Ağıl dərsi, Mübariz Əhmədoğlu və hava proqnozu

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bəyan edir ki, Ermənistan çox atılıb düşməsin, ağıla gəlsinlər və işğaldakı  torpaqları boşaltsınlar.
Milli Məclisin digər vitse-spikeri Bahar Muradova da qəzetlərə deyir ki, ermənilər bilsinlər ki, döyüşü udublar, müharibəni yox. Ağıllarını başına yığıb torpaqları geri versinlər, yoxsa müharibəyə əl atarıq.
O Milli Məclisin Zahid Oruc adlı üzvü də Ermənistanı ağıllı olmağa çağırır.
Bir ara Dünya Azərbaycanlıları Konqresinin həmsədri, primadonna Ilhamə Quliyeva da erməniləri ağıla dəvət edirdi.
Bu iki xanım və iki bəy əfəndi ermənilərə ağıl verməyində olsun, sizə Siyasi Innovasiya və Texnologiya Mərkəzinin (SITM) sədri Mübariz Əhmədoğludan danışım.
O Mübariz Əhmədoğlu ki, illərdir Ermənistana hədə-qorxu gəlir.
O Mübariz Əhmədoğlu ki, müharibəni 6 günə bitirmə planının müəllifidir.
Mübarizin qrant problemi olmadığı kefinin köklüyündən, sifət cizgilərindən, mimikasından bəlli olur.
Və “loqoreyya” məfhumundan da tam bixəbər olduğu ortadadır.
Adam o yekəlikdə proqnozlar külliyyatı yaratmaq əvəzinə, zəhmət çəkib insan psixologiyası və ya psixiatriya elmindən bir-iki vərəq oxusaydı, bəlkə də verdiyi proqnozlardan bircəciyi ironiya ilə qarşılanmazdı.
Postsovet müsəlmanlarında qaydadır, cib ki, 5-10 manat üzü gördü, adam özünü əvvəl yekə görməyə başlayır və sonra kəndini müdrik ampluasında hiss edir.
Mübariz Əhmədoğlunun başı yalnız ideya istehsalı ilə məşğuldur.
Kişinin oğlu elə ideyalara imza atır, dövriyyəyə elə proqnozlar buraxır ki, qabiliyyətinə söyləniləcək “molodes” ağızdan dərhal çıxır…
Deyir, bir gün padşah vəziri də yanına salıb əyalət rayonların birinə səfər edir. Yolda havanın üzünü bulud alır, göy guruldayır. Padşah səfəri təxirə salmaq istəyir, bir xeyli fikirləşəndən sonra yolun kənarında eşşəyin üstündəki çobanı vəzirə göstərib deyir, öyrən gör, hava necə olacaq. Vəzir padşahın sözlərini çobana çatdırır. Çoban eşşəkdən düşür, mindiyinin quyruğunu qaldırıb baxır və vəzirə qayıdır ki, günəşli hava olacaq.
Vəzir çobanın fikrini padşaha çatdırır və yollarına davam edirlər. Mənzilə yetişməyə az qalmış, elə bir leysan başlayır ki, padşahla vəzir başını soxmağa bir koma da tapa bilmir. Padşah vəzirə tərs-tərs baxır:
– Bəs deyirdin, gün çıxacaq…
– Şah sağ olsun, bir məmləkətdə ki, metroloq çoban, barometr eşşəyin quyruğunun altı ola, bu vəziyyətə də şükr etmək lazımdır.
20 ildir Azərbaycan torpaqlarının 20 faizi erməni işğalındadır.
Bu 20 ilin 18 ilini iqtidarda olan YAP beş qarış torpaq geri ala bilmir.
17 ildir Əliyevlər ermənilərlə sülh danışıqları aparır.
17 ildir Milli Məclisdən ermənilərin ünvanına hədə-qorxu səslənir.
Rejimin ömrü uzandıqca, torpaqların işğaldan azad edilməsi tədricən arxa plana keçir.
Nədən ki, müharibə korrupsiya və rüşvətlə tərs mütənasibdir.
Bir forumda erməni millətçilərin ad günlərini Şuşada qeyd etməsinin ənənəyə çevrildiyini oxudum. Oxudum və qürurum əskildi.
Biz “Şuşa” restoranında, ermənilər Şuşanın özündə ad günü qeyd edir…
Azərbaycan Silahlı Qüvvələrinin komandanı, general-polkovnik Səfər Əbiyev hər zaman izhar edir ki, ermənilər xoşluqla torpaqları verməzsə, müharibə edəcəyik.
Səfər Əbiyev həm də “əbədiyaşar prezident” söz birləşməsinin ilk müəllifidir.
Mübariz Əhmədoğlu isə müharibəni 6 günə bitirmə planının müəllifidir.
Eşşəyin üstündəki o çobanın hava haqqındakı proqnozunu yadınıza salın…