İmişlidən Bakıya şikayətçi yürüşü

Öz halal torpaqlarına sahib ola bilməyən rayon sakinləri Prezident Adminstrasiyasına  gəldilər

 

“2010-cu ilin iyul ayında Araz çayının öz məcrasından çıxması ilə ələqədar bizim pay torpaqlarımızı verdilər suyun qabağına. Əkdiyimiz məhsul batdı. 8 ay ərzində  İmişli rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayevin, onun müavinlərinin hamısının yanında dəfələrlə olduq. Deyiblər ki, biz o problemi həll edə bilmərik, gedin yuxarılara şikayət edin”.
Bunu yanvarın 11-də Prezident Adminstrasiyasının qarşısına yığışan İmişli rayonun Çaxırlı və Mərzili kəndinin sakinləri deyir.
Kəndlərin 30-dan çox sakini qışın bu soyuq vaxtında yığışıb İmişlidən Bakıya gəliblər ki, bəlkə onların dərdlərinə Prezident Adminstrayasından bir çarə tapıldı.
Onların nümayəndələri Adminstrasiyanın qəbul otağına keçmişdilər, digərləri isə yağışın altında dayanıb dərdlərini bizə danışırdılar…

Borc içində üzən kəndlilər

İmişlililər özləri ilə 192 nəfərin aktını gətiriblər. Onlar deyir ki, Çaxırlıda 300 hektar əkin sahəsini su yuyub aparıb. Burada 600-dən çox adamın pay torpağı var imiş. Daşqın kəndlilərin torpaqları ilə birlikdə, onların tonlarla çuğundurunu, taxılını, yonca və digər məhsullarını əllərindən alıb.
Indi onların həmin ərazilərdə əkinçiliklə məşğul olmasına icazə vermirlər. Onlara dəyən ziyana görə isə kəndlilərə bir qəpik də olsun kompensasiya ödənilməyib. Nə Imişli Rayon Icra Hakimiyyəti, nə Fövqəladə Hallar Nazirliyi, nə də digər qurumlar onların vəziyyəti ilə maraqlanıb.
“Bizim vəziyyətimiz çox acınacaqlıdır. Hökumətdən tələb edirik ki, bizim haqlarımızı təmin etsin. Burdan ombudsmana müraciət edirik. Biz artıq 9 aydır ki, borcla dolanırıq. Borc yiyələri hər gün qapımıza gəlir. Biz ölkə başçısına müraciət edirik. Onun xəbəri yoxdur bəlkə də… Bizə çatacaq dövlət yardımlarını almaq, pozulan hüquqlarımızı bərpa etmək üçün bura gəlmişik” – zərərçəkmişlərdən Nəcəf Abıyev belə deyir.
Kəndlilərin torpaqları boş qalıb, özləri isə borc-xərc içində üzürlər. Kəndlilər deyir ki, onlara düşən kompensasiyanı heç istəmirlər, təki torpaqlarını qaytarsınlar. Onlar da əkin-biçinlə məşğul olub ailələrini dolandırsınlar.
Çaxırlıdan olan ikinci qrup Qarabağ əlili Imanov Gündüz: “4 hektar yerdə taxıl, yonca, çuğundur əkmişdim. May ayında Arazın qolunu açdılar. Su gəlib əkin sahələrimizi basdı. 200 manat pensiya alıram. Bu pulla 5 baş ailəni necə saxlayım. Oğurluq edim?”.
“Camaat ikinci taxılı əkib, bizsə çıxılmaz vəziyyətdə qalmışıq. Ona görə gəlmişik görək prezident nə deyir? Bundan başqa, gedəcək yerimiz yoxdur” – bunu isə başqa bir şikayətçi deyir.
“Imişli rayonu aran yerdir. Burdan Xınalığa qaz çəkiblər, Imişlidə qaz yoxdur. Odun yox, meşə yox. Icra başçısının qəbuluna düşmək heç mümkün deyil. Müavinlər bizi qəbul edir. Onların da nə vecinədir ki?” – bunu isə kəndin ağsaqqallarından olan Əmir kişi deyir.
Kəndlilər deyir ki, onların torpaqları indi əkinə tam yararlı vəziyyətdədir. Icazə vermirlər əkməyə. Deyirlər, o ərazidən Araz keçəcək.

“Qayıdın rayona, probleminizi həll edək”

Bir neçə saat gözlədikdən sonra sakinləri Administrasiyanın Aran bölgəsi üzrə kuratoru qəbul etdi. O, Imişlinin icra başçısı ilə əlaqə saxladı. Icra başçısına tapşırdı ki, sakinlərin problemini həll etsin. Icra başçısı da sakinlər rayona qayıdan kimi onların problemləri ilə məşğul olacağını söz verdi.
Imişlinin Çaxırlı və Məzrəli kənd sakinləri böyük ümidlə rayona qayıtdılar.

Elmin