Hakimiyyət Fətullayevin pulunu vermək istəmir

Avropa Məhkəməsinin təcrübəsində Azərbaycan kimi hal olmayıb

 

Leyla Yunus: «Eynulla Fətullayevin işi göstərdi ki, Azərbaycan nə Avropa dəyərlərinə, nə də üzərinə götürdüyü öhdəliklərə hörmət edir»

Azərbaycan hakimiyyətinin beynəlxalq aləmlə açıq qarşıdurmaya getdiyi tanınmış jurnalist Eynulla Fətullayevə qarşı davranışlardan da hiss olunur. Belə ki, Avropa Insan Hüquqları Məhkəməsi öncə jurnalistin dərhal azadlığa buraxılmasını tələb etsə də, hakimiyyət öz “ənənəsinə” sadiq qalaraq narkotik oyunu ilə həbs müddətini bir qədər də uzatdı. Indi isə Azərbaycan hakimiyyəti Avropa Insan Hüquqları Məhkəməsinin həbsdə olan jurnalistin ailəsi üçün müəyyən olunmuş 28 min avro həcmində kompensasiyanı ödəmək niyyətində deyil. Belə ki, vəsait məhkəmənin qərarından sonra üç aydan gec olmayaraq ödənilməli idi. Lakin vəsait indiyədək köçürülməyib. Ombudsmanın məlumatına görə, pul E.Fətullayevin öz hesabına köçürülüb. Jurnalistin atası Emin Fətullayev güman edir ki, hakimiyyət bilərəkdən pulu bağlı hesaba köçürüb ki, sonradan müsadirə barədə məhkəmə qərarına əsaslanaraq onu dövlətin xeyrinə götürsün.
Hüquq müdafiəçisi Leyla Yunusun fikrincə, Azərbaycan hakimiyyətinin istər E.Fətullayevlə, istərsə də başqa məsələlərdə davranışı bir daha sübut edir ki, iqtidar beynəlxalq ictimai rəyə hörmət etmir: “Hər ötən il Azərbaycan hakimiyyətinin davranışları bir qədər də kobudlaşır. Bu tendensiyanın nə zaman bitəcəyi ilə bağlı bir fikir yoxdur. Əslində Avropa Məhkəməsi, Avropa Şurası hakimiyyəti cəzalandıra bilməz. Çünki bu qurumların təcrübəsində Azərbaycan kimi hal olmayıb. Onların fəaliyyəti qarşılıqlı hörmətə əsaslanır. Onlar üzv dövlətlərə hörmət etdikləri kimi, onlardan da eyni münasibəti gözləyirlər”.
Azərbaycanın isə nə Avropa dəyərlərinə, nə də üzərinə götürdüyü öhdəliklərə hörmət etdiyini deyən L.Yunus vurğuladı ki, məhz yürüdülən bu siyasətin nəticəsində ölkənin beynəlxalq imicinə ciddi ziyan dəyir. “Yalnız Azərbaycan, Ermənistan və Rusiya Avropa qarşısında götürdüyü öhdəliklərə etinasız yanaşır. Bu ölkələrdə qanunlar işləmir”, deyə L.Yunus vurğuladı.

Xəyal