Rüstəm İbrahimbəyov haqlıdırmı?

Ziyalılar Forumunun keçən həftəki tədbirində Rüstəm Ibrahimbəyova xeyli təəccübləndim. Xitab kürsüsündə o, Cəmil Həsənli və Ramiz Rövşənlə yanaşı əyləşmişdi. Rüstəm müəllim ölkədəki mədəniyyət böhranından danışdı, Özbəkistanda, Türkmənistanda kinoteatrların işlədiyini qeyd edərək, Azərbaycanda isə faktiki bir kinoteatrın qaldığından şikayətləndi və “bunlardan danışmaq lazımdır, amma heç kim danışmır, əvəzində isə hamı siyasətçidir, siyasətdən danışırlar” söylədi.
Bəlkə də Şamaxının çənli dağlarının ətəyində dost ziyafətində bu sözləri deyib, gur alqışlar qazanmaq olardı… Az-çox qəzet oxuyan adamların qarşısında isə bunu deməklə şəxsən Rüstəm müəllim məndə məlumatsız adam, yaxud təhlil qabiliyyəti kasad biri kimi, ancaq təəccüb yaratdı.
Əlbəttə, ədəb qaydaları imkan versəydi, həmin məclisdə də qalxıb, “ey insafsız, bir böyür-başına diqqətlə baxsana”, demək olardı. Çünki son illər Cəmil Həsənli də, Ramiz Rövşən də siyasi meydanı tərk etmiş kimidilər.
Birinci AXCP-dən rəsmən uzaqlaşdı, ikinci isə ruhən yaxın olduğu Müsavatdan. Onlar xırda-para görsənişləri çıxmaq şərtilə, siyasətin “s”ni (es) də dilə gətirmirlər.
Əslində, Rüstəm müəllimin fikrinin tam əksi əsl ziyalını narahat etməlidir. Dəfələrlə yazmışıq, bir daha təkrar edək: Ölkədəki problemlərimizin 90 faizi siyasidir, onlar xalqın kütləvi siyasi proseslərə qatılmadığı günə qədər həllini tapmayacaq.
Azərbaycanda kinoteatr niyə yoxdur? Düşünmürəm ki, bu, insanlarımızın mədəniyyətdən imtinası faktıdır. Bu, ölkədəki ağır sosial-siyasi prosesin nəticəsi kimi qiymətləndirilməlidir. Insanlar ağır vəziyyətdədir, kinoya getmək üçün doğrudan da vaxt və pul qıtlığı var.
Başqalarının yerinə danışmağı xoşlamıram, şəxsən məndə belədir. Həftənin 6 gününü səhərdən gecə düşənə qədər işləyəndən sonra adam dəhşətli romantik olmalıdır ki, kinoteatra qaçsın.
Azərbaycanda iri-iri partiyaları avtoritarizm bir-bir udur, məhv edir. Siyasətçiləri min bir yolla simadan salırlar. Onları sındırırlar, məişət qayğılarına tabe edib, siyasi müstəvidən qovurlar. Siyasət bir peşə kimi hərbdən riskli, təhlükəli olub. Məktəbdən tutmuş, məscidə qədər hər yer ucuz serial və şou xəbərlərinin müzakirəsilə aşıb-daşır, bizim ziyalı isə deyir ki, xalq siyasiləşib.
Hardadır o siyasiləşmə görəsən? Bəlkə 500 min üzvü ilə qürrələnən YAP-ın yalançı statistikası Rüstəm müəllimi çaş-baş salıb. Məncə, o, bu qədər sadəlövh olmamalıdır axı…
Avtoritar rejimlərdə siyasi mübarizə çətin işdir, siyasiləşmək cəsarət istəyir, fədakarlıq tələb edir. Buna görə də hər dəfə insanların “mən heç bir partiyanın üzvü deyiləm, bitərəfəm”i az qala, fəxarətlə deməsinə gülümsəyirəm. Sanki bu ölkənin müsavatçısı, cəbhəçisi  qəbahət bir iş görür. Sanki hamı mələkdi, ancaq onlar çirkin bir iş olan siyasətlə uğraşırlar.
Mən yaddaşı daşlaşanların yadına əlahəzrət Ilham müəllimin Milli Mətbuat Günündə etdiyi çıxışı salmaq istəyirəm. O, açıq şəkildə azərbaycanlıların siyasiləşməsinə qarşı olduğunu demişdi. Niyəsi bəllidir… Siyasəti izləyən, onu öz həyatının bir parçası bilən insan heç vaxt xoşbəxtliyini lotereyalarda, ulduz falında axtarmayacaq. Belə adam bədbəxtliyini də kiminsə qarğışında, bədəməl birinin yazdığı qara duada görməyəcək, qara pişiklə əlaqələndirməyəcək. Siyasətdə olmaq problemin kökünü bilmək kimi, onun həlli üçün də çalışmaq deməkdir. Buna görə də mən Ilham Əliyevin narahatlığını anlayıram, Rüstəm müəlliminkini isə yox.