«Hakimiyyətin dini opponent yaratmaq cəhdi istər iqtidar, istərsə də dövlət üçün təhlükəlidir»
Eldar Namazov: «Bu gün İslamla oynayan şəxslər sabah özləri İslamın oyuncağına çevrilə bilərlər»
Son zamanlar hakimiyyətin dini zəmində atdığı addımlar bir sıra suallar doğurmamış deyil. Belə ki, iqtidarın dünyada baş verən proseslərin fonunda bu tip addımlar atması bir qədər qəribə də görünə bilər. Çünki Azərbaycan iqtisadiyyatında qarşıdakı illərdə ciddi problemlərin yaşanacağı, sosial narazılığın daha da artacağının bəyan olunduğu bir zamanda hakimiyyət dini kəsimlə, cəmiyyətlə qarşıdurmanı dərinləşdirir. Ümumiyyətlə, növbəti illərin I.Əliyev hakimiyyəti üçün bir sınaq olacağını vurğulayırlar.
Amma siyasi ekspertlərin fikrincə, əgər hakimiyyət cəmiyyətdəki inanclı insanların qıcığına səbəb ola biləcək addımları bir tərəfdən Qərbdən demokratiya ilə bağlı təzyiqləri neytrallaşdırmaq üçün atırsa, başqa məqsədlər də olmamış deyil. Onlardan biri hakimiyyətin siyasətindən narazı olan şəxslərlə haqq-hesab çəkmək niyyətidir. Çünki iqtidar vaxtaşırı olaraq siyasi kəsimi, medianı, 3-cü sektoru təzyiqlərə məruz qoyduğu kimi, bu dəfə eyni eksperimenti inanclı şəxslərlə həyata keçirmək istəyir.
Politoloq Eldar Namazovun fikrincə, Azərbaycanda dinlə bağlı elə bir problem yoxdur. Qabardılan məsələ isə dini yox, sırf siyasi problemdir. E.Namazovun sözlərinə görə, cəmiyyətdə sosial, siyasi narazılığın atdığı bir zamanda vətəndaşların öz maraqlarını ifadə etməyə imkan tapa bilməməsi bu cür nəticələr yaradır: “Insanlar öz sosial problemlərini məhkəmələr, siyasi problemlərini seçki yolu ilə reallaşdıra bilməyəndə toplumda emosiyalar aşıb-daşır. Əlbəttə, başqa dövlətlərin təcrübəsi göstərir ki, hakimiyyət sivil, dünyəvi müxalifəti sıradan çıxardığı bir zamanda onun yerini, yaranan boşluğu radikal dini qüvvələr tutur. Azərbaycanda isə durum bir qədər fərqlidir. Ölkəmizdə sivil müxalifətin sıxışdırılmasını dini qüvvələr tutsa da, onların etirazları sosial və siyasi xarakter daşıyır. Əslində hakimiyyətin bu tendensiyanın qarşısına hansısa qadağalar qoyması, onlara qarşı zorakılığa yol verməsi çıxış yolu deyil”.
Cəmiyyətdəki inanclı insanlarla bu cür davranmağın ciddi nəticələr doğura biləcəyini deyən E.Namazov vurğuladı ki, zaman cəmiyyətdəki sosial və siyasi problemlərin həllinin siyasi azadlıqların təminindən keçdiyini göstərir. Ümumiyyətlə, Islam kartından istifadənin hazırda məqsədyönlü xarakter daşıdığını vurğulayan politoloq bildirdi ki, ölkədə siyasi müxalifəti sıxışdırmaq, bununla hakimiyyətə dini opponent yaratmaq cəhdi istər iqtidar, istərsə də dövlət üçün təhlükəlidir. “Hakimiyyətin yürütdüyü bu proses asanlıqla nəzarətdən çıxa bilər. Yəni, bu gün Islamla oynayan şəxslər sabah özləri Islamın oyuncağına çevrilə bilərlər”, – deyə E.Namazov vurğuladı.
Xəyal