İki gün əvvəl ölkə başçısını kəskin tənqid edən bir din xadiminin həbs olunduğunu eşidəndə, məşhur Türk düşüncə adamı Cəmil Meriçin “ziyalı kimdir?” sualı üzərində yazdığı bir məqaləni xatırladım.
“Aydın ələ-ovuca sığmayan bir məfhumdur. Tərifi ölkədən-ölkəyə, çağdan-çağa dəyişmiş. Sonunda tək kəlməyə həbs edilmiş məfhum: intellektual… Azad düşüncə olmayan yerdə intellektuallıq da yoxdur. Avropa Deskartesdən sonra ağlın və idrakın dünyəvi dəyər olduğunu anladı. Intellektual – düşüncə dünyasını hər gün yeni başdan yarada biləcəyinə inanandır. Harda o qəhrəman?”
Həqiqətən, o qəhrəman hardadır? Harda 18-ci illərin, 37-ci illərin bayraq aydınları? Sovet dövrü o yana qalsın. Azərbaycanın son 15-20 illik müstəqillik tarixində rejimə müxalif fikrinə görə məhkum edilənlər arasında nə bir yazıçı, nə bir alim, nə bir həkim, nə bir müəllim, nə də bir sənətçi olub… Bilmirəm, buna kədərlənmək lazımdır, yoxsa sevinmək. Amma məni kədərləndirən məqam odur ki, bu hardasa “azadlıqdan məhrum olanları mühakimə etməyə ehtiyac yoxdur” anlamına gəlir. Axı bu zaman kəsiyində azad sözə görə həbsə atılan onlarla ləyaqətli insanımızın adını çəkə bilərik.
Bu gün Azərbaycanda mövcud “ziyalı təbəqəsi” az qala, tam heyətdə rejimin xidmətçisinə çevrilib. Faciə olsa da, indi rəhbəri mədh etmək bu təbəqənin ən sevimli məşğuliyyətidir. Bu “ekstaz” bəzən onları “əbədi hakimi” peyğəmbərləşdirmək, hətta ilahiləşdirmək dərəcəsinə qədər coşdurur. Nostradamusun “xəbərləri”nə improvizə edib, ondan əbədi krallıq üçün mədhiyyələr hazırlayanlar da var. Hazırkı rejimdə bu sanki “hüquq norması” kimi qəbul edilir. Ona görə də, bu qapalı dairədə tənqidə, əks fikrə, fərqli düşüncəyə yer yoxdur. Hərçənd, belə müstəqil düşüncəli insanların sayı çox olsaydı, vəziyyət başqa cür ola bilərdi…
Yuxarıda bəhs etdiyim məqalənin müəllifi sıra ilə müxtəlif ölkə təcrübələrində ziyalıya verilən təriflərin üzərində dayanır. Nəticədə, bir çox nəzəriyyəçilərin və ensiklopediyaların “kəkələdiyi” tərifləri kənara ataraq bəyan edir ki, azad fikir olmadan, nə hökmləri düşüncə və elmə dayananlar, nə yaradıcı istedadı ilə önə çıxanlar, nə bir rahibin keyfiyyətlərinə sahib olanlar, nə bilgisi ilə topluma xidmət edənlər, nə də ən ali diplom sahibi olanlar intellektual adına iddia edə bilməzlər.
Bəs biz Azərbaycan cəmiyyəti üçün ziyalılığın tərifini necə verə bilərik?
“Savadlı olmaq, alim, sənətkar olmaq hələ ziyalı olmaq demək deyil… Bu gün bizim bəzi professorlar, hətta akademiklər, böyük vəzifə sahibləri özlərini ziyalı adlandıra bilməzlər. Ona görə ki, onlar alverçi, möhtəkir, dəllal psixologiyasına məruz qalmış adamlardır…” (Lalə Şövkət)
“Azərbaycan ziyalısı ələ baxmağı öyrənib, qorxaqdır… Qorxaq adam isə yaltaq olur. Azərbaycan ziyalısı əslində, qorxaq olduğundan yaltaq olur. Yaltaq adam isə sonda əclaf olmalıdır. Bir ölkədə bir kişini çörək imtahanına çəkərsənsə, ondan heç vaxt ziyalı çıxmaz. Və onun sözünü də heç kim eşitməz. Bu mənada bizim ziyalılarımız pis gündədir. Bütün hallarda qayıdıb bu prosesə qoşulmağı, haqlının yanında durmağı dəstəkləyirəm. Nə yaxşı ki, Azərbaycan ziyalısının içərisində vicdan deyilən şey hələ sona qədər məhv olmayıb…” (Rüstəm Behrudi)
Zaman həqiqətən işıq sürətilə irəliləyir. Dünya düzənində hər gün böyük dəyişikliklər baş verir ki, bu yaradıcılıqda ən böyük rol intellektual kəsimə məxsusdur. Amma bizdə eyni ada iddia edən şəxslər bütün bunların heç fərqində deyil. Cəmil Meriç “aydın” anlayışını tək kəlməyə – “intellektual” sözünə həbs edilmiş məfhum adlandırır. Azərbaycan reallığından baxsaq, sizcə, bu, “tək kəlməyə – ”nəfsi”nə həbs edilmis məfhum” kimi oxunmurmu?
Nəfsinə həbs edilmiş “intellektual”…
•