Hakimiyyət daxilində ikitirəlik, yoxsa oyun?

«Prezident Administrasiyasının tapşırığı ilə yazan qəzetin fikrini YAP rəhbərliyi və XIN bölüşmür»

 

Son iki həftədə rəsmi mətbuatda, xüsusilə də “Azərbaycan” qəzetində antiAmerika təbliğatına start verilib. “Azərbaycan” imzası ilə dərc edilən və təhqir dolu ifadələrin yer aldığı məqalələrdən birinin müəllifliyini qəzetin baş redaktoru Bəxtiyar Sadıqov öz üzərinə götürüb. Eyni zamanda rəsmi dövlət informasiya agentliyi olan AzərTAc-ın baş direktoru Aslan Aslanov ABŞ Dövlət Departamentini və nüfuzlu beynəlxalq insan haqları təşkilatlarını kəskin ittiham edən məqalə yazıb. Ümumilikdə isə bu məqalə ötən ilin son günlərində “Azərbaycan” qəzetində ABŞ əleyhinə dərc olunmuş məqalədəki tezislərin təkrarıdır.
Hər iki qurumun hakimiyyətin icazəsi olmadan müstəqil şəkildə bir cümlə belə, yaza bilmədiyini nəzərə alaraq məqalələrin birbaşa Prezident Administrasiyasından gələn tapşırıq əsasında dərc edildiyini demək olar. Lakin maraqlıdır ki, YAP rəhbərliyində təmsil olunan şəxslər cəmiyyəti bunun əksinə inandırmağa çalışırlar. Partiyanın icra katibinin müavini Mübariz Qurbanlı “Mediaforum”a verdiyi açıqlamada ayrı-ayrı mətbuat orqanlarında dərc edilən məqalələrin rəsmi mövqe sayılmadığını deyib. M.Qurbanlı Azərbaycan dövləti və hökumətinin rəsmi mövqeyinin Xarici Işlər Nazirliyinin və prezidentin mətbuat xidmətinin yaydığı rəsmi sənədlərdə öz əksini tapdığını deyib. Eyni zamanda xarici işlər nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib ki, bu məqalələri Azərbaycanın ABŞ-la bağlı rəsmi mövqeyi kimi qəbul etmək olmaz.
Bu halda rəsmilərin mövqeyini necə qiymətləndirmək olar?
Hakimiyyətdə həqiqətən də ikitirəlik mövcuddur, yoxsa bu da fikrini açıq ifadə edə bilməyən iqtidarın növbəti oyunudur?

«Bunların bütün işi belə «demokratikdir»

Politoloq Zərdüşt Əlizadə hakimiyyət dairələrində özünəməxsus demokratiyanın mövcud olduğunu deyir: “Tam səmimi deyirlər. Həqiqətən də YAP-da, hakimiyyətdə özünəməxsus böyük demokratiya var. Məsələn, hamıya bəllidir ki, icra başçıları, polislər, prokurorlar, vergi müfəttişləri rüşvət alır. Ancaq bu, onların demokratik hüququdur. Hakimiyyət buna qarışmır. Hamı bilir ki, polisdə insanları döyüb işgəncə verirlər. Prezidentin, hakimiyyətin bununla işi yoxdur. Bu da demokratiyanın bir növüdür. Hakimlər rüşvətlə və ya sifarişlə hökm çıxarır. Lakin nə YAP-ın, nə də parlamentin bununla işi ola bilməz. Çünki demokratiyadır. Bunların bütün işi belə ”demokratikdir”. Odur ki, Mübariz Qurbanlının sözlərini səmimi qəbul edirəm”.
Politoloq Bəxtiyar Sadıqovun da məqalənin məsuliyyətinin öhdəliyini öz üzərinə götürməsini də “demokratiyanın” görsənişi kimi qiymətləndirdi: “Bəxtiyar Sadıqov bu gün Amerikanı söyər, sabah istəsə Rusiyanı söyər, sonra lap Ilham Əliyevi də söyə bilər. Bu, YAPsayağı ”demokratiyadır”.

“Bu tip fikirlər səsləndirməyə cəsarəti çatmayan rəsmilər bunu qəzetlər vasitəsilə həyata keçirir”

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə bu tip məqalələrin dərc edilməsini oyun adlandırdı. Bu tip fikirlər səsləndirməyə cəsarəti çatmayan rəsmilər bunu qəzetlər vasitəsilə həyata keçirir: “Hakimiyyətin Amerikanın ünvanına belə söz deməyə hünəri çatmaz. Bunu öz informasiya vasitələrinin əli ilə edir”.
M.Əliyev materialların birbaşa Prezident Administrasiyasından qaynaqlandığını vurğuladı: “Bu yazılar ”AzərTAc”nın direktoru, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun imzası ilə gedib. Əlbəttə, onlar birbaşa Ramiz Mehdiyevə tabedirlər. Bu qəzet və agentliyin ideoloji xəttini Prezident Administrasiyası, şəxsən Ramiz Mehdiyev müəyyənləşdirir. Ona görə onlar özbaşına bir addım da ata bilməzlər. Əgər bu onların öz mövqeyidirsə, onda istefaya getməlidirlər”.

Fizzə