Mıxı mismara çevirən Allah

Hakimiyyətin “uzaqvuran” toplarından biri, “Azərbaycan” qəzeti rus mərmisini ABŞ-a tullayan gün Barak Obama Azərbaycana səfir təyin etdi; üstündən bir həftə keçməmiş rəsmi dövlət siyasətinin aparıcı informasiya cəbbəxanasına daxil olan “AzərTAc” lüləsini ABŞ-a çevirib növbəti mərmini atan ərəfədə isə Barak Obamanın Ilham Əliyevi Yeni Il münasibətilə təbrik edən məktubu yayıldı.
ABŞ bir daha rus mərmilərinin çox köhnəldiyini və hədəfi vurmaq əvəzinə lülədəcə partladığını nümayiş etdirir. Bu ləngərli siyasətin fonunda “lülənin təpəsindən çıxan” tüstünü bunca gözgörəsi nümayiş etdirmək isə yaxşı iş deyil və deyəsən, hakimiyyətin ideoloqları bunun fərqinə varıblar. Və son repressiyaların səbəbi də budur.
Diqqət edirsinizsə, siyasi repressiya dalğası bu dəfə bütünlüklə “islam”çıları udmaqdadır. Həbs olunanların böyük əksəriyyəti “polisə müqavimət” maddəsiylə saxlanılır. Niyə? Bu mömünlərə noolub görəsən? Niyə Bakıda, Sumqayıtda, Gəncədə eyni gündə, eyni saatda saxlanılan mömünlər hamısı birdən-birə polisə müqavimət göstərəsi oldular?
Təbii ki, cəfəng iddialardır – adamları siyahı üzrə evdən çıxarırlar, sonra da “polisə müqavimət” göstərdiyinə görə həbs edirlər. Evində oturmuşdu da, polisin vətəndaşın evində nə işi var ki, hələ “müqavimət”lə də qarşılaşa?!
Bu həbslər Azərbaycan hakimiyyətinin xarici siyasətə yönəli addımlarından başqa bir şey deyil. Sivil dünyaya göstərmək istəyirlər ki, biz olmasaq, Azərbaycanda molla rejimi qurular, islamçılar hakimiyyətə gələr, təxribatlar törədilər. Avropa və Amerikanın zəif yerindən – islamafobiyadan istifadə etməyə girişən ölkə iqtidarı günahsız insanları içəri doldurmağa başlayıb. Hakimiyyət laxlayan kürsülərini döşəməyə bərkitmək üçün sonuncu mıxlardan – “islam”çılardan istifadə edir. Amma unudur ki, mıxı mismara çevirən Allah var!

Hakimiyyət “xuliqanlığ”ı?

Bu arada “islamçılar”ın gözünə Nemət Pənahlını da qatdılar. Guya adam yanvarın 7-də dostuyla birlikdə “xuliqanlıq” edibmiş və növbəti vüsalhəsənovlardan birinin “102″ xidmətinə zəngi onun həbsinə əsasmış!
Ənənəvi primitiv ssenari! Lap tutaq ki, adam kiməsə qarşı “xuliqanlıq” edib. Necə olur ki, 7-də “xuliqanlıq” edən Nemət Pənahlı bircə gün sonra həbs olunur, amma 10 gündür Ağdam rayon icra başçısının oğlu bir neçə dostuyla polis mayorunu ölümünə döyür, DIN və Prokurorluq özlərinə zəhmət verib heç cinayət işi də açmırlar, yalnız “araşdırma aparmaqla” məşğuldurlar?!
Bu bir daha təsdiqləyir ki, hakimiyyət “xuliqanlığ”ı siyasi həbsləri əsaslandırma vasitəsi kimi istifadə edir. Daha doğrusu, hazırda Heydər Əliyevi qoruyan maddəni Cinayət Məcəlləsində “xuliqanlıq” əvəz edir. Çünki Nemət Pənahlının məlum müsahibəsinə görə həbs olunduğu şübhəsizdir. “Azadlıq aşiqi”nin qəzetin bir neçə sayında işıq üzü görən silsilə açıqlamaları Heydər Əliyevin əleyhinə çoxsaylı ittihamlarla zəngindir. 2008-ci ilin yanvar ayında Prezident Aparatından göndərilən rəsmi məktubla nəşriyyatlara Heydər Əliyevlə bağlı hər hansı yazını çap etməyi qadağan edən hakimiyyət heç bir halda “ümummilli lider”in tənqidinə dözməyəcəyini növbəti dəfə göstərdi.
Nəzərə alsaq ki, Nemət Pənahlı ittihamlarını Heydər Əliyevlə etdiyi söhbətlərin canlı iştirakçısı kimi gündəmə gətirmişdi, onda “xuliqanlığı”nın “ağır”lıq səviyyəsini təsəvvür etmək mümkündür.