Rüşvət bu ölkədə adiləşib, hamı belə deyir.
Yalan ayaq tutub yeriyir, bunu da camaat deyir.
Saxtakarlıq baş alıb gedir, bu da əhalinin qənaətidir.
Qanunlar şah taxtında deyil, nökər statusundadır, bunu görməmək korluqdur.
Son illər Azərbaycan adlı məmləkətdə cərəyan edən olaylar kütləvi depressiyaya rəvac verir.
Bəzən bu ölkədə qanunla ilgili baş verənləri normal insan beyni həzm etmək iqtidarında olmur. Beyin bu olayları sintez etməkdə zorlanır.
Bir dəstə adam var ki, qanun-filan əsla tanımır, haram yolla o qədər zənginləşiblər ki, ayaqları yerə dəymir, ətrafı görə bilmirlər.
DÖVLƏT onların qarşısında acizdir.
DÖVLƏTin gözləri qarşısında bu adamlar QANUNun belinə minir, təpikləyir və ona tüpürür.
DÖVLƏT ki, bir dəstənin qarşısında aciz qaldı, o zaman DƏRƏBƏYLIK meydan sulamağa başlayır.
Kimə agah deyil ki, Azərbaycan adında DÖVLƏT ölkəni çapıb-talayanların əlində oyuncağa çevrilib.
Məgər DÖVLƏT DÖVLƏT olsa, hansı oliqarx-nazir cəsarət edib Azərbaycanın bir bölgəsini büsbütün işğal edə bilər.
Dövlət DÖVLƏT olsa, nazir nazirliyi, rektor universiteti, icra başçısı rayonu, müdir müəssisəni dədəsinin malı-mülkü saya bilər?
Azərbaycanda bir ovuc məlum zümrə Azərbaycan dövlətini çökdürür.
Milyardlarla sərvətə, leqal və qeyri-leqal silahlı qüvvələrə sahib olan bir zümrə DÖVLƏT üçün real təhlükə mənbəyidir.
Onlar o qədər gücləniblər ki, istəsələr DÖVLƏTə meydan oxuya bilərlər. Bəzən oxuyurlar da.
Ayrı-ayrı imtiyazlı şəxslərin korrupsiyanın başında dayanması, güclü monopolistlərə çevrilməsi, qanunverici orqanda lobbi yaratması müəyyən anlamda elə DÖVLƏTə meydan oxumaq deməkdir.
Bu vəziyyətdə yeganə çıxış yolu DÖVLƏTi qorumaqdan ibarətdir.
Necə qorumalı?
Öncə DÖVLƏTin hamımızın olduğunu qəbul etməliyik.
Dövlət hamımızındırsa, onun təəssübünü çəkmək də bir vətəndaş kimi hər kəsin borcudur.
DÖVLƏTi qorumaq üçün QANUNun aliliyi təmin olunmalıdır. Bir dövlətdə ki, qanunun aliliyi təmin olunub, o cəmiyyətdə hüzur hakim olur.
Qanunun aliliyini təkcə dövlətin başında dayananlar təmin etməyə borclu deyil.
Hər bir vətəndaş qanunun aliliyini qorumalıdır.
Bunun üçünsə DƏYIŞMƏYƏ start verməliyik.
Öncə başımızı dəyişməliyik.
Çiynimizin üstündə elə bir baş saxlamalıyıq ki, DÖVLƏT və QANUN anlayışlarına hörmətlə yanaşsın.
Elə bir başa sahib olmalıyıq ki, VƏTƏN və DÖVLƏT məfhumlarına biganə qalmasın.
Azərbaycan türkü dünyada tanınmış mənfi obrazını dəyişməlidir.
Cinayətkar, alverçi, narkoman, gerizəkalı, kütbeyin etiketləri Azərbaycan türkünə əsla yaraşmır.
Hələ ötən əsrin 50-ci illərində savad göstəricilərinə əsasən Avropanın qabaqcıl ölkələri ilə müqayisə olunurduq. Naxırçılığı, çobanlığı, malabaxanlığı, suçuluğu, pinəçiliyi, dəlləkliyi nəsildən-nəslə ötürənlər universitet təhsili almaqla mənzərəni dəyişdirdilər.
Azərbaycan türkünün elmə, yeniliyə həvəsi onun həyat tərzinin dəyişməsi ilə yekunlaşdı.
Bu gün də, dəyişməmiz gərəkdir. Sivil, dünyəvi dövlətlərdən nümunə götürüb Azərbaycan türkünün adını mədəni millətlər sırasına yazmaq üçün dəyişməmiz gərəkdir.
Dəyişməni içəridən başlamalıyıq, daha dürüstü özümüzdən başlamalıyıq.
Gəlin, özümüz dəyişək, milli kimliyimizə, milli mentalitetimizə, milli keçmişimizə uyğun dəyişək.
Və bu dəyişmənin nəticəsində sonsuzluğadək Azərbaycan adlı məmləkətdə yaşayanlar DÖVLƏTi müqəddəs, QANUNu şah bilsinlər.
Gəlin, özümüz özümüzü dəyişdirək.
Onsuz da bizi dəyişməyə vadar edəcəklər. Özümüz dəyişsək, ÖZÜMÜZÜ də qoruyub saxlaya bilərik.
Əcnəbilər bizi dəyişməyə girişsələr, çox şeylər itirəcəyik.
Doqquz minin, doxsan minin yox, doqquz milyonluq Azərbaycanın hüzur içində yaşaması üçün dəyişmə barədə düşünün. Diqqətlə düşünün və dəyişin.
Dəyişmə zamanıdır!