«WikiLeaks» qurucusunun İsveçə ekstradisiyası məsələsinə baxılacaq
ABŞ-ın hərbi və diplomatik sirlərini yaymaqla məşhurlaşan “WikiLeaks” saytının qurucusu Julian Assancın Isveçə ekstradisiya olunmasıyla bağlı müraciətə bu gün baxılacaq.
İsveç Assancı ötən il iki qadına təcavüz etməkdə ittiham edir və onun ekstradisiyasını tələb edir. Julian Assanc isə ona qarşı irəli sürülən ittihamlarla razılaşmır. Onun vəkilləri, eləcə də tərəfdarları Isveç dövlətinin ittihamlarının siyasi xarakter daşıdığını və “WikiLeaks”in yaydığı gizli dosyelərlə bağlı ortaya atıldığını bildirir.
Isveçin iddiaları əsasında Assancın Avropa daxilində tutulmasıyla bağlı qərar verildiyindən “WikiLeaks”in qurucusu ötən ay Londonda saxlanılıb. Təxminən bir həftə Londondakı “Wandsworth” həbsxanasında saxlanılan Assanc dekabrın 14-də məhkəmə qarşısına çıxarılmışdı. London məhkəməsi Assancın ibtidai araşdırmalar müddətində girov müqabilində azadlıqda olması barədə qərar çıxarsa da, Isveç tərəfi buna etiraz etmişdi. Lakin apelyasiya instansiyası da 240 min ingilis funtu müqabilində Assancın azadlığa buraxılması barədə qərarı qüvvədə saxladı.
Julian Assanc ötən il dekabrın 16-dan etibarən müstəqil media müdafiəçisi “Frontline” klubunun qurucusu Voqan Smitin malikanəsində yaşayır. Qaçmaması üçün ayaq biləyinə elektron qandal taxılan, bundan əlavə, hər gün polis məntəqəsinə gedərək yeri barədə məlumat verən Julian Assanc günün müəyyən saatlarında küçəyə çıxa bilmir.
“WikiLeaks”in qurucusu Julian Assanc daha öncə BBC-yə açıqlamasında Isveçə təhvil veriləcəyi halda, barəsindəki cinayət işinə obyektiv və ədalətli baxılacağından narahat olduğunu bildirmişdi.
İnformasiya şöbəsi