İbrahim İbrahimli: “Azərbaycan-Türkiyə münasibətlərinin səmimi olmadığı zaman-zaman üzə çıxıb”
Bir müddət əvvəl Türkiyə ilə İsrail arasında baş verən səfir qalmaqalı yəqin ki, yaddan çıxmayıb. O zaman Türkiyənin İsraildəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyində hörmətsiz qarşılanaraq, nazirdən aşağı bir kürsüdə oturdulmuşdu. Bu da medianın diqqətini cəlb etmiş və iki ölkə arasında ciddi qalmaqala səbəb olmuşdu.
Lakin demə, Azərbaycanda da Türkiyə qarşı bu cür hörmətsiz tədbirlər planlaşdırlırmış. Parlamentin keçmiş deputatı və məşhur tarixçi alim Cəmil Həsənlinin mətbuata son açıqlaması bundan xəbər verir.
Cəmil Həsənli 2009-cu ilin may ayının 14-də Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın Azərbaycan parlamentində çıxışı zamanı ona və nümayəndə heyətinə hörmətsizlik edildiyini deyib. Belə ki, hakimiyyətə yaxın sayılan deputatların bir hissəsi baş nazir parlamentə daxil olanda və çıxış üçün ona söz veriləndə hətta ayağa belə qalxmayıb. Parlamentə gələn yüksək səviyyəli qonaqları müşayət edən heyət bir qayda olaraq zalda deputatlarla bir yerdə oturdulduqları halda, Türkiyə heyəti arxada oturdulub. Cəmil Həsənlinin sözlərinə görə, bundan əvvəl də parlamentdə anti-Türkiyə kampaniyası təçkil olunub, hətta bəzi deputatlar ona yaxınlaşaraq Türkiyə əleyhinə çıxış etməklə bağlı “yuxarıdan” göstəriş aldıqlarını etiraf ediblər.
Keçmiş millət vəkili onu da deyib ki, Türkiyə ilə münasibətlərin pisləşməsinə səbəb rəsmi təqdimatdakı kimi Ermənistanla sərhədlərin açılması məsələsi olmayıb. Hakimiyyət Rusiyanın Qafqaza qayıtdığını zənn edərək Türkiyəyə qarşı hərəkətə keçib.
Xatırladaq ki, Azərbaycan iqtidarının Türkiyəyə mənfi münasibəti «WikiLeaks» saytının açıqladığı məşhur yazışmalarda da öz əksini tapmışdı. O zaman rəsmi Bakı İlham Əliyevin Amerikalı diplomatla söhbətində Ərdoğan hökuməti haqda dediklərini dandı və «WikiLeaks»i təkzib etdi. Lakin Cəmil Həsənlinin açıqlamaları Əliyev hökumıtinin Ankaraya hansı münasibət bəslədiyini təsdiqləyir.
Bəs Azərbaycan iqtidarı qardaş ölkə ilə münasibətləri korlamaqda hansı maraqları güdür?
Keçmiş Musavat funksioneri İbrahim İbrahimli deyir ki, 1993-ci ildən bəri zaman-zaman Azərbaycan-Türkiyə münasibətlərinin səmimi olmadığı üzə çıxıb. Heydər Əliyevlə Süleyman Dəmirəl arasında qurulmuş münasibətlər isə xalqlar arasında qurulan münasibət olmayıb: «Heydər Əliyevin hakimiyyətə gətirilməsində Suleyman Dəmirəlin rolu olub. Bundan sonra bu iki şəxsin münasibətləri Türkiyə-Azərbaycan münasibətlərinin mahiyyətini tamamilə açıb ortaya qoyur».
İ.İbrahimlinin sözlərinə görə, şəxsi münasibətlər zəminində qurulan bu siyasət İlham Əliyev dövründə də davam etdirilib: «Şəxsi əlaqələr üzərində qurulan münasibətlər dövlətlərin milli maraqları baxımından zaman-zaman çat verməli idi və bu proses başladı. «WikiLeaks» saytında göstərildiyi kimi, İlham Əliyev Qərb diplomatları ilə söhbətlərində Türkiyənin bu bölgədə aparıcı mövqeyə sahib olmasını, ciddi siyasi, iqtisadi, enerji mərkəzinə çevrilməsini istəmədiyini açıq şəkildə ortaya qoyub. Bu münasibət açıq şəkildə ortaya qoyulandan sonra Türkiyə ilə Azərbaycan əlaqələrində fərdlərarası münasibətlərin ölkələrarası münasibətlərə keçməsi prosesi qeyri-səmimi görünəcək. İstər Ərdoğan, Abdulla Gül böyük nümayəndə heyəti ilə Azərbaycana dəvət olunsun, istərsə də İlham Əliyev Türkiyəyə getsin. Artıq həqiqət ortalıqdadır. Burda əlavə bəhanələrə, əlavə faktlara ehtiyac duyulmur və görülmür».
İ.İbrahimli Türkiyə ilə Azərbaycan arasında münasibətlərin çox kəskin və kritik həddə olduğunu deyir. Çünki Azərbaycan iqtidarı Türkiyə ilə münasibətdə özünün şəxsi maraqlarını dövlət maraqlarından üstün tutur. Türkiyəyə münasibətdə qeyri-səmimiliyin, qeyri-şəffaflığın ortalıqda olması isə acı nəticələrə səbəb olur. Bu isə ortalığa daha ciddi problemlər çıxaracaq.
İ.İbrahimlinin sözlərinə görə, yeganə çıxış yolu Azərbaycanın milli maraqlarına xidmət edən rejimin hakimiyyətə gəlməsindədir. Yalnız bundan sonra Türkiyə ilə Azərbaycanın münasibətləri normallaşa, iki ölkə arasında strateji əməkdaşlıq daha ciddi əsaslara söykənə bilər.
Fizzə