irəli getməyə təşviq etmək olduğunu söyləyib.
“Biz Yəmənlə münasibətdə balanslaşdırılmış yanaşma niyyətindəyik və bu yanaşma sosial, iqtisadi və siyasi sahədə yardımları özündə əks etdirir”, – deyə o bildirib.
Dövlət katibi Sənada Yəmən prezidenti Əli Abdullah Saleh ilə də görüşüb. Bu görüşün ardınca isə xanım Klinton tələbələrlə görüş keçirib.
Birləşmiş Ştatlardan olan analitiklərin qənaətinə görə, Yəmən zəif mərkəzi hakimiyyətə malik olduğundan “Əl-Qaidə” terrorçularının sığınacağına çevrilib. Son bir neçə il ərzində burada dəfələrlə terror aktları, təxribatlar törədilib. Bütün hallarda hədəf xarici turistlər, Qərb ölkələrinin diplomatik missiyaları, təhlükəsizlik qüvvələri və əsasən neft sənayesi olmaqla infrastruktur obyektləri olub. Qeyri-rəsmi məlumatlara görə amerikalılar bəzi hallarda hətta Yəmən ərazisində pilotsuz təyyarələrindən istifadə etməklə lokal hərbi əməliyyatlar da keçirir (ans press).