Eynullanın təzminatı onun hesabına köçürülüb

Həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya müraciət edib.
Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Emin Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevlə bağlı çıxardığı qərar üzrə jurnalistə veriləsi təzminatı bu günədək ala bilmədiklərini, Beynəlxalq Bankda baş redaktorun atasının adına hesab açılsa da, ödənilməsi nəzərdə tutulan məbləğin bu hesaba köçürülmədiyini bildirib, bu məsələdə kömək göstərilməsini Ombudsmandan xahiş edib.
Müvəkkil Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova müraciət edərək, məsələni araşdırıb.
Məlum olub ki, 22 dekabr 2010-cu il tarixdə adı çəkilən təzminat mövcud qaydalara uyğun olaraq, Eynulla Fətullayevin işində göstərilən Beynəlxalq Bankdakı hesabına köçürülüb.