Mən parlamentə müraciət edirəm

Cəmiyyət etirazlarını ifadə etməkdə, hökumət isə şərləyib həbsə atmaqda israrlıdır

Yeni ictimai etiraz təşəbbüsləri varsa, deməli, yeni həbslər dalğası da başlanmalıdır. Həm də, ola bilər, budəfəki həbslər geniş ictimai rezonans doğurmasın: ötən həftənin son günlərində həyata keçirilmiş iki həbs böyük ehtimalla həm də bu məntiqlə həyata keçirilib.

***

Fəal ictimai müzakirələrdə Islam Partiyası xüsusi müsbət çalarları ilə diqqəti cəlb etmir. Bu partiyanın rəhbərləri 15 il əvvəl Iranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edilərək həbsə alınmışdılar. Sonra bu partiya uzun müddət özünə gələ bilmədi, onun rəhbərliyi “ictimai təşəbbüs mərkəzi kimi sıradan çıxdı” da demək olar. Dini hüquqların sıxışdırılmasına qarşı etiraz təşəbbüsləri, əsasən, Hacı Ilqarın rəhbərlik etdiyi DEVAMM adlı ictimai təşkilatın və bunun dışında amorf ictimai təsisatların üzərinə düşdü.
Əhli-sünnə passiv etiraza üstünlük verməklə yadda qaldı: bir neçə il əvvəl “Əbu-Bəkr” məscidində partladılan əl qumbarası bu sektorda ictimai etiraz təşəbbüslərini, sanki birdəfəlik partladıb yox etdi. Bunun ardınca məscidlərin bağlanması və ya onların statusu ilə bağlı inzibati şübhələr yaradıldı… Heç bir ciddi etiraz olmadı.
Və birdən-birə Islam Partiyası sədrinin “Facebook” sosial şəbəkəsində yayılan sərt etiraz bəyanatı bomba kimi partladı. Buna görə də partiya sədrinin başında hansısa çanağın partlayacağını gözləməmək sadəlövhlük olardı.

***

Amma bu vaxta qədər hökumətin dini hüquqları sıxışdırması ilə bağlı davamlı beynəlxalq reaksiyalar da gəlirdi. Azərbaycan dindarlarının birmənalı olaraq soyuq və şübhəli baxışlarla qəbul etdikləri ABŞ Dövlət Departamenti belə, dini hüquqların sıxışdırılmasını insan haqlarına təcavüz kimi dəyərləndirərək, öz hesabatlarına daxil etməkdə idi. Əslində, bunun başqa səbəbləri də ola bilərdi. Hələ ötən əsrin 90-cı illərindən başlayaraq bir sıra avtoritar liderlər Qərbə göstərmək istəyirdilər ki, onların ölkələrində demokratik islahatlar aparılsa, dini radikallıq baş qaldıra bilər. Bu eksperimentlərin başında Islam Kərimov dururdu. O zamanlar ABŞ-la sıx əməkdaşlıq edən Özbəkistan prezidenti inanclı kəsimi ictimai etiraz mərkəzi olaraq tamamilə sıradan çıxarmaq üçün (həmin zamanlarda Özbəkistanda, artıq siyasi müxalifət darmadağın edilmiş, müxalifət fəalları ya ölkədən qovulmuş, ya öldürülüb qurtarmış, ya da həbsxanalara atılmışdı) bəzi önləyici addımlar atırdı. Məsələn, dini etiraz donu geyindirilə biləcək aksiyalar təşkil edir, sonra da həmin aksiyaların nəticələrini aradan qaldırmaq üçün təsvir edilməz qəddarlıq nümunələri yaradırdı. Qərbdə bu qəddar addımları belə təqdim edirdilər ki, Kərimov Islam fundamentalistlərilə mübarizə aparır və ona yardım etmək lazımdır. O zamanlar Böyük Britaniyanın Özbəkistanda səfiri olan Qreyq Murrey bu hiyləgər siyasəti ifşa edən “Səmərqənddə qətl” adlı bir kitab yazdı. Buna görə də, onu “dövlətlərarası münasibətlərdə pozucu rol oynayan şəxs” kimi dəyərləndirib diplomatik fəaliyyətdən kənarlaşdırdılar. Amma həmin dövrlər arxada qaldı. Indi ABŞ və digər Qərb dövlətləri “Qreyq Murrey sindromu” ilə yenidən qarşılaşacaq siyasət yürütmək fikrində deyillər. Buna görədir ki, dini hüquqları sıxışdıran Islam ölkələri rəhbərliyinin mövqeləri təqdir olunmur.

***

Daxili ictimai-rəydə də bu cür həbsləri əsaslandıracaq kontingent yoxdur. Kimsə dindar və ya ateist ola bilər. Bunun saxta ittihamlarla həbslər tətbiq etməklə nə əlaqəsi var ki? Bu gün dindarı həbs etmək üçün saxta arqumentlər quraşdırılırsa, sabah həmin saxtakarlıq ateisti də həbs etmək üçün yararlı ola bilər. Ittihamın saxta olduğu isə şübhə doğurmur. Hətta Qafqaz Müsəlmanları Idarəsinin bu həbslə bağlı yaydığı bəyanat da sübut edir ki, Islam Partiyası sədrinin həbsi sırf siyasi motivlərlə bağlıdır. Şeyx Allahşükür Paşazadə Islam Partiyası sədrinin “polisə müqavimətini” yox, onun iqtidar əleyhinə çıxışını sərt şəkildə pisləyən bəyanat yaymaqla, əslində, həbsin məhz bu çıxışla bağlı olduğunu göstərib.

***

Nemət Pənahlı ilə bağlı məsələ də bu medalın o biri üzüdür. Nemət Pənahlının ictimai rəydə pozitivləri çox aşağıdır. Xüsusilə, parlament seçkisində onun hakimiyyətin təbliğat məqsədləri naminə istifadə edilməsi Nemət Pənahlının obrazını çox yıprandırdı. Amma Nemət Pənahlı teledebat zamanı Isa Qəmbərə qarşı danışdığına görə həbs edilməyib. O, rəsmi ittihamda deyildiyi kimi “xuliqanlıq” üstündə də həbs edilməyib. Azərbaycanda polisin və MTN-in işlək agentura şəbəkəsinə daxil olan adamların sayından bir neçə dəfə artıq “xuliqan” tapmaq olar: bir nəfər o biri nəfərin üzünə durur ki, bu adam məni döydü və ya təhqir etdi, vəssalam, iş hazırdır. Ekspert “tutarlı” bir kağız da imzalayacaq ki, üzə duran adam hansı dərəcəli xəsarətlər alıb.
Amma Nemət Pənahlı bir “xuliqan” olaraq kimsəni narahat etməzdi; əgər “Nota-bene” adlı qəzetə öz xatirələrini danışmasaydı. “Xuliqanlıq” bu xatirələrdədir. Həmin müsahibədə cənab Pənahlı 1993-cü ildə baş verən qiyamla bağlı bildiklərini danışır. Bu isə rəsmi ideologiyanın fetişləşdirdiyi saxta tarix parçasına “xuliqanlıqla müdaxilə” faktı kimi qiymətləndirilib.

***

Bu cür faktları, yumşaq desək, birmənalı olaraq “siyasi xuliqanlıq” kimi dəyərləndirmək lazımdır. Insanları şərləyib həbs etmək nəcib davranış deyil. Nanəcib hərəkətdir. Bunu dövlət adı ilə edirlərsə, beşqat nanəciblikdir. Üstəlik, həm də o deməkdir ki, hakimiyyətdə olanların nəzəri-siyasi arqumentləri tükənib, dövlət ideoloji böhran içindədir. Dövlət öz vətəndaşını şərləyirsə, o, dövlət olmaq və adlanmaq iddiasından düşür. Həm də, nəzərə almaq lazımdır ki, get-gedə bu ideoloji böhranın sübutedilmə anları əməlli-başlı tendensiya halını alacaq. Axı, ictimai etirazların ünvanı çoxalır. Azərbaycanda avtoritar mahiyyətli hakimiyyət var. Avtoritarizm nəinki, fərqi düşüncəli insanları, ümumən düşüncəli insanları heç sevməz. Avtoritarizm hətta rejimin ideoloji əsaslarının möhkəmləndirilməsi yönündə müstəqil düşüncəni də sevməz: hər bir təşəbbüs inzibati-siyasi elitadan gəlməli və icra edilməlidir. Amma Azərbaycan yeni ictimai narazılıq mərkəzlərini formalaşdırmağa başlayan ölkəyə çevrilir. Dini kəsimdə bu etirazlar səngiməyəcək; siyasi müxalifət yenidən toparlanmaqda və avtoritarizmi inkar edən insanları mərkəzləşdirməkdədir; ədəbi çevrələrdə modernist təfəkkür dayanmadan yeni əsərlər istehsal edir; özəl iqtisadiyyat sektorunda monopoliyalara qarşı nifrət ictimai psixologiya formalaşdırır; vertikal idarəçilik korrupsiya mənafelərinin başlıca təminatçısı kimi dövlət məmurlarını da iyrəndirməyə başlayır və s.

***

Hüquq-müdafiə təşkilatlarının hər iki faktla necə davranacaqları maraqlıdır. Ortalıqda qurama cinayət işləri var. Siyasi bəyanatlarına görə şərlənib həbs edilmiş adamlar var. Bu cür faktları öz adı ilə qiymətləndirməmək, sadəcə olaraq, kimlərinsə simpatiya səviyyəsinin ifadəsi ola bilməz. Hüquq müdafiəçilərinin bu cür faktların qarşısında susması cəmiyyəti yeni şərləmə dalğası ilə üzbəüz qoyar.
Nəhayət, parlamentə müraciət edirəm və bu müraciətin hər kəs tərəfindən imzalanmasına çağırıram: rəsmi ideologiyadan fərli düşüncənin daşıyıcılarının Azərbaycanda yaşamasını qadağan edən Qanun qəbul edilməlidir. Bu Qanun layihəsini hazırlamağı hüquqşünaslardan xahiş etmək olar.
Nədən, belə olmasın? Bu, başqa cür düşünən insanları şərləyib həbs etməkdən daha mərdanə və daha nəcib hərəkət deyilmi? Mən Azərbaycan dövlətinin nanəcib olmasını istəmirəm: hətta bu dövləti idarə edənlərdən xoşum gəlməsə belə…